Azərbaycanda «gülən şəbəkəsi»nə qarşı ciddi mübarizə başlaya bilər
Azərbaycanın Dini Qurumlar üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlı Türkiyəyə səfəri zamanı jurnalistlərin “paralel yapı” adı verilən Fətullah Gülən təriqətinə qarşı mübarizə haqda danışıb. Virtualaz.org saytı xəbər verir ki, M.Qurbanlı Azərbaycanın “xaricdən gələn, ölkənin daxili işlərinə müdaxilə etmək istəyən” qrupların qarşısını almağa qadir olduğunu deyib.
“Paralel yapı məsələsində Türkiyədə bəlli addımlar atılıb və bunlar türk mediasında geniş şəkildə işıqlandırılıb. Paralel yapının uzantısının Azərbaycana gəlməsi mövzusunda bizim mətbuatda da xəbərlər yer aldı. Bu kimi qrupların Azərbaycanda dərin kök salmaq imkanı məhduddur”, - deyə komitə rəhbəri bildirib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Fətullah Gülən arasında münasibətlərin gərginləşməsindən sonra qardaş ölkədə “gülən şəbəkəsi”nə qarşı ciddi mübarizə başlayıb. Ərdoğan təkcə Türkiyədə deyil, Fətullah Gülənin digər ölkələrdə, o cümlədən Azərbaycandakı dayaqlarını sıradan çıxarmaq istəyir. Bununla bağlı Ərdoğanla Azərbaycanın dövlət başçısı Ilham Əliyev arasında bir neçə dəfə müzakirələr aparıldığı barədə məlumatlar var. Elə bu müzakirələrin nəticəsidir ki, Azərbaycan hakimiyyətində “gülən şəbəkəsi”nə bağlı olduğu iddialar bir neçə məmur və deputatı küncə sıxışdırılıb. Lakin Ərdoğanın bununla kifayətlənmədiyi deyilir. Onun Ilham Əliyevə yeni dosye təqdim etdiyi barədə iddialar var. Qısası, Ərdoğan “paralel yapı” məsələsinə çox həssasdır və Azərbaycandan da “gülənçilər”ə qarşı ciddi mübarizə tələb edir. Mübariz Qurbanlının Türkiyədə bu məsələ barədə birmənalı danışması onu göstərir ki, “gülənçilər”ə qarşı ölkədə yeni dalğa başlaya bilər.