Ömürlük həbs almış “Qarabağ partizanı”nın ürək dağlayan hekayəti

7-03-2015, 09:43   
Ömürlük həbs almış “Qarabağ partizanı”nın ürək dağlayan hekayəti

Məmməd Məmmədovun anası 12 ildir oğlunun yolunu gözləyir; Təranə Məmmədova: “Dəstənin başçısına 9 il, oğluma ömürlük cəza... Ədalət budur?...”
“Qarabağ partizanı” kimi tanınan və 2004-cü ildə ömürlük həbsə məhkum edilən Məmməd Məmmədovun vəziyyəti ürəkaçan deyil. İndiyə qədər iki dəfə əməliyyat olunan gənc fəal, artıq üçüncü əməliyyatla üz-üzədir.

Ailənin yeganə övladı olan M.Məmmədovun anası Təranə Məmmədova 12 ildir tək-tənha yaşayır. Oğlunun azadlığa çıxacağı günü gözləyir. Artıq ananın ümidləri bitmək üzrədir. Bütün aidiyyəti orqanlara etdiyi müraciətlər cavabsız qalıb.


M.Məmmədovun yeganə “cinayət”i Qarabağda ermənilərə qarşı vuruşmaq üçün yaradılan “Qarabağ partizanları” qrupunun üzvü olması olub. Maraqlıdır ki, həbs edilən dəstə üzvlərinin hamısının üzərindən mütəşəkkil dəstə yaratmaq ittihamı götürülüb, hazırda hamısı azadlıqdadır - təkcə Məmmədovdan başqa...

“Qarabağ partizanı”nı yenidən yaddaşlara qaytarmaq üçün övlad həsrəti ilə qovurulan Təranə Məmmədova ilə söhbət etdik.

- Təranə xanım, Məmmədsiz 12 ili ana olaraq necə keçirdiniz?

- Çox çətindir. Bu müddətdə yalnız dörd divara baxmışam. Övladsız yaşamaq ağırdır. Özü də bilə-bilə ki, vəziyyəti çətindir. Hara baxırsan, gedirsən onun yoldaşlarını görürsən. İstər-istəməz pis olursan. Onun yaxşı yoldaşları var idi. Həmişə deyirdi ki, torpağa bağlıyam, mən də müharibəyə gedəcəyəm - vətəni qorumağa. Torpağı qorumaq üçün getdi və ömürlük cəza aldı.

- Məlum hadisələr olan o dövrü necə xatırlayırsınız?

- Oğlumun tutulan dövrünü çox pis xatırlayıram. Ağır günlər keçirmişəm. Həyəcanlı günlərim olub. Bu günə qədər ağlaya-ağlaya gəlmişəm.

- Məmmədə verilən ömürlük cəzaya münasibətiniz?

- Bu cəza ilə razılaşmıram. Onun özünün törətdiyi cinayətə görə, cəza verilməyib. Səbəbini bilmirəm. Hökumət yaxşı bilər. Heç bir siyasi fəaliyyətlə məşğul olmayıb. Tutulduğu vaxt özüm çox işlətmirdim. Əsgərliyə gedəcək deyə. Ağlıma gəlməzdi ki, Məmməd belə bir işə gedər. 20 yaşından əvvəl bir dəfə həbs olundu. Sərhədi keçdiyinə görə, tutulmuşdu. 5 aylıq istintaqdan sonra azadlığa çıxdı.

- Bildiyimiz qədər, Məmmədin yoldaşlarının hamısı azadlıqdadır. Yalnız o, həbsdə qalıb...

- Səbəbini özüm də bilmirəm. İçəridə yalnız Məmməd qalıb. İşinin ayrılması səbəbi də məlum deyil. Əgər bu dəstədirsə, necə bütün cinayət oğlumun üzərində qala bilər? Özü də dəstənin ən kiçik yaşlısı oğlum olub. Cinayət törətsə belə, demək dəstə ilə bir olub.



- Özü həbsdə qalmağına nə deyir?

- Azadlığa çıxacağına ümidi var. Deyir ki, inşallah, Qarabağ müharibəsi başlasa, birinci məni aparacaqlar. O günü gözlədiyini deyir. Yalnız belə olarsa, azad olunacağına ümid edir. Özü heç bir orqana müraciət etmir. Ona deyirlər ki, əfv üçün müraciət et. Əfv Komissiyasından dəfələrlə istəyiblər. Oğlum deyir ki, cinayət törətməmişəm, ona görə əfvə necə müraciət edim? Amma mənim müraciət etmədiyim yer qalmayıb. Prezidentə, Mehriban xanıma, deputatlara və bütün aidiyyəti insanlara müraciətlərim olub. Prokurorun qəbulunda olmuşam. O, mənə dedi ki, oğlun vəhhabilərə qoşulub. Döymədiyim qapı olmayıb. 12 ildə bir dəqiqə dayanmamışam. Elə olub ki, cavablar belə verilməyib.

- Həbsxanaya görüşə gedirsiniz?

- İki aydan bir gedirəm. Saxlanma şəraitinin pis olduğunu, işgəncələr verildiyini deyə bilmərəm. Səhhətində ciddi problemlər var. İki dəfə əməliyyat olunub. İndi üçüncüyə hazırlaşır. Təzə əməliyyat olunduğu vaxt onları incitmişdilər. Oğlumun əməliyyat yerinin üzərindən vurmuşdular. İndi o yerdə problem yaranıb.

- Məmməd əfv müraciəti etməsə də, verilən əfv sərəncamlarında nəyəsə ümid edirsiniz?

- 12 ildə o qədər müraciətlərim olub ki, artıq heç nəyə ümidim qalmayıb. Bundan sonra heç nə gözləmirəm. Avropa Məhkəməsinə qədər getdim. Nəticə olmadı. Qanunsuz silahlı birləşmə ittihamı tək Məmmədin üzərində qalıb. 22 nəfər olublar. 21-dən bu ittihamı götürüblər. Tək adamdan dəstə olar? Açıqlamırlar ki, oğlum yeddi ölümü haradan edib? 3 maddə üzrə ayrı-ayrılıqda Məmmədə ömürlük veriblər. Hansı ki, o maddələrə ömürlük iş yoxdur. Qəsdən adam öldürmədə 7 -12 il arası cəza var. Amma oğluma ömürlük veriblər. Heç bir əsas yoxdur. Atışmada oğlum qaça-qaça arxaya güllə atıb. Məhkəmədə vəkil sübut etdi ki, ölən adama dəyən güllə Məmmədin tapançasından çıxmayıb. Lap olsun belə. Təsadüfən atılan güllə ilə ömürlük düşər? Müstəntiqlər öz aralarında danışıqları zamanı bildiriblər ki, bunlar qanunsuz silahlı dəstə yaratdıqlarına görə məhkəməyə ömürlük qərar çıxarmaq üçün tapşırıq verilib - digərlərini qorxutmaq məqsədilə. Sadəcə məsələ ictimailəşdiyi üçün başqalarının üzərinə getmədilər. Məmmədə iş veriləndə cəmiyyət arasında onun barədə məlumat yox idi. Ona görə işini ayırıb ömürlük verdilər. Öyrənəndən sonra aydın oldu ki, bu cəza verilə bilməz. Uzağı 10 il düşürdü. Ana olaraq 15 ilə razı idim. Cavan ömrü məhv oldu. Bundan sonra nəyə lazımdır? Demirəm ki, oğlumun günahı yoxdur. 300 səhifəlik hökmdə bir dənə söz yoxdur ki, hökumətə qarşı yaradılıb. MTN-nin dinləməsində belə aşkar olunmayıb. Qərara alıblar ki, artıq Qarabağa keçirik. O zaman MTN onları həbs edib. MTN 7 ay izləyib. Qanunsuz silahlı dəstə yaratmaqla səhv ediblər. Amma yeganə məqsədləri ermənilərdən qisas almaq olub.



- Oğlunuzun belə addım atmağından peşmansınız? //musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar