“Bakıya gedəcək idmançılar rejimin marionetkası olacaq”

8-03-2015, 19:26   
“Bakıya gedəcək idmançılar rejimin marionetkası olacaq”
Avropa mediası susmaq bilmir; Əliyev hakimiyyəti “top atəşinə” tutulur

İyunda Bakıda keçiriləcək Avropa Yay Oyunları yaxınlaşdıqca beynəlxalq ictimaiyyətin ölkəmizə diqqəti də artır. Demək olar ki, hər gün dünyanın nüfuzlu media qurumları, beynəlxalq insan haqları təşkilatları Azərbaycandakı ictimai-siyasi vəziyyətin dözülməz olduğunu, insan hüquq və azadlıqlarının kəskin şəkildə məhdudlaşdırıldığı ölkədə belə bir idman turniri keçirməyin qəbul edilməz olduğunu bildirirlər. Artıq “Human Rights Watch” Avropa ölkələrini Bakıdakı turniri boykot etməyə çağırıb.

Böyük Britaniya və Almaniyanın nüfuzlu media orqanları da Avropa Oyunları fonunda ölkəmizdə insan hüquqlarının acınacaqlı durumu, tənqidçi jurnalistlərə, hüquq müdafiəçilərinə qarşı repressiyalardan bəhs edən çoxsaylı məqalələr yayımlayıb. Bütün məqalələrdə Azərbaycan hökumətinin, konkret olaraq prezident İlham Əliyevin bu cür tədbirlərdən yararlanıb dünyada özünə fərqli imic formalaşdırmağa çalışdığı vurğulanır.

Almaniyanın tirajlı qəzetlərindən biri “Frankfurter Algemeine” qəzetində dərc olunan məqalə də bu qəbildəndir. Müəllifi Kristof Bekker yazır ki, idmançılardan, nümayəndə heyətlərindən ibarət 6 min nəfərin məskunlaşma və səyahət xərcləri təşkilatçılar tərəfindən ödəniləcək. Və Azərbaycandakı durumu görməzdən gələnlər özlərini rejimin marionetkasına - kuklasına çevirəcəklər. Bu isə sadəcə başlanğıcdır.
“İki il yarım öncə qitəmiqyaslı idman turnirinin Xəzər sahilində keçiriləcəyi çoxlarının ağlına belə gəlməzdi. Bakıda 1969-cu ildən bu yana Əliyevlər ailəsi hakimiyyətdədir. Ailənin təmsilçisi İlham Əliyev 1997-ci ildən ölkənin ən ali idman qurumunun (Azəbaycan Milli Olimpiya Komitəsi nəzərdə tutulur - red.) başındadır, 2003-cü ildən isə prezidentdir. Həyati əhəmiyyət kəsb edən plan isə qarşıdadır və pulla hər şey etmək mümkündür. Bakıya gələcək 6000 idmançının xərcləri ödənəcək. Müqayisə üçün bildirim ki, Soçi Qış Olimpiadasına 2861 idmançı qatılmışdı. Bütün iştirakçıların xərclərinin ödənməsi öhdəliyi tərəflər arasında imzalanmış müqavilədə “Hər şey daxil paketi” adıyla rəsmiləşib. Azərbaycandakı rejimin hesabına turnirə yollanacaq olanlar, bu ölkədə müxalif düşüncəli insanların həbs edilməsini, mətbuat azadlığının boğulmasını, media azadlığı indeksinə görə 162-ci yerdə dayanmasını, Səudiyyə Ərəbistanı və Belorusla eyni sıralarda qərarlaşmasını görməzdən gəlsələr, rejimin marionetkasına çevriləcəklər.
Bunlar başlanğıcdır. Prezident sarayında növbəti cəhdlər üçün planlar cızılır. Çox güman ki, Bakı 2024-cü il olimpiadasını qazanmaq üçün Berlin və Hamburqa rəqib olacaq. Əliyevin “qayğısız dəvət” təklifi cazibədar görünür. Kim problemsiz olaraq 6 min və ya 10 min idmançının bütün xərclərini çəkməyi təklif edə bilər?..”, - deyə müəllif yazır.

Siyasət şöbəsi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar