“Türkiyə artıq İŞİD-lə bağlı bütün körpüləri yandırıb. İraqa da hərbi dəstək verməyə başlayıb. Amma bu canlı qüvvə şəklində deyil, yalnız texnika və silah şəklində olacaq. Amma gələcəkdə NATO-nun iki-üç dövləti regiona öz silahlı dəstələrini yeridərsə, o zaman Türkiyə də öz silahlı qüvvələrini İŞİD-ə qarşı mübarizəyə səfərbər edə bilər.”
Bunu Modern.az-a açıqlamasında keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Türkiyənin İraq Şam İslam Dövlətinə (İŞİD) qarşı bundan sonra aparacağı mübarizə haqqında danışarkən deyib.
Politoloq İŞİD-ə qarşı Türkiyənin ürkək və çox ehtiyyatlı bir siyasət apardığını bildirməklə yanaşı, İŞİD-in kürd probleminə qarşı istifadə edildiyini də vurğulayıb: “Türkiyənin İŞİD-ə qarşı apardığı siyasətinin mərkəzi hissəsini, kürdləri bu təşkilat vasitəsilə zəiflədərək onların ambisiyalarının çoxalmasına imkan verməmək təşkil edir. Amma mənə elə gəlir ki, Türkiyə İŞİD-ə qarşı aktiv mübarizə apararsa, PKK və kürdlərin digər qollarını da neytirallaşdıra bilər. Ən əsası isə onların müstəqil dövlət yaratmaq istəklərinə qarşı ciddi mane ola bilər. Məhz bu məsələləri nəzərə alaraq Türkiyə öz xarici siyasət xəttinində xeyli aktiv rol oynamalıdır.
İlkin zamanlarda Suriyada müxalifət formalaşdırılarkən sonradan İŞİD-in tərkibinə daxil olan “Əl Nusra”ya Şanlıurfa və Qaziantepdə təlimlər keçirirdilər. Türkiyə daxilində təxminən il yarım bundan əvvəl düşərgələr olub. Lakin bu gün İŞİD-in Türkiyə ərazisində heç bir düşərgəsi yoxdur. MİT-in isə onlara təlim keçməsi haqında fikirlər yanlışdır, yaxud digər dövlətlərin uydurmasıdır. Çünki belə şeyləri ABŞ tezliklə aşkarlayar və bunun üçün də Türkiyə ilə ciddi haqq-hesab çəkə bilər”.
Türkiyənin İŞİD-in Kobaniyə hücum edərkən neytral mövqe tutmasının doğru olduğunu bildirən keçmiş dövlət müşaviri hazırda vəziyyətin dəyişdiyini bildirib: “İndi vəziyyət dəyişib. Türkiyə proseslərə daha fəal müdaxilə etməyə çalışır. Çünki region yenidən şəkillənəcək və yeni dövlətlər, yeni qruplaşmalar əmələ gələcək. Əgər Türkiyə bu proseslərdə fəal iştirak etməsə, proseslər yeni kürd dövlətinin yaranmasına gətirib çıxarana qədər davam edəcək.
İŞİD-ə müxtəlif dövlətlər tərəfindən edilən yardımlar dayandırılsa və ona qarşı sistemli quru əməliyyatları aparılarsa, qruplaşmanı qısa müddətə sıradan çıxarmaq mümkün olar. İŞİD-in Türkiyə ərazisinə daxil olması və burada hərbi əməliyyatlar həyata keçirmə ehtimalı çox aşağıdır. Hətta mən deyərdim ki, sıfıra bərabərdir.
Bu gün bəzi AKP-çilər və onlara yaxın olan qəzetlər, sadəcə olaraq qeyri-fəal fəaliyyətlərə haqq qazandırmaq üçün çalışır. Bölgədə böyük bir alov var. Bu alovu söndürmək lazımdır və onu söndürməyin böyük bir hissəsi Türkiyənin üzərinə düşür. Türkiyə bunu etmirsə, ona ideoloji cəhətdən bəraət qazandırmağa çalışırsa, bu heç bir şeyə sığmayan bir hərəkətdir. Türkiyənin bu mövqeyi isə İŞİD-in qol-qanad açmasına şərait yaradır”.