Abbas Abbasovun Rusiyadan “qidalanan” karyerası... - “axı, niyə onu...”

7-03-2015, 09:48   
Abbas Abbasovun Rusiyadan “qidalanan” karyerası... - “axı, niyə onu...”
Pənah Hüseyn: “Onun Rusiyada siyasilər, yüksək vəzifəli rəsmilərlə özəl münasibətlərinin olması bizim hakimiyyət dönəmində də, ondan əvvəl və sonra da məlum bir məsələ idi”; Zahid Oruc: “Hamının güclü saydığı iqtisadi dayaqlar bəzən həm təsir, həm də zəif yerə çevrilə bilir”
Azərbaycan hakimiyyəti baş nazirin keçmiş birinci müavini, hazırda Rusiyada yaşayan Abbas Abbasovla əlaqələri birmənalı olaraq kəsib. Bununla bağlı qəzetimizin ötən sayında dərc olunmuş məqalədə deyilir ki, A.Abbasovun ölkə başçısı ilə görüş istəkləri rədd edilib.

A.Abbasov Dünya Güləş Federasiyasında “Güləşin dostları” təşkilatının rəhbəridir. İyun ayında Avropa Oyunlarının açılışında iştirak etməyə və hakimiyyətlə barışmağa çalışsa da, A.Abbasova deyilib ki, onun adı əvvəldən açılış mərasimində iştirak edəcək qonaqların siyahısına daxil edilməyib.

Qeyd edək ki, baş nazirin sabiq birinci müavininin oğlu da bir müddət əvvəl atasının məhz Bakıya Avropa Oyunlarında gələcəyinə ümidli olduğunu demişdi. A.Abbasovun özü isə hələ çox əvvəl “bir də tabutda” Bakıya qayıdacağını söyləyərək, “ona da əgər icazə versələr” əlavəsini etmişdi. Bundan başqa baş nazirin keçmiş müavininin “AzerRos”-da da işi yaxşı deyil və faktiki olaraq diaspor təşkilatından kənarlaşdırılıb. Qurumun faktiki rəhbəri Söyün Sadıqov isə Abbas Abbasovu təşkilatı bölməyə çalışmaqda ittiham edib. Sitat: “Abbasov vaxtı ilə Azərbaycanı tərk edib, indi isə bizləri burada - Rusiyada bölməyə çalışır. Keçmiş Azərbaycan məmurunun bizi idarə etməyə nə haqqı var? O kənara çəkilməlidir. Bizlər- Rusiya vətəndaşları isə azərbaycanlıların barışıq içində yaşamağa qadir olduqlarını sübut etməliyik”.

Qeyd edək ki, rəsmi Bakı A.Abbasovun Rusiya hakimiyyətindəki bəzi qrupların dəstəyi ilə siyasi müxalifət formalaşdırmaqda, həmçinin Bakıda siyasi fəaliyyətləri dəstəkləməkdə ittiham edərək onunla bağlarını qoparıb. 2013-cü il prezident seçkiləri ərəfəsində A.Abbasovun Rüstəm İbrahimbəyovu dəstəkləməsi, “Milyarderlər Klubu” kimi hakimiyyətə qarşı layihələrin içində olması Bakıda qəzəb doğurub. Ancaq maraqlı olan budur ki, A.Abbasov Azərbaycanda 90-cı illərin əvvəllərindən yüksək dövlət vəzifəsi tutur. Eyni zamanda, A.Abbasov həm də “Rusiyanın adamı”, Kremllə sıx əlaqələri olan kadr kimi tanınıb. O, artıq Azərbaycan əleyhinə, Rusiyanın sıradan bir agent-provokatoru kimi də fəaliyyət göstərməyi özünə rəva görür. Bəs, o zaman Azərbaycanın siyasi hakimiyyətləri hansı səbəbdən belə bir kadrla işləməyi özlərinə rəva görüblər?



Elçibəy hökumətinin baş naziri Pənah Hüseyn deyir ki, Abbas Abbasovun Rusiya ilə əlaqələri onların hökuməti zamanı da bəlli olub, ancaq onlar bu əlaqələrdən Azərbaycanın maraqları üçün istifadə etməyə çalışıblar: “Abbas Abbasovun Rusiyada siyasilər, yüksək vəzifəli dövlət rəsmiləri ilə özəl, yaxın münasibətlərinin olması bizim hakimiyyət dönəmində də, ondan əvvəl və sonra da məlum bir məsələ idi. O, özü də bunu heç vaxt gizlətməyib. Onun bu əlaqələrinin Azərbaycan dövləti üçün istifadə olunması istər bizim dövrümüzdə, istər əvvəlki və sonrakı dövrdə də karyerasının davam etməsində əhəmiyyətli rolu olub”.

Ancaq bu faktın özü həm də risk daşıyır. Çünki nəzərə almaq lazımdır ki, son 25 ildə Rusiya ilə münasibətlərimiz heç də hər zaman isti olmayıb. P.Hüseyn deyir ki, bu cür məmurların olması bir çox hallarda hakimiyyətlərin marağında olur: “Azərbaycan kimi ölkələrdə Rusiya, İran, ABŞ, Avropa ölkələri ilə əlaqəsi olan, yaxud da özünün beynəlxalq münasibətlərə baxışından irəli gələrək, bu və ya digər qütbə meylli siyasətçilərin olmasına mən təbii baxıram. Təbii ki, strateji olaraq Azərbaycanın dövlət maraq və mənafeləri əsasdır. Bu çərçivə daxilində bu və ya digər məmurun ictimai rəyə rusiyapərəst, amerikapərəst kimi tanınması məsələsi əhəmiyyətsiz deməzdim, amma həlledici deyildi”.

Ancaq konkret olaraq Abbas Abbasovun Rusiyanın adamı, hətta casusu olması, o ölkənin maraqlarına xidmət etməsi ilə bağlı iddialara gəldikdə, P.Hüseyn belə bir iddianın onların zamanında olmadığını deyir: “Məndə Abbas Abbasovun hansısa dövlətin casusu olması və ya hansısa dövlətin xeyrinə casusluq fəaliyyəti ilə məşğul olması ilə hər hansı məlumat olmayıb və indi də yoxdur”.



Deputat Zahid Oruc deyir ki, Abbas Abbasovun hökumətdə yüksək vəzifə tutması da, orda çalışması da, özünün dediyi kimi, bu hakimiyyətin keçmiş və indiki rəhbəri ilə bağlı olub: “Məhz elə Abbas Abbasovun sözlərinə istinad eləsək, onun ən mühüm vəzifə qərarları da indiki iqtidarların zamanında qəbul olunub. Buna görə də bu hakimiyyətə borclu olduğunu söyləyib və istefa qərarından sonra da bunu obrazlı və açıq mətnlə dilə gətirib. Buna görə də cəmiyyətdə də özünə qarşı müsbət bir mövqe əldə eləmişdi. Onun özünün etiraf etdiyinə görə, Özbəkistanda işlədiyi dönəmdə də Heydər Əliyevin ona köməyi dəyib. Abbasov da bu amillər səbəbindən iqtidara sədaqətlə xidmət edib. Amma biz 2013-cü ilə qədərki Abbas Abbasovla ondan sonrakı A.Abbasovun fəaliyyəti arasında bərabərlik işarəsi qoya bilmirik. Təəssüflər olsun ki, görünür, Rusiyanın siyasi elitasında Azərbaycana münasibətdə iki mövqe sahibləri olanlar var. Onların bir qismi, hansı ki, Volodin kimiləri, onlar müxtəlif şəxslərdən Azərbaycana qarşı istifadə etməyə çalışdılar. Ehtimal edirəm ki, A.Abbasov bu prosesin iştirakçısına çevrildi. Ondan sonra baş verənlərin belə də məntiqi nəticəsini gözləmək lazım idi”.

Z.Oruc deyir ki, A.Abbasovun diaspor fəaliyyəti ona qarşı hücumların artmasına səbəb olub: “Rusiyada yaşayan azərbaycanlıları təşkilatlandırmaq, onları siyasi həyata gətirmək, azərbaycanlıların maraq və mənafelərini uğurla təmsil eləmək, Rusiya vəzifə eşalonunda, biznes strukturlarında onların tərəfini tutmaq böyük bir iş, intensiv fəaliyyət tələb edir. Bütün bunları etməyib də, hazır təşkilatlanmış bir qurumu - ”AzerRos"u ələ keçirmək, ondan sonra da həmin dayaqları Azərbaycandakı siyasi mübarizəyə qoşacağını da düşünmək yanlışdır. Mən bilmirəm, Abbasov hazırkı gerçəklikdə kimin taleyini yaşayır. Amma reallıq ondan ibarətdir ki, biz bunu qətiyyən arzulamırıq ki, belə olsun. Reallıq ondan ibarətdir ki, bu gün Azərbaycandakı hər kəs ona qiymət verir ki, əgər bir adam əqidəsinə, siyasi bağlılığına görə bir kursa bağlı olursa, sonradan ayrı yolu seçməsi insanlar tərəfindən birmənalı qarşılanmır. Ona görə də düşünürəm ki, onunla bağlı hansısa qərar verilirsə, bunun bir səbəbi var".

Ancaq deputat A.Abbasovun hakimiyyətdə vəzifə tutduğu zaman Rusiyaya birbaşa bağlı olduğunu düşünmür. Z.Orucun fikrincə, bütün bunlar sonradan olub, daha əvvəl isə onun yalnız əlaqələri olub: “Mən Abbas Abbasovun baş nazirin müavini olarkən Rusiyanın adamı kimi burada əyləşdiyini, sadəcə emissar kimi fəaliyyət apardığını düşünmürəm. Heydər Əliyev Rusiya ilə münasibətlərə önəm versə də, Azərbaycan o ölkə deyil ki, burada kadr korpusunun formalaşmasında Rusiya qərar versin. Mən xatırlayıram, Saakaşvili deyirdi ki, ona Putin adından ona sifariş gəlib ki, baş prokuror Rusiyanın adamı olsun. Ancaq o da var ki, biznesinin böyük bir hissəsi Rusiyada olan adam o ölkə ilə bağlılığı olur. Hamının güclü saydığı o iqtisadi dayaqlar bəzən həm təsir, həm də zəif yerə çevrilə bilir. Təəssüf ki, görünür, hansısa şərtlər olur. Ancaq hər kəsə aydındır ki, biz bu məsələdə xeyli neytral bir mövqe göstərirdik ki, onların arasında daxili mübarizədir və sair. Amma görünən budur ki, ortada hansısa yanlışlıqlar var. Bunlar dövlətə də bəllidir. Ona görə də mən arzulayıram ki, Azərbaycan hökumətində təmsil olunan və gələcəkdə vəzifədən kənarlaşdırılan insanlar öz mövqelərində prinsipial olaraq dəyişməsinlər”.

Kənan RÖVŞƏNOĞLU /musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar