Böyük Britaniya və Almaniyanın nüfuzlu media orqanları Avropa Oyunları fonunda Azərbaycandakı repressiyalardan yazır
«İlham Əliyev bu cür yarışmalar vasitəsilə özünü beynəlxalq aləmə gerçəkdə olduğundan fərqli imicdə təqdim etməyə çalışır»
«Əgər hökuməti tənqid edən məhbusların sayına görə yarış keçirilsəydi, Azərbaycan hökuməti birinci yeri tutardı»
İyun ayında Bakıda keçiriləcək Avropa Oyunları yaxınlaşdıqca dünya mediasının Azərbaycanda baş verənlərə diqqəti də artır. Böyük Britaniya və Almaniyanın nüfuzlu media orqanlarında Avropa Oyunları fonunda ölkəmizdə insan hüquqlarının acınacaqlı durumu, tənqidçi jurnalistlərə, hüquq müdafiəçilərinə qarşı repressiyalardan bəhs edən çoxsaylı məqalələr yayımlanıb. Demək olar ki, bütün məqalələrdə Azərbaycan hökumətinin, konkret olaraq prezident Ilham Əliyevin bu cür yarışmalardan yararlanıb dünyada özünə fərqli imic formalaşdırmağa çalışdığı vurğulanıb.
Azərbaycanda 22 nəfər “vicdan məhbusu” var
Almaniyanın “Berliner Zeitung” qəzeti yazır:
“Bakıda keçiriləcək ilk Avropa Oyunlarına 100 gündən də az qaldığı bir vaxtda ”Amnesty International" hüquq-müdafiə təşkilatı turnirə “ev sahibliyi” edəcək Azərbaycan rəhbərliyini tənqid edib.
“Bu ölkədə müxalifətçilərin, jurnalistlərin, ictimai fəalların hədələnməsi, zorakılığa məruz qalması, qondarma ittihamlarla həbsə atılmasına dair çoxsaylı faktlar var”, - deyə təşkilatın martın 4-də yayılan hesabatında bildirilir.
Azərbaycanda 22 nəfər vicdan məhbusu var ki, bütün dünyada tanınan hüquq müdafiəçisi Leyla Yunus və jurnalist Xədicə Ismayıl da onların arasındadır.
“Azərbaycan hakimiyyəti zahiri parıltı hesabına özünün gerçək imicini ört-basdır eləməyə, xarici şirkətləri ölkəyə cəlb etməyə çalışır”, - deyə “Amnesty International”ın Almaniya təmsilçisi Mari Lukas bildirib. Onun sözlərinə görə, 2012-ci ildə bu ölkədə keçirilmiş “Eurovision” musiqi yarışması kimi, Avropa Oyunları da bu strategiyanın elementidir.
“Səhhətində ciddi problem olan məhbuslar bir çox hallarda tibbi yardımdan məhrum edilir”, - deyə hesabatda qeyd olunur.
Rəsmi Bakı, hətta məhkəmələrdə tənqidi çıxışlar edən hüquqşünaslara da tez-tez təzyiqlər edir.
“Əgər hökuməti tənqid edən məhbusların sayına görə yarış keçirilib, medal təsis olunsaydı, Azərbaycan hökuməti podiumda birinci yeri tutardı”, - deyə Mari Lukas qeyd edib.
Iyunun 12-dən 28-nədək keçiriləcək Avropa Oyunlarının təşkilatçıları isə deyir ki, insan hüquqları və media azadlığının qorunacağına əmindilər.
“Azərbaycanın ali hakimiyyət orqanları bizə zəmanət verib ki, Avropa Oyunları zamanı Olimpiya Xartiyasının bütün prinsiplərinə əməl olunacaq”, - deyə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib.
Almaniya Olimpiya oyunları Konfederasiyasının baş direktoru Maykl Vesper da təsdiqləyib ki, Azərbaycanda söz və mətbuat azadlığına qarşı güclü hücumların olduğu barədə məlumatlıdır: “Biz Bakıya səfərimizdən istifadə edib, yerində insanlarla da danışmaq istəyirik”.
Yanvarın sonunda Almaniya kansleri Angela Merkel Azərbaycan prezidenti Ilham Əliyevlə görüşü zamanı onu insan haqlarına hörmət etməyə çağırmışdı. O isə ittihamları rədd edirdi".
“Azərbaycan hakimiyyəti gerçək kimliyini gizlətməyə çalışır”
Dünyanın ən nüfuzlu media orqanlarından olan “Der Spiegel” jurnalı da Birinci Avropa Oyunlarının keçiriləcəyi ölkədə insan hüquqlarına qətiyyən hörmət olunmamasından, bütün tənqidçi səslərin repressiyalara məruz qalmasından yazır. “Der Spiegel” də eyni zamanda, Azərbaycan hakimiyyətinin “Eurovision”, Avropa Oyunları kimi yarışmalardan özünün gerçək kimliyini gizlətmək məqsədilə yararlanmağa çalışdığını vurğulayır. Yada salır ki, 2016-cı ildə “Formula-1" yarışı da Bakıda keçiriləcək. Eyni zamanda, 2020-ci ildə futbol üzrə Avropa çempionatının dörd oyununun da Bakıda keçirilməsi nəzərdə tutulub.
“Azərbaycan söz azadlığına görə dünyada 160-cı yerdədir”
Almaniyanın “Focus” jurnalı da Azərbaycan prezidenti Ilham Əliyevin bu cür yarışmalar, turnirlər vasitəsilə özünü beynəlxalq aləmə gerçəkdə olduğundan fərqli imicdə təqdim etməyə çalışdığını yazır.
Məqalə müəllifi yada salır ki, bu ölkədə insan hüquq və azadlıqları bərbad vəziyyətdədir. Azərbaycan mənzil-qərargahı Parisdə yerləşən “Sərhədsiz reportyorlar” beynəlxalq söz azadlığını müdafiə təşkilatının mətbuat azadlığı indeksində 180 ölkə arasında 160-cı yeri tutur.
Avropa liderlərinə Azərbaycanla bağlı çağırış
Böyük Britaniyanın “The Daily Mail” qəzeti bu mövzuda hazırladığı materialda “Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatının bugünlərdə yaydığı bəyanatı xatırladıb. Həmin bəyanatda təşkilatın rəhbər şəxsləri Avropa liderlərinə çağırış etmişdi. “Human Rights Watch” Avropa oyunları başlayana qədər Azərbaycandakı siyasi məhbuslar azadlığa buraxılmasa, Avropa liderlərini bu ölkədə turnirin açılış mərasiminə yüksək səviyyədə nümayəndə heyəti göndərməməyə çağırmışdı.
“The Daily Mail” qeyd edir ki, Azərbaycanda müxalifətçilərin, tənqidçi jurnalistlərin saxta ittihamlarla həbs edilməsi geniş yayılıb.
Diktatorlara idman yarışları “hədiyyəsi”
Dünyanın iki ən çoxtirajlı jurnalından biri olan Böyük Britaniyanın “The Economist” nəşri bu mövzuda hazırladığı materialda vurğulayır ki, böyük idman yarışlarına “ev sahibliyi” etməkdən ibarət “hədiyyə”lərin diktatura rejimlərinə verilməsi prosesinə son qoyulmalıdır: “Nə vaxta qədər diktatorlara belə böyük idman yarışları keçirməklə özlərini reklam etmək imkanı veriləcək? Azərbaycanın paytaxtı Bakı şəhərində Avropa Oyunlarına hazırlıqla bağlı qızğın işlər gedir. Bu ölkədə son bir il ərzində hakimiyyəti tənqid edən çoxlu sayda hüquq müdafiəçiləri və jurnalistlər həbsxana həyatı yaşamağa məcbur edilib. Azərbaycan hakimiyyəti daha çox maliyyə vəsaiti xərcləməklə 2024-cü ilin Olimpiya oyunlarına da ”ev sahibliyi" etmək fikrinə düşüb. Azərbaycan hakimiyyətinə qarşı bu cür münasibət davam etsə, biz bu ölkədə daha çox repressiyaların şahidi olacağıq".