150 milyard dollar itki, iki aya 2.3 milyon miqrant axını
Nemət Əliyev: «Rusiyada baş verən bütün neqativlər Azərbaycana da öz təsirini göstərir»
Neftin ucuzlaşmasının ardınca rublun düşməsi ilə başlayan Rusiyadakı böhran ölkə iqtisadiyyatına ciddi ziyan vurmaqda davam edir. Rusiya iqtisadiyyatının müxtəlif sahələri böhranın ciddi fəsadlarını yaşayır. Şimal qonşumuzda hələ də iqtisadi vəziyyətin ağır olaraq qalması burada çalışan miqrantların durumuna da mənfi istiqamətdə ciddi təsir göstərməkdə davam edir.
Vəziyyətin düzəlməsini gözləyən miqrantlar heç bir dəyişikliyin olmaması fonunda Rusiyanı tərk etməyə üstünlük verir. Onların sırasında azərbaycanlılar da yer alır. Rusiya Miqrantlar Federasiyası da bildirir ki, miqrantların 25 faizi Rusiyanı tərk etməyi planlaşdırır. Məsələn, ötən ilin dekabr ayına olan məlumata görə, 30 min azərbaycanlı Rusiyanı tərk edib. Bu ilin iki ayı ərzində bu rəqəmin daha da artdığını söyləmək olar. Ümumilikdə isə 2015-ci ilin iki ayı ərzində Rusiyanı 1.2 milyon miqrant tərk edib.
Rusiyanın iqtisadi durumunun yaxışalacağına heç bir ümid yoxdur. Əksinə, Rusiyanın maliyyə ehtiyatları da sürətlə tükənir. Rusiya Maliyyə Nazirliyindən verilən açıqlamada isə neft gəlirlərindən formalaşan ehtiyatların bir ay ərzində 10-20 faiz azaldığı bildirilib. Neft qiymətlərinin düşməsi və gəlirlərin azalması ehtiyat fondundan xərclərin artması ilə nəticələnib. Nazirliyin açıqlamasına görə, fevral ayının 1-i 85 milyard dollar olan ehtiyat fondu 1 martda 75,7 milyard dollara düşüb. Milli Rifah Fondunda isə büdcə 30 gün ərzində 10 faiz azalaraq 73,6 milyard dollar olub.ÿ
Rusiyada iqtisadi vəziyyətin pisləşməsi Azərbaycana da təsirsiz ötüşmür. Buna səbəb iki ölkə iqtisadiyyatının sıx bağlı olmasıdır. Onu da nəzərə almaq lazımdır ki, hər il Rusiyada yaşayan soydaşlarımız Azərbaycandakı yaxınlarına milyardlarla vəsait göndərirlər. Amma Rusiyada böhran başlayandan bu vəsaitdə əhəmiyyətli dərəcədə azalma müşahidə olunur. Buna səbəb isə Rusiyadakı ağır iqtisadi durum, rublun sürətlə dəyərini, soydaşlarımızın iş yerlərini itirməsidir.
Azərbaycan Mərkəzi Bankının manatın devalvasiya ilə bağlı qərar qəbul etməsi, Rusiyadakı soydaşlarımızın durumunun pisləşməsi Azərbaycanda iqtisadi vəziyyəti ağırlaşdırır.
Iqtisadçı Nemət Əliyev hesab edir ki, Putin Rusiya ətrafında baş verənlərə baxmayaraq ölkənin durumunun daha da ağırlaşdırılması istiqamətində addımlar atır. Rusiyanın Ukraynaya olan aqressiv münasibətinin Kremlə qarşı beynəlxalq yanaşmanın sərtləşməsinə səbəb olduğunu deyən N.Əliyev bildirdi ki, ABŞ və AB-nin Rusiyaya qarşı tətbiq olunan sanksiyaların müddətini bir daha uzatması bu baxımdan təsadüfi deyil: “Kreml siyasətini dəyişmədikcə Rusiyaya qarşı sanksiyaların əhatə dairəsi daha da genişlənəcək. Onun proqnozunu vermək mümkündür ki, neftin qiymətlərində cüzi artımların müşahidə olunmasına baxmayaraq, neftin dəyərinin düşməsini şərtləndirən amillər hələ də qalmaqdadır. Əksinə, bu şərtlər daha da dərinləşməkdədir. Onun proqnozunu vermək mümkündür ki, neftin qiymətləri növbəti dövrdə də aşağı düşəcək”.
Rusiyanın valyuta ehtiyatlarının ciddi şəkildə azalmasına, ölkəni iş adamlarının tərk etməsinə diqqət çəkən N.Əliyev vurğuladı ki, xidmət sahələrində, iqtisadiyyatın müxtəlif sferalarında böyük itkilər yaşanır. Bütün bu proseslərin Azərbaycana da təsirsiz ötüşmədiyini deyən N.Əliyev vurğuladı ki, hakimiyyət bilərəkdən Azərbaycan adlı dövlətdə Rusiya təcrübəsini sınaqdan çıxarmaqdadır: “Rusiyada baş verən bütün neqativlər Azərbaycana da öz təsirini göstərir. Rusiyada iki milyondan artıq soydaşımız yaşayır. Bu ölkədəki böhran soydaşlarımızın gəlirlərini kəskin şəkildə azaldır. Soydaşlarımız qohumlarına yolladıqları maddi vəsaitlərin axını azalır. Eyni zamanda Neft Fondunun Rusiyada 733 milyonluq ehtiyatı var. Bu proseslər həmin ehtiytalara mənfi təsir göstərəcək”.
N.Əliyevin sözlərinə görə, Rusiyadakı proseslər iki ölkə arasındakı ixrac-idxal əməliyyatlarının da azalmasına səbəb olur. Azərbaycana təsir edən böhranın ölkənin xarici valyuta ehtiyatına da ciddi ziyan vurduğunu deyən N.Əliyev bildirdi ki, hesablamalara görə, Mərkəzi Bankın təxminən 10 milyard civarında valyuta ehtiyatı qalıb: “Manatın devalvasiyası çox məsələyə aydınlıq gətirdi. Bank sektoruna ciddi şəkildə ziyan dəydi. Ticarət sektorunda çalışanlar baş verənlərdən ciddi əziyyət çəkir. Idxal ilə məşğul olan şirkətlərin itkiləri kifayət qədər böyüyüb. Çünki hökumət bazardakı qiymətləri inzibati yolla saxlamağa çalışır. Proseslərin bu cür cərəyan etməsi xidmət, istehsal sferasında durumu çətinləşdirir”.
Xəyal