Ekspertlər məlum artımın min və ya iki min müəllimə tətbiq ediləcəyini bildirir
Bəlli olduğu kimi, 2015-ci il, yanvar ayının 16-da prezident sərəncamı ilə Bakıdakı dövlət təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb. Sərəncam 2015-ci il yanvarın 1-dən qüvvəyə minsə də, müəllimlər hələ ki yanvar və fevral aylarının artımını ala bilməyib. Qeyd edək ki, maaşları artan müəllimlər təxminən 30 min nəfər təşkil edir. Sərəncamdan sonra çoxları elə bilirdi ki, müəllimin hazırda aldığı maaş 2-yə vurulacaq. Ancaq əslində bu, belə olmayacaq.
Bakı Şəhəri üzrə Təhsil Idarəsinin Ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən açıqlamada deyilir ki, sərəncamın icrası ilə bağlı müəllimlərin dərs yükü normasının və maaşların yeni dərəcələrinə dair sənədlər paketi hazırlanıb təhsil, maliyyə, ədliyyə, əmək və əhalinin sosial müdafiəsi nazirlikləri arasında razılaşdırılaraq hökumətə təqdim edilib.ÿYeni norma tətbiq ediləndən sonra müəllimlərin 1 dərs saatının dəyəri orta hesabla 35 faiz artacaq. Qüvvədə olan qanunvericiliyə görə, hazırda ilk dəfə işə başlayan ali təhsilli müəllimin tam stavka maaşı (10-cu dərəcə) 155 manat təşkil edir. Yəni 1 dərs saatı üçün 12.9 manat. 1 dərs saatının dəyəri müəllimlərin dərəcələri artdıqca dəyişir. Müəllimlərin dərəcələri isə onlar işə başladıqdan 5, 8, 13, 18 il tamamlanarkən buna müvafiq dəyişir. Bakı Şəhəri üzrə Təhsil Idarəsinin rəsmi açıqlamasına görə, yeni norma tətbiq ediləndən sonra, müəllimlərin 1 dərs saatının dəyəri orta hesabla 35 faiz artacaq. Bu o deməkdir ki, əgər hazırda müəllim 1 dərs saatına görə 15 manat alırsa, həmin 15 manat 35 faiz artacaq (15x35=20.25 manat). Alınan rəqəm (20 manat 25 qəpik) müəllimin həftəlik dərs saatına (məsələn 18 saat) vurulacaq. Beləliklə, 1 dərs saatına görə 15 manat alan və həftədə 18 saat dərs deyən müəllimin maaşı sözügedən sərəncamla nəzərdə tutulan artımla birlikdə 364 manat olacaq. Məlum sərəncamdan bir müddət keçsə də, müəllimlərin artan maaşlarının verilməsi məsələsi düyünə düşüb. Məsələni şərh edən iqtisadçı-ekspert Nemət Əliyev xatırladır ki, məlum fərmanda bir məqama diqqət yetirilməlidir. Belə ki, Təhsil Nazirliyinin müəyyən etdiyi diaqnozdan keçən müəllimlər artıma ümid edə bilərlər:
“Müəllimlərin dərs yükü 1,8 dəfə artırılırdısa, həmin müəllimlərin maaş artımı əldə etmək imkanları olur. Təhsil Nazirliyi elan edib ki, diaqnozu qoyulan müəllimlərin sayı 30 min olub. Bunu müəyyən etmək üçün bir ildən çox vaxt lazım gəlib. 30 min nəfərin maaşında artım yoxdursa, deməli, həmin müəllimlərin dərs yükünü artırmaq mümkün olmayıb. Dərs yükünü artırmayıblarsa, onlar maaşlarının artımını görə bilməyəcək. Fərman veriləndə bu məsələ məlum idi və bu da müəllimlərin kütləvi şəkildə ixtisarına səbəb ola bilərdi. Bu gün ölkənin təhsil sektorunda 680 min nəfərə yaxın müəllim varsa, onda onların dərs yükünün 1,8 dəfə artırılması başqa müəllimlərin dərslərinin kəsilərək onlara verilməsi deməkdir”. Iqtisadçı qeyd edir ki, maaşların artırılmasına ümid çox azdır. Həmin sərəncamla müəllimləri sevindirdilər, indisə məsələ dalana dirənib. Manatın devalvasiyasından sonra və dünyada neftin qiymətinin kəskin düşməsi fonunda problemlər yaranıb. Hökumət dövlətin təsdiq olunmuş büdcəsini doldurmaqda problem yaşayırsa, müəllimlərin maaşını haradan qaldıracağı cavabsız sual yaradır. Ekspert bu yöndə qənaətini bildirərək maaşların artırılmayacağını düşünür. Ekspertə görə bu məsələ çox az - min və ya iki min müəllimə şamil edilə bilər.