Dayısını soyundurub 120 itə yem edən diktator- Kim Çen İn

8-03-2015, 19:53   

Dünyanın ən qapalı ölkəsi olan Şimali Koreyadan zaman-zaman insanı şoka salacaq xəbərlər gəlir. Kim Çen İn - Kim Çen İrin 3-cü oğlu, 2011-ci ildən Şimali Koreya siyasi xadimi, Koreya Əmək Partiyasının birinci katibi, Koreya Xalq Demokratik Respublikası Dövlət Müdafiə Komitəsinin birinci sədri, Koreya Xalq Ordusunun Ali Baş Komandanı... Kim Çen İnin doğum tarixi dəqiq bəlli olmasa da, o, dünyanın ən gənc ( 28 yaş) prezidenti sayıla bilər. Onun gah 1983-cü ildə, gah da 1984-cü ildə doğulduğu deyilir. Amma hökumət rəsmi olaraq onun 8 yanvar, 1984-cü ildə doğulduğunu bildirir. Ali təhsilini İsveçrədə alıb, ingilis, alman və fransız dillərini bilir. Qeyri-rəsmi xəbərlərə görə prezident alkoqolikdir, diabetdən və yüksək təzyiqdən əziyyət çəkir. Lakin lider daha çox diktator və ekzotik üsullarla həyata keçirdiyi edamlarla tanınır. Bir qayda olaraq, onun imza atdığı repressiya və vəhşi qırğınlar barədə məlumatlar, dünya kütləvi informasiya vasitələrinə Cənubi Koreya nəşrləri vasitəsilə daxil olur. Cənubi Koreyada indiyədək KXDR haqqında müsbət fikirlərinə görə rəsmi cəza tətbiq edən qanunun qüvvədə olduğunu nəzərə alsaq, bu cür xəbərlərin nə dərəcədə doğru olduğunu demək asan deyil. Bununla belə, Kim Çen İnin adına yazılan vəhşiliklərin böyük bir siyahısını tərtib etmək olar.

“Onun hətta saçları da qalmasın!”
Kim Çen İn dövrünün ilk məşhur edamı haqqında 2012-ci ilin oktyabrında məlum olub. Britaniyanın The Telegraph qəzetinin Cənubi Koreya mənbələrinə istinadən verdiyi məlumata görə, 'terror başçısının' qurbanı Xalq Silahlı Qüvvələri nazirinin müavini Kim Çxol olub. Məmur hazırkı liderin atası Kim Çen İrin matəmi zamanı hamı ilə birlikdə yas saxlamadığına və içki içib, əyləndiyinə görə günahkar bilinir. Bu 'xəyanətə' görə cəza olaraq, Çxol parça-parça edilib. Beə ki, şəxsən Kim Çen İn onu minaatana bağlayıb güllələməyi əmr edib ki, “mənfur xaindən” heç bir əlamət qalmasın. Əmr belə olub: “Onun hətta saçları da qalmasın!”. Bundan sonra Kim Çxolun yaxınları da öldürürüldü. Amma onların edamı məmurun özünkündən daha az ekzotik olub.

Məşuqəsinin edamı
Dünyanı sarsıdan daha bir edam, müğənni He Sonq Vola divan tutulması olub. Müğənni ilə yanaşı, Orchestra Unhasu və Wangjaesan Light Music Band, Band Moranbong kollektivlərinin 10 nəfərdən çox rəqqas və musiqiçiləri də edam edilib. Bu dəfə incəsənət xadimləri pornoqrafik filmlərin hazırlanması və yayılmasına görə təqsirləndiriliblər. Musiqiçilər guya 'ev seks-videosu' çəkib, sonra isə Çində onun satışı ilə məşğul olublar. Cinayətdə təqsirli bilinənlər ailə üzvlərinin gözü qarşısında güllələnib, ailə üzvlərinin özləri isə əsir düşərgələrinə göndərilib.
Ansamblın solisti He Sonq Vol yenə də Cənubi Koreya KİV-in məlumatına görə, edamdan on il əvvəl Kim Çen İnin məşuqəsi idi. Onların sevgi romanı Kim Çen İnin atası Kim Çen İrin birbaşa göstərişi ilə sona çatmışdı. Görünür, atası müğənnini varis üçün layiqli seçim hesab etməyib. Bununla yanaşı, Kim Çen İnin indiki həyat yoldaşı Ri Sol Çju onların nikahından əvvəl müğənni olub və Unhasu Orchestra ansamblında çıxış edib. Cənubi Koreya mənbələri şəffaf şəkildə eyham vururdular ki, Şimali Koreyanın birinci xanımının bu edamda xüsusi rolu ola bilərdi.

Dayısını lüt soyundurub...
Onun hakimiyyəti dövrünün ən məşhur edamı Kim Çen İnin öz dayısının, həm də bacısının ərininin atası Çan Txekın 2013-ci ilin dekabrında olmuş qətlidir. Ölkənin ikinci şəxsi sayılan Çan Son Txekın qətli rəsmi mənbələrin təsdiqlədiyi yeganə faktdır.Rəsmi versiyaya görə, Çan Txek Xalq Təhlükəsizliyi nazirliyinin hərbi tribunalının hökmü ilə dövlət quruluşu və ali hakimiyyəti devirmək cəhdinə görə edam edilib. Bundan başqa, Çan Txen korrupsiyada da ittiham edilib. Dövlətin ikinci şəxsinin məhkəməsi və edamı ekspertləri təəccübləndirdi, lakin əsl sarsıntı doğuran hadisənin təfərrüatları olub. Çin qəzetlərinin birində dərc olunmuş məlumata görə, Çan və onun beş əlaltısı lüt soyundurulub və ac olan 120 vəhşi itlərin qabağına atılıb. Bu edamı KXDR ali rəhbəri Kim Çen İn da daxil olmaqla, yüksək çinli məmurlar izləyiblər. Deyirlər ki, başçı bu ekzotik vəhşiliyi müşahidə edərkən sərxoş vəziyyətdə olub.
Ekzotik edamlara aidiyyatı olmasa da, qeyd edək ki, bu yaxınlarda Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen İnin Şotlandiyada restoran açacağı barədə xəbərlər yayıldı. Restoranda Koreyanın milli yeməkləri, o cümlədən it ətindən şorba təqdim ediləcəyi də bildirilirdi...

Naziri odsaçan silahla öldürdü
Şimali Koreyadan növbəti kütləvi repressiyalar barədə xəbərlər yenə də Cənubi Koreya KİV-nə istinadən 2014-cu il aprelin əvvəlində yayılıb. Bu xəbərdə deyilirdi ki, KXDR-də təxminən 1200 məmur edam olunacaq və və onların ailə üzvləri əsir düşərgəsinə göndəriləcək. Ənənəyə görə, edamlara startı şəxsən Kim Çen İn verdi, özü də bu dəfə başçı divan üçün odsaçan silahdan istifadə edib. Bu 'şərəfə' ictimai təhlükəsizlik naziri O Son Xon layiq görülüb. Məmur onda günahlandırılıb ki, tabeliyində olan nazirliyi şəxsi mühafizəsinə çevirib və yüksək səviyyədə korrupsiya hallarına yol verib. 1200 edama məhkum məmur isə başçının şəxsi diqqətinə layiq olmayıblar. Məlumata görə, digər edamlar hərbi akademiyanın atıcıları tərəfindən, hökumət və yüksək vəzifəli məmurların güzü önündə keçirilib.

Məmurlara seriala görə edam
Kim Çen İn 29 oktyabr 2014-cü ildə hakim Əmək Partiyasının 10 yüksək rütbəli məmurunu mənimsəmədə və Cənubi Koreya seriallarına baxmaqda ittiham edərək güllələtdirib. Bu haqda Cənubi Koreyadan olan deputat “Bloomberg” agentliyinə bildirib. Cənubi Koreyanın hakim partiyasının yüksək rütbəli üzvünün katibi olan Li Çxol U Seulda, Milli Kəşfiyyat Agentliyində brifinq zamanı deyib ki, bu güllələnmələr Kim Çen İnin hakimiyyətini möhkəmləndirməyə yönəlmiş addımlarından biridir. Güllələnənlərin adları məlum deyil. Lakin ehtimal edilir ki, onlar Kim Çen İnin edam edilən dayısının tərəfdarları olublar.

Qərb auditoriyasının bu cür xəbərlərə sevgisini nəzərə alsaq, heç şübhə yoxdur ki, tezliklə KXDR liderinin daha qeyri-adi üsulla öz düşmənlərinin cəzasını verdiyi xəbərlər yenə yayılacaq. İstisna deyil ki, ekzotik cəllad bu dəfə öz qurbanlarından kimisə raketə ya da nüvə bombasına qoşa bilər... Mir.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar