İŞİD-in qadın düşmənliyi

10-03-2015, 10:32   
İŞİD-in qadın düşmənliyi
Suriyada ən qatı Bəşər Əsəd əleyhdarı da bu gün onu müdafiə edir; çünkü iki seçim var - ya BƏƏS, ya İŞİD...
21 və 19 yaşlarında iki oğlu şəhid olmuş Hələbdən olan Fatimə Zehman: “Məni ən çox məyus edən Türkiyənin ölkəmə münasibətidir. Mən Türkiyə iqtidarından soruşmaq istəyirəm - oğullarımızın ölməsinə niyə alət oldunuz, niyə silahlandırdınız bizə qarşı olan qüvvələri? Mən savadlı qadınam. Faktla şayiəni bir-birindən seçə bilirəm. Sadəcə, BAAS-ı hakimiyyətdən salmaq, Bəşər Əsədi devirmək üçün bizim həyatımızı niyə cəhənnəmə çevirdilər?”


Savaşı uşaq yaşlarında görmək bəlkə insan üçün ən böyük psixoloji travmadır. Gənc, ahıl insan savaşaqədərki həyatından hansısa işıqlı xatirələr tapıb onların istisinə qızına bilər. Ağlı kəsəndən, gözü açılandan savaş içinə düşən körpələrin isə belə şansı yoxdur. Onlar üçün oyuncaq uçqunlarda əllərinə keçənlər, teatr-tamaşa evlərindəki, məhəllələrindəki dəfn mərasimləri, musiqi silah səsləridir. Bəziləri hətta bu “musiqi”ni eşitmək “zövqündən” də məhrumdur. Suriya səfərində tanış olduğum gənc xanımın oğlu Muhəmməd kimi.

(Suriyadan dördüncü reportaj)

Əvvəli ötən sayımızda

4 yaşına keçən Muhəmməd Hələbdəndir. 3 aylıq ikən gecə həyətlərinə düşən raket onun eşitmə qabiliyyətini tamam sıradan çıxarıb. Danışmaq eşitməyə bağlı olduğu üçün dili də açılmayacaq. Bir şey istəyəndə hey anasını dürtmələyib “ıh ıh ıh ıh” deyib əl-qolla başa salır. Atası cəbhədədir, evləri dağılıb. Gənc ana onu da götürüb Dəməşqə qadınlar sığınacağına gəlib. Şəklini çəkirəm. Tez anasının telefonunu alıb mənə işarə edir ki, əlimi yanağıma qoyum - o da mənim şəklimi çəkmək istəyir. Çəkir, gülümsəyib mənə göstərir. Balaca əlləri yenə anasının üzündədi, vurur, vurur, nəsə başa salmaq istəyir... Çətin olacaq...

Dəməşqdəki uşaq sığınacağında onun kimi nə qədər uşaq gördük. Hətta Mühəmmədə həsədlə baxanlar, da var - onun anası yanındadır, döyüşdə olan atası da hərdən zəng vurur. Şəhər məktəblərindən birinin binasına yerləşdirilən sığınacaqda savaş bölgələrinin uşaqları yaşayır. Çoxu hər iki valideynini itirib. Eləsi var, yollarda, köçdə ailəsindən ayrı düşüb, kimi ölüb, kimi qalıb bilinmir. Burada onlara könüllülər baxır. Yemək-içməklərini, geyimlərini hökumət təmin edir. Ancaq yenə də əhalinin dəstəyi olmadan çətindir deyirlər. Kimin imkanı, gücü nəyə çatır yardıma gəlir. Biz binada olanda bir maşın örtü, geyim gətirmişdilər - köhnə olsa da işə yarayacağı üçün sevinirdilər.



Baxıcılar əsasən tələbələrdir. Dərsdən çıxıb sığınacaqdakı uşaqlara oxumaq-yazmaq öyrətmək üçün bura gəlirlər. Bu binadan çıxmaları təhlükəlidir, şəhərdə terrorun qurbanı ola bilərlər. Onları bir arada tutmaq üçün məşğuliyyət tapmaq lazımdır. Biz onlara dəstək vermək, təsəlli etmək üçün gəlmişdik, ancaq elə acı hekayələr dinlədik, elə acınacaqlı mənzərələr gördük ki, sözlər qəhər olub boğazımızda düyünləndi... Sanki yaşadıqları dəhşətin görüntüləri gözlərinə həkk olunub...

Savaş qoxusu və həyəcanı yağan Dəməşq küçələrindən keçib hotelə dönürük. Az sonra “Suriya çətiri” Qadınlar Cəmiyyətinin üzvləri ilə görüşəcəyik. Öyrənirik ki, cəmiyyəti övladları, yaxınları savaşda şəhid olan qadınlar təsis edib. Məqsəd ölkədə yardıma ehtiyacı olan qadınlara və uşaqlara dəstək verməkdir. Quruma Hələbdən olan Fatimə Zehman rəhbərlik edir. İŞİD-lə döyüşdə 21 və 19 yaşlı 2 oğlu şəhid olub. Uzun illər Hələb Universitetində dərs deyib. Savaş milyonlarla insan kimi onun də həyatını alt-üst edib: “Məni bir insan, bir şəhid anası, bir suriyalı kimi ən çox məyus edən Türkiyənin ölkəmə münasibətidir. Mən Türkiyə iqtidarından soruşmaq istəyirəm - oğullarımızın ölməsinə niyə alət olduz, niyə silahlandırdınız bizə qarşı olan qüvvələri? Mən savadlı qadınam. Faktla şayiəni bir-birindən seçə bilirəm. Sadəcə, BAAS-ı hakimiyyətdən salmaq, Bəşər Əsədi devirmək üçün bizim həyatımızı niyə cəhənnəmə çevirdilər?”

Türkiyə nümayəndə heyəti, xüsusən millət vəkili Birgül Ayman Gülərlə söhbətdə qadınlar Türkiyə iqtidarının İŞİD-ə dəstək verməsi ilə bağlı eşitdiklərini, bildiklərini sadalayırlar. Sözlərdən qəzəb, nifrət yağır.



İŞİD-in Hələbdə törətdikləri vəhşiliklər isə sözlə ifadə ediləsi deyil: “Bilirsinizmi, İŞİD Hələb Universitetində çalışan nə qədər professor, alim, müəllim qadına zəncir vurub qul bazarında satdı... Yazıqlar olmazın zülm gördülər. Bizim yaşadığımız məhəlləyə hücum edən İŞİD bir gecədə 67 qadını evindən, ailəsinin yanından sürüyə-sürüyə apardı. O qadınlar hardadır, kimin əlindədir, bilinmir. Bu vəhşilərin qadınlara elədiyi zülmün nə adı var, nə ünvanı. Arvadının başını bağladan kişi adını dövlət rəhbəri qoyub necə başqa bir kişinin arvadının oğurlanmasına, bazarda əşya kimi satılmasına şərait yarada bilər? Onlar özlərinə İŞİD deyir, İslam dövləti quracağını bildirir - bizim dinimizdə, kitabımızda qadına, hələ o başqasının halalıdırsa, belə davranış varmı? Çatdıqları, ayaq qoyduqları yerdə ilk hədəfləri qadınlardır. Hansı kəndi tutdular, ilk fətvaları qadınlarla bağlı olur. Səhralar, dağlar səfil-sərgərdan, İŞİD zülmündən qaçan insanlarla doludur, kişilər cəbhədədir, çoxu qadınlardır - onlar nə zillət görür, Allah bilir. Bu gündən sabaha nədir, heç 10 dəqiqə sonraya ümid yoxdur”.

Qadınlar deyir ki, paytaxtda belə insanlar evlərindən çıxanda vidalaşaraq çıxırlar: “Heç kim övladını rahat-rahat çörək almağa belə göndərə bilmir. Hər gün şəhərdə partlayış, dağıntı, ölüm var. Hökumət nəzarət etməyə çalışır, hamımız dirəniş göstəririk. Bu gün Suriyada vətəndaş olmayan insan yoxdur. Hər kəs səfini bəlli edib - ya hökumət düşərgəsindəsən, ya İŞİD-in tərəfində. Üçüncü seçim yoxdur. İndiki iqtidara ən kəskin münasibətdə olanlar belə bu gün Bəşər Əsədi, BAAS partiyasını dəstəkləyir. Çünki alternativ İŞİD-dir - ölüm, qan, vəhşət saçan şeytan sürüsü İŞİD”.

Kişilərin çoxu ön cəbhədə olduğu üçün dinc şəhərlərin müdafiəsində qadınların üzərinə ağır yük düşür: “İşləyən, savadlı qadınlar təhlükəsizlik qruplarına rəhbərlik edir. İş saatı bitəndən sonra insanlar dincəlmədən təhlükəsizlik məsələləri ilə məşğul olmağa başlayırlar. Məhəllələrdə barrikadalar möhkəmləndirilir, xüsusi avadanlıqlarla şəhərlərin giriş-çıxışında maşınlar yoxlanılır. Sürücülüyü bacaran qadınlara da ehtiyac çoxdur”.



Türk heyətinin bir hissəsi də digər bir masada Suriya parlamentinin türkmən millət vəkilləri ilə müzakirələr aparır. Söhbətin qızğın yerində deputat Hassan Göklüoğlu onun telefonuna zəng gəlir: “Xanım, heç narahat olma. Sakit bir yerdəyəm. Türkiyədən rəsmilər gəlib, danışıqdayam. Deyərəm, göz üstə. Uşaqlar qayıtdımı? Heç kim eşiyə çıxmasın”.
Bizim ləhcədə danışır. Hər qadın dışarıda olan ərindən nigaran qalır... Deputat telefonu söndürüb üzrxahlıq edir: “Şəhər təhlükəlidir. İŞİD-in əsas hədəfi rəsmilərdir. Hamımız gündə dəfələrlə yaxınlarımızla əlaqə saxlamağa məcburuq. İndi Suriyada telefonuna zəng gələn insan açmırsa, demək, başında bir iş var”.



Hassan Göklüoğlu türkmənlərin durumundan danışır: “Həddən artıq qəliz vəziyyət yaranıb. İŞİD türkmənlər yaşayan bölgələri tutandan sonra əhalinin bir hissəsi məcburiyyətdən onların hakimiyyətini qəbul edib. Yenə deyirəm, məcburiyyətdən. Çünki başqa çarə yoxdur. İnsanlar güclə hesablaşmağa məhkumdurlar. Əsas hissə isə təbii Bəşər Əsədin tərəfində İŞİD-ə qarşı vuruşur. Hökumət də bilir ki, türkmənlər Suriyanın parçalanmasını istəmir. Ancaq durum o qədər qarışıq, o qədər izahedilməzdir ki, insanlar ancaq yaşamaq, sağ qalmaq uğrunda mübarizə aparırlar”.

Millət vəkili ölkədəki son prezident seçkilərindən də danışır: “Bu seçkilərin yalnız Dəməşqdə keçirildiyini deyirlər. Ancaq bu belə deyil. Suriyanın hökumət qüvvələri nəzarət edən bölgələrində seçki oldu. Mən gözümlə şahidəm ki, indiyə qədər seçkiyə getməyən insanlar, xüsusən yaşlı nəsil Bəşər Əsədə səs verməyə gəldilər”.



Parlament üzvü hökumətin bir gün də olsa maaşları, müavinətləri gecikdirmədiyindən danışır: “Ordunun, əsgərin təminatına xüsusi fikir verilir. Hər döyüşdən sonra seçilənlər mükafatlandırılır. Hələ savaş başlayanda maaşlarda, ödənişlərdə heç bir problem yaşanmayıb, çox şükür”.

Hasan Gökoğlunun dedikləri, təbii, BAAS üzvünün, hökumətə yaxın bir şəxsin mövqeyidir. Türkiyəli heyət üzvləri onu dinlədikcə ara-sıra suallar yaranır. Əsasən də dövlətin hansı para ilə yaşaması ilə bağlı. Türkiyənin maliyyə naziri olan Abdullatif Şener hökumət maliyyəsinin qaynağı ilə maraqlanır: “4 il savaşmaq asan məsələ deyil. Bu nəhəng xərclər deməkdir. Suriyanın neft-qaz ölkəsi olduğu bəllidir. Ciddi ehtiyatlarınız olub. Bu gün İrandan, Rusiyadan dəstək aldığınızı özünüz də gizlətmirsiniz. Rəsmilərlə görüşlərdə bu mövzulara toxunulur. Ancaq hökumətin çarxı ”qonşu payı" ilə fırlana bilməz. Suriyada bu qədər ehtiyat haradandır?"



Deputat Suriyanın daxili imkanlar, müxtəlif fondlar hesabına xərclərin öhdəsindən gəldiyindən danışır. Nə qədər tanış leksikondur... Hasan Gökoğlu onu da deyir ki, hökumətin yükünün bir hissəsini bir zamanlar ölkədə çox zəngin olan insan da çəkir: “Suriyada zəngin insanlar Avropaya, Rusiyaya, Türkiyəyə köçüb. Hökumət özü buna şərait yaratdı. Çünki həmin insanların pulu Suriyada dəyərdən düşəcəkdi. Onlar öz imkanları ilə kənarda iş qurdular və bu gün ölkəyə ciddi yardım edirlər”.



Millət vəkilinin varlı dediyi insanların böyük bir hissəsi Əsəd ailəsinin yaxınlarıdır. 1970-ci ildən Suriyaya hakimlik edən bu ailənin ökənin bütün sərvətləri üzərində sərhədsiz nəzarəti olub. Monopoliya başda olmaqla, avtoritarizmə xas bütün meyllərə bu ailənin üzvləri, yaxınları rəhbərlik edib. Məsələn, Bəşər Əsədin bibisi oğlu uzun illər Suriyanın gömrük sisteminə rəhbərlik edib. Nəhəng pullara sahib bu insana vətəndaşların nifrəti heç İŞİD-dən az olmaz. Ölkənin qapılarının kilidi yalnız onun icazəsi ilə açıla bilirmiş.



İndi o və onun kimi oliqarxlar-məmurlar bütün topladıqlarını ölkəyə qaytarmağa məcburdurlar. Çünki alternativ, seçim yoxdur. Ya Suriyanın, vətəndaşın pulunu ölkənin ərazi bütövlüyünün bərpasına xərcləməli, ya da bütün devrilmiş hökumətlərin üzvləri kimi hərəsi dünyanın bir hotel otağında həyata vida etməlidir.

Suriya həm də görkdür. Bütün oxşar rejimlər üçün.

Aygün MURADXANLI/musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar