Son zamanlar Ermənistanla sərhədlərinin açılması və münasibətlərin normallaşması məsələsi yenidən Türkiyənin ictimai-siyasi həyatında geniş müzakirə olunan aktual məsələlərdən birinə çevrilib. Təbii ki, qondarma “erməni soyqırımının” yüz illiyi ərəfəsində Ankaranın dünya erməniliyinin fəallığını nəzərə alaraq atdığı addımlar da, öz növbəsində, bu məsələnin qabarmasına öz təsirini göstərir. Belə getsə, rəsmi Ankara bir müddət sonra bizi fakt qarşısında qoyacaq.
Bu iddia ilə “Bakı xəbər” qəzetində yazı dərc olunub.
“Qafqazinfo” həmin yazını olduğu kimi təqdim edir:
1993-cü ildə Kəlbəcərin işğalından sonra Türkiyənin Ermənistanla sərhədləri qapatmaq qərarı Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilib, dünya birliyi isə bunu iki qardaş ölkə arasında qarşılıqlı münasibətlərin xarakterindən irəli gələn addım kimi qəbul edib. Birmənalı şəkildə deyə bilərik ki, Türkiyənin Azərbaycan torpaqlarının işğalına səssiz qalmaması, Ermənistana yönəlmiş sərt mövqeyi həm də türkdilli dövlətlər arasında sağlam əməkdaşlıq mühitinin formalaşması üçün zəruri əsas yaratdı.
Eyni zamanda nəzərdən qaçırılmamalıdır ki, Ermənistan konstitusiyasında Türkiyənin ərazi bütövlüyünü təhdid edən maddələrin yer alması, Türkiyənin "soyqırım törətməkdə" ittiham edilməsi də bu iki ölkə arasında münasibətlərin bərpasına mane olan faktorlardandır. Üstəlik, rəsmi İrəvanın "soyqırım"la əlaqədar bu günlərdə qəbul etdiyi bəyannamədə də Türkiyəyə qarşı siyasi, iqtisadi, maliyyə və ərazi iddiaları irəli sürülüb.
Göründüyü kimi, aradan keçən 20 il ərzində Ermənistanda bir neçə dəfə hakimiyyət dəyişikliyi baş versə də, bu ölkənin hərbi təcavüz ritorikası və əsassız iddialar üzərində qurulmuş dövlət siyasətində heç bir dəyişiklik olmayıb, həmçinin Azərbaycan ərazilərinin işğal faktı da ortadan qalxmayıb. Beləliklə, Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün heç bir siyasi və hüquqi zəmin yaranmayıb.
Lakin bütün bunlara baxmayaraq, 2009-cu ildə Türkiyənin təşəbbüsü ilə Ermənistanla aparılan danışıqlarda əhəmiyyətli məsafə qət olunsa da, Azərbaycan məlumatlandırılmamışdı. Avropa Birliyi və ABŞ-ın moderotorluq etdiyi danışıqların üzərindən gizlilik pərdəsi qalxdıqdan sonra Türkiyə hökuməti güclü daxili təzyiqlərə məruz qalmışdı. Eyni zamanda, Azərbaycanın haqlı etirazı ilə də üzləşən AKP iqtidarı türk dünyasına açılan yeganə qapını - Azərbaycanı itirmək təhlükəsi ilə qarşı-qarşıya qaldığı üçün geri addım atmışdı. Əlbəttə, Sürixdə xarici işlər nazirləri Əhməd Davudoğlu ilə Edvard Nalbandyan tərəfindən Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını ehtiva edən protokolların imzalanma mərasimində böyük zəfərin şəhvətinə qapılan Qərb liderləri danışıqların fiasko ilə nəticələnməsinə görə dərin məyusluq hissi keçirdilər. Uzun müddət onları bu sual narahat etdi: Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulmasına nə mane oldu? Çox çəkmədən cavab və yeni "yol xəritəsi" masanın üzərində qoyuldu. Bütün münasibətləri mənafe üzərində qurulan solğunbənizli avropalı liderlər iki nüansı gözdən qaçırmışdılar: Azərbaycanla Türkiyə xalqları arasında güclü mənəvi bağlılığı və Anadoluda əsrlərin süzgəcindən keçib gələn sınanmış bir məsəlin hələ də qüvvədə olması: "İt dərisindən post (kürk),ermənidən dost olmaz...".
Deməli, elə buradan başlamaq lazım idi. Azərbaycan və Türkiyə xalqları arasında etimad mühitini sarsıtmaq, psixoloji baryer yaratmaq və ictimai şüurla manipulyasiya edərək, "ögey azərbaycanlı" obrazını formalaşdırmaq...
"Ögey azərbaycanlı" obrazının fonunda isə "məzlum erməni" obrazı önə çəkilməli idi. Təbii ki, bunu rəsmi Ankara edə bilməzdi. Ona görə də bu missiya QHT-lərə və "müstəqil" media orqanlarına həvalə edildi.
Brüssel ən incə detallarına qədər düşünülmüş planın icrasına başlamaq üçün 250 milyon avro büdcə ayırdı və Türkiyədə "Ermənistan-Türkiyə normallaşma prosesinə dəstək proqramı" adlı çoxşaxəli fəaliyyət platforması işə başladı.
Gəlin bu cümləni - "Ermənistan-Türkiyə normallaşma prosesinə dəstək proqramı" - zərrəbin altına alaq. Belə məlum olur ki, bu platformanın yaradılmasında məqsəd Ermənistanla Türkiyə arasında normallaşma prosesinə dəstək verməkdir. Deməli, Türkiyəyə rəhbərlik edən şəxslərin bizə və öz ictimaiyyətlərinə söylədiklərinin əksinə olaraq, Türkiyədə Ermənistanla hansısa rəsmi normallaşma prosesi də mövcuddur. Sadəcə olaraq, bu proses indi daha gizli və daha peşəkar şəkildə icra edilir.
Normallaşma proqramında ilk olaraq Türkiyə və Ermənistandan səkkiz QHT bir araya gəldi. Onlara həvalə olunmuş missiya bu iki ölkə arasında mədəni əlaqələri gücləndirmək, kino, rəsm, heykəltəraşlıq, mətbəx, musiqi və incəsənət sferalarında əməkdaşlıq körpüləri qurmaq idi. Eyni zamanda hər iki ölkənin media orqanları arasında məqsədəuyğun informasiya mübadiləsinin yaradılması da həyata keçirilməsi vacib məsələlərdən biri idi. Məhz bu proqram çərçivəsində "Media avtobusu" adlı layihə icra olunmağa başladıqdan sonra türkiyəli jurnalistlərin Ermənistana və əksinə, erməni jurnalistlərin Türkiyəyə səfərləri reallaşdırıldı. Erməni konyakı və türk rakısı ilə yadda qalan bu səfərlər tezliklə öz bəhrəsini verməyə başladı. Adi vaxtlarda hər fürsət düşəndə türk bayrağını yandıran ermənilər Türkiyə KİV-ində qədim Anadolunun mədəni və küskün övladları kimi təbliğ edilməyə başladılar.
Bu plana informasiya dəstəyi verən "Doğan Media Holdinq" isə erməni jurnalistləri əməkdaşlığa dəvət etdi. Erməni jurnalistlər "CNN Türk"də təcrübə keçməyə, Ermənistan və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, eyni zamanda Türkiyə-Ermənistan münasibətlərinin reabliatasiyasına yönəlmiş xəbərlər hazırlamağa başladılar. Azərbaycan-Türkiyə qardaşlığının daha da bərkiməsinə töhfə verə biləcək informasiyalar isə xəbər arxivinin hansısa bir periferiyasına itələndi. Bütün bunlar planın birinci hissəsi idi. Məhz bu hissədə Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsini Türkiyə erməniləri və onlara məxsus QHT-lər dilə gətirməli idi. Belə olduğu təqdirdə həm ölkə ictimaiyyəti Türkiyə hökumətinə irad tuta bilməzdi, həm də Azərbaycanla münasibətlərə kölgə düşməzdi. Planın ikinci mərhələsində isə Türkiyə cəmiyyətinin düşüncə tərzinə təsir imkanları olan, kifayət qədər məşhur və etibarlı QHT-lər Türkiyə ilə Ermənistan arasında qurulan körpünün növbəti dayağı olmalı idilər. Plan dəqiqliklə yerinə yetirildi.
Prezident Rəcəb Tayyip Ərdoğan Qarabağ işğaldan azad edilməyincə sərhədlərin açılmayacağını dəfələrlə desə də, bu mövzu artıq Türkiyənin nüfuzlu QHT-ləri tərəfindən müzakirəyə çıxarılıb. Bəzi ehtimallara görə, Ermənistanla münasibətlər mövzusunda Ərdoğanla baş nazir Davudoğlu arasında fikir ayrılığı var. Vaxtilə ermənistanlı həmkarı, Xocalı qatili Serj Sarkisyanın rahat əyləşib futbol izləməsi üçün lojaya Svarovski daş-qaşıyla bəzədilmiş kreslo qoyduran sabiq prezident Abdullah Güldən fərqli olaraq, Ərdoğan "Futbol diplomatiyası"na da məsafəli davranmışdı. Ərdoğan ermənilərə elə də xoş hisslər bəsləmir. Hətta televerilişlərin birində işlətdiyi "Mənə çox ağır sözlər söylədilər. Üzr istəyirəm, mənə erməni dedilər" cümləsi Türkiyə ermənilərinin hiddətinə səbəb olmuşdu.
Ərdoğanın əksinə olaraq, özünü siyasi düha hesab edən Davudoğlu "Türkiyənin Kissinceri" olmağa iddialıdır və Ermənistanla sərhədlərin açılması onun planları daxilindədir. Hətta bir neçə gün bundan əvvəl Ərdoğan və Davudoğlunun Türkiyə-Ermənistan münasibətləri barəsində səsləndirdiyi fikirlər də bir-birini tamamlamır. Ərdoğan Azərbaycan torpaqları və Qarabağ işğaldan azad olmayınca Ermənistanla sərhədlərin açılmayacağını desə də, Davudoğlu Türkiyə erməniləri ilə görüşdə "Ermənistan heç olmasa bir Azərbaycan rayonunu işğaldan azad etsəydi, sərhədləri açacaqdıq", deyə öz təəssüfünü bildirib. Davudoğlu tərəfindən Etyen Mahcupyan adlı Türkiyə ermənisinin baş nazirin müşaviri təyin olunması da bu planın tərkib hissəsidir. O bununla Ermənistanla münasibətlərin qurulması çərçivəsində Azərbaycanın maraqlarının ikinci planda olduğunu dolayısı ilə ifadə etdi.
Gəlin, Türkiyənin hökumətyönlü QHT-lərindən birinin fəaliyyətinə nəzər salaq. Türkiyə İqtisadi Siyasi Tədqiqatlar Fondu (Türkiyə Ekonomi Politikaları Araştırma Vakfı-TEPAV) fevralın 13-də "ciddi" bir təqdimata imza atıb. Təqdimatın mövzusu isə olduqca maraqlıdır: "Türkiyə və Ermənistan arasında təmasların və biznes sinerjisinin gücləndirilməsi".
TEPAV 2004-cü ildə Türkiyə hökuməti üçün iqtisadi və siyasi layihələr hazırlamaq məqsədilə yaradılıb. İdarə heyətində Nihat Ali Özcan kimi millətçi dünyagörüşü ilə seçilən insanlar üstünlük təşkil edir. TEPAV-ın sədri Rifat Hisarcıklıoğlunun geniş maliyyə imkanlarına və siyasi əlaqələrə malik olduğu bildirilir. İndiyə qədər Hısarcıklıoğlunun həyata keçirdiyi bütün layihələr Türkiyə dövlətinin mənafeyinə xidmət edib. Dövlətin inanılmış adamı olan Hısarcıklıoğlu Türkiyənin sədrliyi ilə keçiriləcək "G-20" zirvəsinin də təşkilatçılarından biridir. "G-20" platformasında fəaliyyət göstərən və QHT-lərdən ibarət olan "T-20" qrupuna məhz TEPAV rəhbərlik edir. İndi qayıdaq məlum tədbirə.
Tədbir, əsasən, TEPAV-ın 2013-cü ilin noyabrında Ermənistana göndərdiyi faktaraşdırıcı missiyanın hesabatına həsr olunub. Düşündürücüdür, TEPAV Ermənistanda nəyi və necə araşdırır? TEPAV-ın nəzdində fəaliyyət göstərən Türkiyə-Ermənistan normallaşma layihəsinin koordinatoru Üssal Şahbaz tədbirdə moderatorluq edərək, Türkiyə-Ermənistan diplomatik münasibətləri bərpa ediləcəyi təqdirdə hər iki ölkənin iqtisadiyyatında böyük sıçrayış olacağını, informasiya və kommunikasiya texnologiyaları, eyni zamanda turizm sahəsində əməkdaşlığın "fantastik" qazanc gətirəcəyini iddia edib.
Xatırladaq ki, Ü.Şahbazın şəxsi Twitter səhifəsi tamamilə Ermənistana səfərləri, təəssüratları və qurulacaq əlaqələrin perspektivlərinə həsr edilib. Görünür, Almaniyanın Marşal Fondu bu səfərləri maliyyələşdirməklə yanaşı, Ü.Şahbazın da maddi tələbatını ödəyir.
Tədbirdə Ermənistan tərəfindən Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Kirakosyan sərhədlərin açılmasının zəruriliyindən, Azərbaycanın Ermənistanla Türkiyə arasında əlaqələrin inkişaf perspektivinə vurduğu zərərlərdən danışıb. Bəli, qardaş ölkənin paytaxtında yüksək səviyyədə qarşılanan erməni qonaqlar bu tipli yarımrəsmi tədbirlərdə Azərbaycanın kölgəsini qılınclayırlar. Maraqlıdır, Fətullah Gülənin türkcə olimpiadalarının Türkiyədə kecirilməsini haqlı olaraq qadağan edən Türk hökuməti əli Azərbaycan türklərinin qanına bulaşmış ermənilərin Türkiyənin müxtəlif şəhərlərində tədbirlər keçirərək anti-Azərbaycan təbliğatı aparmasını niyə qadağan etmir?
Vaxtilə Avropada silsilə tədbirlər kecirərək qondarma "erməni soyqırımı" iddialarını ifşa etməyə çalışan TEPAV-ın rəsmi saytının Qafqaz bölməsində təşkilatın Ermənistanla bağlı fəaliyyət planı belə izah edilib: "Fəaliyyətimiz Türkiyə və Ermənistan arasındakı təmasları intensivləşdirməyə, əlaqələri şaxələndirməyə, siyasi yaxınlaşmanın cəmiyyət həyatında müsbət qarşılanmasını təmin etməyə, rəmzi addımlara münasibətləri inkişaf etdirmək üçün formalaşan siyasi iradəni ön plana çıxarmağa həsr olunub. Layihələrimiz sərhədlərin arxasındakı təsir gücümüzü artıracaq, regional inkişafa xidmət edəcək, yerli əhali üçün yeni gəlir mənbəyinə çevriləcək və ortaq Türk-Erməni-Anadolu kimliyinə xidmət edəcək".
Hər bir paradoksal vəziyyət müəyyən suallara səbəb olduğu kimi, bu situasiyada da belə bir sual yaranır: TEPAV kimi ciddi və hər zaman milli mövqedən çıxış edən təşkilat niyə erməniləşdi? Düzdür, TEPAV özü ermənipərəst fəaliyyətini iqtisadi amillərlə əsaslandırır. Amma bu da bir həqiqətdir ki, Ermənistanın xəstə və iflic iqtisadiyyatı Türkiyəyə yaxşı heç nə vəd etmir.
Qeyd edək ki, TEPAV-la yanaşı, Türkiyənin bəzi digər beyin mərkəzləri də Ermənistanla münasibətlərin normallaşması, daha doğrusu, ictimai fikri Ermənistanın lehinə yönləndirmək üçün çalışırlar. Əslində onlar bu mürəkkəb şahmat oyununda irəli sürülmüş fiqurlardır.
Ümumiyyətlə, etiraf edilməlidir ki, Türkiyə hakimiyyəti ictimai rəylə çox məharətlə işləyir. Bir müddət sonra Türkiyə hökuməti Ermənistanla sərhədlərin açılması üçün güclü "daxili təzyiqə" məruz qaldığını bəhanə etsə, təəcüblənmərik. Böyük ehtimalla, Azərbaycanın könlünü almaq üçün Türkiyə Ermənistanla münasibətlərin mərhələli bərpasına əl atacaq. Öncə sərhədlər açılacaq, sonra isə digər istiqamətlərdə işlər davam etdiriləcək.
Yuxarıda TEPAV-ın türk hökuməti ilə ciddi əlaqələri olduğunu qeyd etmişdik. Təsadüfi deyil ki, bu tədbirdə Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi də iştirak edib. Diqqət edin, biz artıq bu kimi məsələlərdə erməni lobbisi, onun nəzarətində olan HrantDink Vəqfi, "Aqos", "Жamanak" kimi təşkilatlar və media orqanları ilə mübarizə aparmırıq. Bizim qarşımızda indi yeni rəqib, daha doğrusu, müqəvva, - hakimiyyətyönümlü Türkiyə QHT-ləri var.
AB tərəfindən diqtə edilən bu ssenari eyni zamanda Ermənistanı Rusiya asılılğından xilas etmək və beləliklə, Rusiyanın Cənubi Qafqazda rolunu minimuma endirmək məqsədi güdür. Ermənistanı Rusiyadan asılı edən, hətta onu Rusiyadan qopmağa qoymayan əsas sfera isə hərbi sahədir. Deməli, Türkiyə və Ermənistan arasında münasibətlər bərpa olunsa, tədricən sonuncunu Rusiyadan uzaqlaşdırmaq üçün erməni ordusunda NATO standartlarını tətbiq etmək lazım gələcək. Belə olduğu təqdirdə isə erməni ordusuna türk zabitləri təlim keçməlidir. Bu gün bu versiya bəlkə də inandırıcı səslənmir, amma türk ordusu hazırda vaxtilə üz-üzə döyüşdüyü peşmərgələrə hərbi təlim keçir. Uzun müddət türk ordusuna böyük tələfat verən peşmərgələr isə Türkiyə üçün ermənilərdən qat-qat təhlükəli sayılırdı. Qlobal siyasətdəki dalğalanmanın dövlətlərin milli siyasətlərində hansı dəyişikliklərlə müşahidə olunacağını öncədən proqnozlaşdırmaq çətin olsa da, bu gediş Türkiyəni Ermənistanla ciddi yaxınlaşmaya doğru aparır. Amma unudulmamalıdır ki, Qərbin Türkiyə-Azərbaycan strateji müttəfiqliyində yaratmaq istədiyi Ermənistan uçurumu türkdilli dövlətlərin getdikcə güclənən əməkdaşlıq cəhdlərinə də təsirsiz ötüşməyəcək...
Tahir Tağıyev