Məlum olub ki, hətta son aylarda inflyasiyadan sonra belə qonşu ölkədə Həcc qiymətləri Azərbaycanla müqayisədə daha ucuzdur
Türkiyədə bu ilki həcc ziyarəti qiymətləri açıqlanıb. A24.az saytının məlumatına görə, Türkiyədən bu il 55 540 zəvvar həccə gedəcək və onlar ödənişləri avro ilə deyil, dollarla ödəyəcək. Beləliklə, bu il Türkiyədən həcc ziyarətinə getmək istəyən zəvvarlar bunun üçün 3600 dollar və ya 9500 lirə pul ödəməli olacaqlar. Ötən il türkiyəli zəvvarlar həcc ziyarəti üçün 2780 avro ödəyiblər ki, bu da indiki kursla 7840 lirə edirdi.
Bu vaxta qədər Türkiyədə Diyanət İşləri Başqanlığı həcc ziyarətləri zamanı avro ilə aldığı xərcləri dollara çevirib Səudiyyə Ərəbistanına təqdim edirdi. Lakin bu dəfəki həcc ziyarətlərində Diyanət İşləri Başqanlığı tələb olunan xərcləri vətəndaşlardan dollarla almağa başlayıb. Verilən bu qərar dolların dəyərinin artması ilə əlaqələndirilərək böyük müzakirələrə səbəb olub.
Ancaq Diyanət İşləri Başqanlığı verilən qərarın dolların yüksəlməsi ilə əlaqəsinin olmadığını bildirib. Qərarın 2014-cü ilin noyabr ayında verildiyini qeyd edib. Dollarla ödəniləcək bu ziyarət isə həccə gedənlərin cibindən daha çox vəsait aparacaq.
Qeyd edək ki, hətta bu qiymətlər belə Azərbaycanla müqayisədə xeyli ucuz hesab olunur. Çünki Azərbaycanda ötən il zəvvarlar nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən hotellərdə qalmaq şərtilə 3250 manat, başqa sözlər köhnə kursla 4 min dollardan bir qədər artıq, nisbətən daha yaxşı şəraitli və yeməklər təklif olunan paket üçün isə 4100 manat və ya 5200 dollar civarında pul ödəyirdilər. Fevralda manatın devalvasiya qərarından sonra Azərbaycanda həcc qiymətlərində hər hansı dəyişikliyin olub-olmadığı bəlli olmasa da, hətta köhnə qiymətlərlə belə götürəndə Azərbaycanda ziyarət qiymətləri qonşu ölkələrlə müqayisədə müəyyən qədər bahadır.
Ancaq məlum olub ki, devalvasiyadan sonra QMİ-də həcc qiymətlərinə “əl gəzdirib”. İlahiyyat Məscidinin imamı Ceyhun Rüstəmov a24.az saytına açıqlama verərək bildirib ki, bu il VİP xidmətlərlə Həcc ziyarəti 5750, adi xidmətlərlə isə 4700 dollar olacaq. Artıq QMİ-də həcc ziyarətinə sənəd qəbulu da başlayıb. O da məlum olub ki, bu ildən həcc ziyarətinə getmək istəyənlər mütləq biometrik pasporta sahib olmalıdırlar. Bundan başqa, şəxsiyyət vəsiqəsi, şəkil və tibbi arayış təqdim edilməlidir.
Azərbaycanda həcc ziyarətini yalnız Qafqaz Müsəlmanları İdarəsi həyata keçirir. Bu səbəbdən də idarənin tətbiq etdiyi qaydalar bütövlükdə Azərbaycandan gedən zəvvarlar üçün məcburi hesab olunur. QMİ isə özünə bəlli olan səbəblərdən tez-tez qiymət artımına gedir və hazırda araşdırmalarımıza görə, Azərbaycanla qonşu olan respublikalarda həcc qiymətləri bizdə olduğundan müəyyən qədər ucuzdur. Ancaq halbuki 2008-ci ilə qədər Azərbaycanda Həcc ziyarətini QMİ ilə yanaşı bir neçə özəl şirkət də təşkil edirdi. 2009-cu ildə Azərbaycanda Həcc ziyarətinin ölkə üzrə kvotası 6 min nəfərdən 2 minə endirildi, o cümlədən ziyarət təşkil edən digər şirkətlərin lisenziyası ləğv edilərək bu hüquq yalnız QMİ-yə tanındı. QMİ isə qiymətləri özü diktə edir. Yeri gəlmişkən, qiymətlərlə yanaşı, qonşu Türkiyədə ziyarət xidmətləri və zəvvarların qida, tibbi təminatları Azərbaycanla müqayisədə daha yüksək səviyyədə olur.
Xatırladaq ki, 2012-ci ildə VİP xidmətlərlə həcc ziyarəti 3850 manat, adi xidmətlər isə 3090 manat təşkil edib. Son iki ildə isə nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən otellərdə qalmaq istəyən zəvvarlar 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan otellərdə qalmaq istəyən zəvvarlar isə 4100 manat ödəməli olublar. Bu il isə məlum olduğu kimi, Həcc ziyarəti VİP xidmətlərlə 5750, adi xidmətlərlə isə 4700 dollar olub. Deməli, bu il adi xidmətlərlə Həcc ziyarətinə gedənlər təxminən 1500, VİP xidmətlərlə gedənlər isə 1700 manat əlavə pul ödəməli olacaqlar.
Kənan, musavat.com[media=https://www.youtube.com/watch?v=WzxkVD6e9cM]