"İran nüvə proqramına dair öhdəliklərini yerinə yetirməsə, ABŞ cavab olaraq müxtəlif tədbirlər həyata keçirəcək. Bura hərbi gücdən istifadə də daxildir".
ANS PRESS-in məlumatına görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest açıqlama verib.
"Əgər biz görsək ki, İran hər hansı yolla əldə olunan razılaşmanın şərtlərini yerinə yetirməkdən boyun qaçırmağa çalışır, o zaman ABŞ prezidenti rəsmi Tehrana qarşı əlində olan bütün imkanlardan istifadə edəcək. Bura əlavə və yeni sanksiyalar, hərbi əməliyyatlardan istifadə də daxildir", - deyə Ernset bildirib.
Ernest 47 respublikaçı senatorun İran hökumətinə göndərdiyi açıq məktub barədə də fikirlərini bildirib. Məktubda Tehrana xəbərdarlıq edilirdi ki, nüvə proqramına dair əldə olunan istənilən razılıq ABŞ prezidenti Barak Obama hakimiyyətdə olduğu müddətdə qüvvədə qalacaq. Ağ Ev rəsmisi hesab edir ki, respublikaçılar bu yolla diplomatiyaya heç bir şans vermədən birbaşa güc vasitələrindən istifadə etməyə istəyirlər.