Yapçı deputatın hakimiyyəti müdafiə cəhdi, həmişə ifşa ilə nəticələnir
Azərbaycan hakimiyyəti olduqca isterik durumdadır. Çünki, bütün yalanlar ifşa olunub və cəmiyyətin ümumi nifrəti üzə çıxıb. Hətta sipər kimi istifadə etdikləri Avropa oyunları da hakimiyyətin əleyhinə çevrilib. Əvvəla, məlum olur ki, bu tədbir Azərbaycanı iflic vəziyyətə salacaq və heç bir dividend gətirməyəcək. Digər tərəfdən, ölkəmiz haqqında müsbət imic formalaşdırılması üçün də addım atılmır. Əksinə, bu tədbir öncəsi dünya mətbuatı Azərbaycandakı repressiyalardan, hakimiyyətin avtoritar mahiyyətindən yazır.
Ona görə də hakimiyyət öz qəzəbini müxalifətə və beynəlxalq təşkilatlara yönəldib. YAP-çı deputat Siyavuş Novruzov isə həmişəki kimi “orijinal” fikirlər səsləndirib.
Əsrimizin Siyavuşu əvvəlcə Azərbaycana qarşı xarici kampaniyanı AXCP sədri Əli Kərimlinin aktivinə yazıb: “Bəzi beynəlxalq təşkilatlar Azərbaycan dövləti haqqında olmazın şər kampaniyası aparır. ”Eurovision" ərəfəsində də belə kampaniya gedirdi. Bunlar AXCP sədri Əli Kərimli və erməni mənbələrindən qrant alan QHT-lərin xidmətidir. Hesab edirəm ki, millət vəkilləri, Ombudsman bu məsələdə mövqeyini ortaya qoysun. Belə bir möhtəşəm tədbir bizim ölkəmizdə keçirilir və biz də bir işin qulpundan tutaq"- deyə Siyavuş Novruzov bildirib.
S.Novruzov daha sonra davam edir: “Isveçrə səfirliyində bir adamı 6 aydır ki, gizlədirlər: Bu adam milyonlarla qrant alıb, 240 min manat vergidən qaçıb. Mən təklif edirəm ki, Ombudsman Isveçrə səfirliyinə müraciət etsin. Qoy bu səfirlik 3 gündə bir məcburi köçkünə və ya müəllimə yemək versin. Hələ bir dəfə eşitməmişik ki, bu qurumlar həkimi, müəllimi müdafiə etsin”.
Əvvəla, qeyd edək ki, YAP hakimiyyətinin sayəsində ermənilər “supermen”ə çevrilib. Çünki, dünyanın istənilən yerindən Azərbaycan hakimiyyətinə qarşı səslənən tənqidləri, YAP hakimiyyəti erməni lobbisinin xidməti kimi qiymətləndirir. Deməli, etiraf edirlər ki, AzTV-nin acından öldürdüyü Ermənistan bütün dünyanı ələ alıb və dünyaya diktə edir. Siyavuş Novruzovun “yaradıcılığına” nəzərə salanda isə, dünyanı Ermənistanın idarə etdiyi təəssüratı yaranır. Amma yapçı deputatın bu fikirləri hakimiyyətin arqumentsizliyinin və çətin vəziyyətdə qalmasının göstəricisidir. Çünki, dünənə qədər Siyavuş Novruzov deyirdi ki, AXCP və onun liderini tanımır, belə bir təşkilatın varlığından xəbərsizdir. Indi isə deyir ki, Əli Kərimli Azərbaycana qarşı kampaniyanın müəlliflərindəndir. Bəli, Avropa oyunlarına gələn ermənilərin xərcini ödəyən hakimiyyət bu israfçılığa etiraz edən AXCP sədrini ittiham etmək zərurəti hiss edib. Əslində, Siyavuş müəllimin bütün məqamlarda Əli Kərimlini hədəf seçməsi müsbət qiymətləndirilməlidir. Çünki, ölkə vətəndaşları üçün də belə bir aksioma formalaşıb: “Ən ləyaqətli adam, hakimiyyətin hədəf seçdiyi adamdır”. Ona görə də Siyavuş müəllimə təşəkkür edirik.
Amma millətimizin vəkili yenə də hökuməti ifşa etməkdən yayına bilməyib. Deyir ki, Isveçrə səfirliyi niyə müəllimə, həkimə yemək vermir. Həqiqətən də Siyavuş Novruzov “arqument adası”dır. Istənilən məsələdən hökumətə qarşı istifadə edə bilir.
Siyavuş Novruzov etiraf edir ki, bu hakimiyyət həkimi və müəlimi dilənçi vəziyyətinə salıb. Ona görə də nümunə kimi həkim və müəllimi hədəf seçib. Bunların könlündən keçir ki, ölkənin var-dövlətini talan etsinlər, heç kimə əməkhaqqı verməsinlər. Əvəzində isə dünya bunlara əl çalsın və həkimi, müəllimi yedizdirsin.
Bu da millət vəkilinin Isveçrə səfirliyinə analoqsuz iradı. Əslində, bütün dünya bilir ki, vergidənyayınma ittihamı ilə həbs olunmuş ictimai-siyasi fəallar günahsızdır. Onlara qarşı heç bir faktın olmaması da bunu sübut edir. Digər tərəfdən o da məlumdur ki, vergidən yayınmağa görə ədalətli məhkəmə keçirilsəydi, məmurlar ömürlük həbs cəzası alardı. Siyavuş Novruzov ölkədən milyardlar oğurlayanların sözçüsünə çevrilib, oğruları ifşa edənlərə qarşı mübarizə aparır.
Sonda Siyavuş müəllimə demək istəyirik ki, siz hansısa işin qulpundan yapışmaq üçün yox, yaxşı işlərə qulp qoymaq üçün yararlısınız. Həm də məsləhət görərdik ki, başqa sözlər də əzbərləyin və fərqli “arqument”lə çıxış edin. Yoxsa, havanın küləkli olmasını, yağışın yağmasını, günün batmasını da AXCP ilə əlaqələndirməyə girişirsiniz. Öz üzərinizdə işləyin, cənab deputat.
Azad