Ərzaq təhlükəsizliyini belə təmin etmək olarmı?
Hökumətin bugünə qədər verdiyi vədlərin heç biri öz təsdiqini tapmayıb. Hətta illərə ad qoymaq da inkişafı təmin etmədi. “Turizm ili”, “Sənaye ili”, “Ekologiya ili”, “Gənclər ili”, indi də “Kənd təsərrüfatı ili” elan edilib. Guya əvvəlki adlar öz məqsədinə çatıb, bu il də Kənd təsərrüfatını inkişaf etdirəcəklər.
Indi ölkə başçısı da bu istiqamətdə çıxışlar etməyə, vədlər verməyə, Azərbaycanda ərzaq təhlükəsizliyinin təminatı istiqamətində addımlar atıldığının mesajını çatdırmağa başlayıb. Hakimiyyətin nəzarətində olan mətbuat orqanları da Ilham Əliyevin bu çıxışlarını bəh-bəhlə tirajlayırlar. Bəli, Ilham Əliyev deyib ki, ərzaq təhlükəsizliyi hər bir ölkə üçün enerji təhlükəsizliyi qədər önəmlidir və qarşıya qoyulan hədəf daxili istehsal hesabına ərzaq təhlükəsizliyinə nail olmaqdır. Prezident onu da bildirib ki, bu istiqamətdə zəruri tədbirlərin görülməsi nikbinlik yaradır.
Bəs, bu nikbinlik nədən ibarətdir və real vəziyyət necədir?
Hər sahədə olduğu kimi kənd təsərrüfatı sahəsində də mövcud potensial yetərincə istifadə olunmur. Bununla yanaşı iqtisadiyyatın bütün sferalarındakı monopoliya aqrar sektorun inkişafına ciddi zərdə vurur. Torpaqlardan səmərəli istifadə edilməməsi, kənd təsərrüfatının inkişafına lazımı dəstəyin verilməməsi Azərbaycanın bu sahədə digər ölkələrlə müqayisədə xeyli geridə qalmasına səbəb olub. Buna görə də kənd təsərrüfatının inkişafı üçün əlverişli şəraiti və bütün imkanları olan Azərbaycan ərzaq mallarının idxalçısına çevrilib. Rəsmi məlumata görə, Azərbaycanın ərzaq tələbatının 50%-dən çoxu idxal olunur. Bu da ölkəninÿaqrar siyasətinin effektivsizliyindən xəbər verir. ÿ
Beynəlxalq təcrübədə eyni təbii və iqtisadi şəraitə malik olan müxtəlif ölkələrin kənd təsərrüfatı istehsalının məhsuldarlığının aşağı yaxud yüksək olması həmin ölkələrin aqrar siyasətinin nə dərəcədə effektiv olmasını göstərir. Məsələn, Yaponiyada hazırda kənd təsərrüfatına yararlı cəmi 4,9 milyon hektar torpaq sahəsi dövriyyədədir. Amma bu ölkə 130 milyon nəfərlik əhalisinin ərzaq ehtiyaclarının təxminən 68 faizini (o cümlədən, süd məhsullarının 66%-ni, tərəvəz məhsullarının 79%-ni, düyünün 96%-ni, mal əti istehlakının 43%-ni, donuz əti istehlakının 52%-ni, meyvə istehlakının 40%-ni) daxili istehsal hesabına ödəyir. Bu o deməkdir ki, hazırkı məhsuldarlıq şəraitində Yaponiya 65 milyon nəfər insanı 100 faiz daxili aqrar məhsullarla təmin etmək gücündədir. Hazırda Azərbaycanda da təqribən eyni həcmdə- 4,7 milyon hektar kənd təsərrüfatı torpağı istifadədir. Amma rəsmi məlumatlara görə, Azərbaycan ərzaq ehtiyaclarının cəmi 60 faizini yerli aqrar istehsal hesabına ödəyə bilir..ÿ
Niderland torpağıyla neftimizdən çox qazanır. Yaxud Niderland 1,9 milyon hektar kənd təsərrüfatına yararlı torpaqda (ölkəmizin anoloji göstəricisinə nisbətən 2,2 dəfə az) Azərbaycanla müqayisədə şərti baş hesabı ilə 2,5 dəfə çox mal-qara saxlayır (Azərbaycanda 3,1 milyon, Niderlandda isə 7,5 milyon şərti baş mal-qara var), bu ölkənin təkcə təzə süd ixracından əldə etdiyi gəlir (təxminən 500 milyon dollar) az qala Azərbaycanın bütün aqrar ixracının dəyərinə bərabərdir. 2008-ci ildə Niderlandın aqrar sektorunda 60 milyard dollar məbləğində əlavə dəyər yaranıb ki, bu Azərbaycanın həmin ildəki ÜDM-dən 1,5 dəfə çoxdur. Digər tərəfdən, Niderlandda aqrar sektorda 377 min nəfər, Azərbaycanda bundan 3,5 dəfə çox işçi qüvvəsi çalışır. Niderlandda bir kənd təsərrüfatı işçisinə düşən əlavə dəyərin məbləği 159 min dollar, Azərbaycanda bundan təxminən 80 dəfə az - 2 min dollar təşkil edir.
Məsələn, taxılın məhsuldarlığı Danimarka və Çexiyada 50-55, Almaniya və Fransada 60-65, Azərbaycanda isə cəmi 20-25 sentner təşkil edir. Azərbaycanda bir inəyin il ərzində süd verimi cəmi 1000-1100 kq, Latviya, Estoniya və Almaniyada uyğun olaraq 5000-7000 kq intervalında dəyişilir. Bir şərti mal-qara hesabı ilə Azərbaycanda illik ət istehsalı 50-52 kq, Danimarkada 230, Baltik ölkələrində isə 150-160 kq təşkil edir. Azərbaycanda aqrar məhsulların emal şəbəkəsi də olduqca zəif inkişaf edib. Ölkəmizdə cəmi 30 ət emalı müəssisəsi, 12 şərab zavodu fəliyyət göstərdiyi halda, ərazi və əhalicə az qala Azərbaycandan 3 dəfə kiçik olan Moldovada 245 ət emalı müəssisəsi, 50-dək şərab zavodu fəaliyyət göstərir.
ITYIB-nın araşdırması göstərir ki, Azərbaycan aqrar sektorun durumuna görə nəinki inkişaf etmiş ölkələrlə, hətta bazar münasibətlərinə keçidlə bağlı bizimlə eyni start vəziyyətində olan MDB ölkələrilə müqayisədə xeyli əlverişsiz mövqedədir. Məsələn, taxıl, süd, kartof və yumurta istehsalının adambaşına həcminə görə Azərbaycan 12 MDB ölkəsi arasında 7-ci, ət istehsalının adambaşına həcminə görə 8-ci, tərəvəz məhsullarının adambaşına həcminə görə isə 5-ci yerdə qərarlaşıb. Bütün bunlar Azərbaycanda aqrar sektorun necə acınacaqlı durumda olduğunu bir dahaÿortaya qoyur.
Müqayisəli təhlilləri istənilən qədər artırmaq olar. Sadəcə bir neçə nümunə ilə ərzaq təhlükəsizliyinin hansı səviyyədə olduğunu göstərmək istədik.
Digər tərəfdən hakimiyyətin öyündüyü “Aqrolizinq” də özünü “göstərdi”. Məlum oldu ki, bu sahədə yüksək səviyyədə korrupsiya əməliyyatları həyata keçirilib, gübrələr satılaraq mənimsənilinb və.s Eyni zamanda Azərbaycanda bütün sahələr monopoliyadadır və azad sahibkarlıq “məhbəs” həyatı yaşayır. Yəni, iri məmurlar istədikləri ərzaq məhsulunu qonşu ölkələrdən gətizdirir və istədikləri qiyməti bazara diktə edə bilirlər. Sadə vətəndaş isə banandan tutmuş, quru südə qədər hər hansı məhsulu gömrükdən keçirdə bilmir. Yəni, ölkənin ərzaq təminatı iri məmurların sayəsində idxaldan asılı vəziyyətə düşüb.
Real vəziyyət budur ki, “Kənd təsərrüfatı ili” elan edilsə də, uzun illər davam edən mənfi tendensiya qüvvədə qalır. Bu tendensiyanın davam etdiyi müddətdə, ərzaq təhlükəsizliyindən danışmaq, zəruri addımlardan bəhs etmək absurddur.
Ölkə başçısı həmişə olduğu kimi vəd verir, amma əməl etmir. Çünki, sadaladığımız neqativ halları prezident də bilir və hər hansı əməli addım atmır.
Akif