“Putinin bu qərarı Rusiyada böyük rezonans doğuracaq”

10-03-2015, 22:06   
“Putinin bu qərarı Rusiyada böyük rezonans doğuracaq”
“Bu hadisə ilə bağlı təəccübümü gizlədə bilmirəm. Ən azı Kadırova bu medalı bir aydan sonra da vermək olardı”. Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O, Putinin belə tələsməsinin səbəbini anlamaqda çətinlik çəkdiyini bildirib: “Çünki Nemtsovun öldürülməsi ilə bağlı bütün məsələlərdə çeçenlərin günahkar görüldüyü və hətta onlardan birinin bunu etiraf etdiyi, digərinin isə özünə qəsd etdiyi, eyni zamanda, çeçen şimal batalyonu üzvlərinin qınandığı bir vaxtda Kadırovun “Şərəf” ordeni ilə təltif olunması bütün versiyaların üzərindən bir xətt çəkərək gündəmdə yalnız bir versiyasının olmasının əsaslandırılmasına şərait yaradır. Orden verilmə məsələsi Nemtsovun öldürülməsi ilə bağlı müəyyən şübhələrin hamısını aradan götürərək, yalnız bir hədəfi açıq saxladı. Bu nöqteyi-nəzərdən də hesab edirəm ki, istintaq hansı qərarı qəbul edirsə-etsin, xalqın Nemtsovun öldürülməsi ilə mövqeyi bu ordenin verilmə mərasimi ilə sıx bağlı olacaq və insanlar müxalifətçi liderin qətlində yanlış qənaətlərə gəlməyəcəklər. Zənnimcə, bu, Rusiyada yeni bir dövrün başlanğıcını qoydu. Düzdür, indiyə qədər də siyasi qətllər olmuşdu. Ancaq budəfəki olay və bunlar arasındakı səbəb və nəticə əlaqələrinin Rusiyanı tərpətdiyini desək, yanılmarıq. Bu tərpəniş bundan sonra da davam edəcək. Nemtsovun qətli Ukrayna hadisələrinə bərabər bir hadisədir. Rusiya xalqı tez və ya gec günahkarlardan cavab tələb edəcək”. Xatırladaq ki, dünən Rusiya Prezidenti Vladimir Putin Çeçenistan Prezidenti Ramzan Kadırovu “Şərəf” ordeni ilə təltif edib. Nemtsovun qətlində çeçenlərin şübhəli bilinməsi və onlardan birinin hərbçi olması, vaxtilə hərbi xidmətlərinə görə mükafatlandırılması fonunda Kadırovun təltif edilməsi müəyyən narazılıq yaradıb. Peskov isə bunun təsadüf olduğunu deyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar