Türkiyə-Azərbaycan hərbi ittifaqı yeni fazaya keçir

10-03-2015, 10:19   
Türkiyə-Azərbaycan hərbi ittifaqı yeni fazaya keçir
İki təbii müttəfiqin son vaxtlar bir-birinə daha da yaxınlaşması, intensivləşən ortaq hərbi təlimlər ən çox işğalçı Ermənistanı xoflandırıb; genişlənən Ankara-Bakı hərbi əməkdaşlığı digər məkrli qüvvələrə də mesajdır...
Azərbaycanla Türkiyə arasında hərbi və hərbi texniki sahədə əməkdaşlıq güclənməkdədir. Bunu xüsusilə də ötən ilin avqustundan etibarən - cəbhə bölgəsində “3 günlük müharibə”dən sonra iki qardaş ölkənin birgə hərbi təlimlərinin intensivləşməsindən görmək olar. Dərhal vurğulayaq ki, öncə Azərbaycanda, sonra da Türkiyə ərazisində reallaşan (sonuncu təzəcə başa çatıb) təlimlərin bənzəri indiyədək olmayıb. Yəni bunlar presedentsiz ortaq manevrlərdir.

Bakı ilə Ankara arasında hərbi əlaqələrin dinamikasında yüksələn xəttin mövcudluğunu iki ölkə arasında hərbi sahəni təmsil edən yüksək çinli rəsmilərin çoxalan qarşılıqlı səfərləri də sübut edir. Bu mənada keçən həftə Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Akin Öztürkün böyük bir nümayəndə heyəti ilə Bakıya gəlişi və onun Azərbaycan paytaxtında yüksək səviyyədə görüşlər keçirməsi, görüşlərlə eyni vaxtda isə Türkiyədə birgə hərbi təlimlərin davam etməsi kifayət qərər effektli və yadda qalan hadisə oldu.

Son olaylar həmçinin Bakı-Ankara hərbi ittifaqının yeni keyfiyyət mərhələsinə adladığı haqda bölgədəki antitürk qüvvələrə, məkrli güclərə xəbərdarlıq mesajı, ortaq güc nümayişi hesab edilə bilər. Görünən odur ki, Azərbaycan və Türkiyə iki təbii müttəfiq kimi yeni regional hədələri və çağırışları, bölgədə formalaşan olduqca mürəkkəb və təhlükəli prosesləri bütün ciddiliyi ilə diqqətə alır.

Qürurvericidir ki, bu təhdidlərin qarşısının alınmasında Bakı və Ankara məhz sinxron, ölçülü-biçili, operativ və preventiv xarakterli addımlar atmaq kursu götürüb. Belə addımların önümüzdəki aylarda genişlənəcəyini söyləmək olar. O sırada Azərbaycan üçün təcrübəli və savadlı hərbi mütəxəssislərin hazırlanması işinin genişlənəcəyi gözləniləndir.

Ərazisinin 20 faizi işğal altında olan Azərbaycandan ötrü NATO üzvü Türkiyə ilə hərbi sahədə əlaqələrin bütün parametrlər üzrə inkişafı ikiqat vacibdir. Ən azı, o baxımdan ki, Qarabağ konflikti zonasında status-kvo əbədilik deyil və indiki kimi qalmayacaq. Əksinə, xarici amillərin təsiri altında vəziyyətin hər an nəzarətdən çıxıb kardinal şəkildə dəyişməsi və qaynar fazaya keçməsi riski Rusiyanın son aqressiv davranışları fonunda əhəmiyyətli ölçüdə artıb.

Söhbət həmçinin prezident Putinin Avrasiya layihələrinə Azərbaycanı qoşmaq naminə “Qarabağ kartı”ndan istifadə ehtimalının güclənməsindən, Kremlin Ukraynaya görə Güney Qafqazda Qərbdən revanş götürmək istəyindən gedir. Demək, Bakı-Ankara yaxınlaşmasını fors-major vəziyyətlərdə iki qardaş ölkənin hazırlıqsız yaxalanmaması zərurəti də diktə edir. Mübaliğəsiz demək olar ki, Azərbaycanın təhlükəsizliyinin və müstəqilliyinin təminatı məsələsində indi heç vaxt olmadığı qədər Türkiyənin rolu, önəmi və təsiri artıb.

Ölkələrimiz arasında güclənən hərbi əməkdaşlıq, heç şübhəsiz, Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına daha effektli və problemsiz keçidi üçün də zəruridir. Hər halda, Bakı bəlli və obyektiv səbəblərdən Şimali Atlantika alyansına qoşula bilməsə də, qardaş Türkiyənin imkan və potensialından, hərbi quruculuq sahəsindəki nəhəng təcrübəsindən tam şəkildə yararlanmaq şansına malikdir.

Bu və digər səbəblərdən iki qardaş arasında genişlənən hərbi əməkdaşlıq sövq-təbii olaraq hamıdan çox, təcavüzkar Ermənistan narahat edir. Bunu erməni KİV-lərində gedən şərh və təhlillərdən, Azərbaycan-Türkiyə hərbi ittifaqından, ortaq hərbi manevrlərdən dolayı artan xofdan sezmək çətin deyil.

Erməni elektron portallarının birində gedən yazıların birində bu xof və qorxu hissi aydınca əks olunub. Sitat: “Azərbaycan Silahlı Qüvvələrində türkiyəli təlimatçıların, zabitlərin, həmçinin xüsusi hazırlıq keçmiş hərbçilərin mövcudluğu getdikcə daha güclü şəkildə öz təsdiqini tapmaqdadır. Bu, cəbhə xəttindəki əməliyyatlarda guya türkiyəli hərbçilərin heç bir rolunun olmadığı haqda Azərbaycan təbliğatını təkzib edir”.

Portal bir az da irəli gedərək iddia edib ki, guya Türkiyə Ordusunun briqada generalı Nevzat Taşdelerin rəhbərliyi altında Azərbaycanda 50 türkiyəli hərbi təlimatçı fəaliyyət göstərir. “Onlardan ikisi Azərbaycanın müdafiə nazirini məsləhətçiləridir. Daha birisi eyni işi Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahında görür və Baş Qərargah rəisi Nəcməddin Sadıkovun müşaviri sayılır. Azərbaycanın bütün növ qoşun hissələrinin komandanlığının hər bir ilə iki Türkiyə təlimatçısı işləyir. Daha 5 təlimatçı Azərbaycanın xüsusi təyinatlı dəstələri olan ”Mavi beretlər"də çalışır", - deyə erməni nəşri yazıb.

Əlbəttə ki, bu, düşmən tərəfinin öz interpretasiyasıdır. Ancaq hətta sadalananlar doğrudursa belə, qəribə heç nə yoxdur. Azərbaycan suveren, müstəqil dövlətdir və istəsə öz ərazisində, məsələn, Naxçıvanda Türkiyə hərbi bazası da yerləşdirə bilər. Hər halda, Azərbaycan və Türkiyənin qorxusundan 2048-ci ilədək Rusiyanın rəsmi forpostu olmağa razılıq vermiş təcavüzkar Ermənistanda gərək buna təəccüblənməsinlər.

İşğal davam etdikcə, həm Ermənistanın blokadası, həm də Bakı-Ankara hərbi ittifaqı durmadan güclənəcək və genişlənəcək. Bu təbiidir - iki ölkənin qardaşlığı və dostluğu kimi...

Siyasət şöbəsi http://musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar