“Titanik” faciəsində sağ qalan 3 sərnişinin şəxsiyyətləri və sonrakı həyatları haqda yeni məlumatlar ortaya çıxıb.
Axşam.az CNN Türk-ə istinadən xəbər verir ki, 1912-ci il aprelin 14-də Nyu-Yorka yola düşən gəminin 2223 sərnişinindən üçünün taleyi barədə məlumat əldə olunub.
Lüks gəmi yola çıxarkən içində 2234 sərnişini olmalıymış, ancaq bir sərnişin “Titanik”ə minə bilməyib. İxtisasca həkim olan türk Besim Ömər Akalın Avropada səyahət edən vaxt gəmiyə bilet alıbmış, ancaq hava pis olduğuna görə Souqempton limanına çata bilməyib və nəticədə sağ qalıb.
Osmanlı pasportlu 5 erməni əsilli vətəndaş isə Akalından fərqli olaraq çətinliklə də olsa, indiki pulla 1000 dollar, o vaxtın pulu isə 7 sterlinq verərək gəmiyə 3-cü dərəcəli kupelərə bilet tapıblar. Neşan Krekoryan, Orsen Sirayan, Ortin Zakaryan, David Vartunyan və Mapriededer Zakaryanın fikri Kanadaya köçüb orada məskunlaşmaq olub. Qəza vaxtı 3-cü dərəcəli kupelərin qapısı avtomatik olaraq bağlanıb və əksər sərnişinlər gəmi ilə birgə batıblar. Neşan və David isə qapını qırıb qurtula biliblər.
Neşan Krekoryan qəzadan qurtulduqdan sonra “General Motors” fabrikində işləməyə başlayıb. Daha sonra bacı-qardaşlarını da yanına çağırıb və Kanadada ilk erməni kilsəsini qurublar. Nəvəsi Van Solomonyanın dediyinə görə, Krekoryan 89 yaşında dünyasını dəyişib və “Titanik” sonra bir daha gəmiyə minməyib. Hətta göl qırağına ailəci piknikə gedəndə belə Neşan heç vaxt onlara qoşulmaz, evdə oturub təsbeh oynatmağı üstün tutarmış.
Qeyd edək ki, faciə zamanı gəminin 1-ci dərəcəli kupesində qalan 324 sərnişindən 201-i, 2-ci dərəcəli kupedə qalan 277 sərnişindən 118-i, 3-cü dərəcəli kupedə qalan 708 sərnişinindən 181-i xilas edilib. 885 nəfər gəmi ekipajından 212-si sağ qalıb. 13 poçtalyon və musiqiçilər isə okeanın soyuq sularında donaraq həlak olublar.