“1000 manatlıq fahişələr”in saytı açıldı və... bağlandı

12-03-2015, 10:04   
“1000 manatlıq fahişələr”in saytı açıldı və... bağlandı
Məşhur Hollivud aktrisasını Azərbaycana “gətirən” “işbazlar” kimdir?

İnternetdə yeni, Azərbaycanda eskort-xidmətlər təklif edən ilk sayt yaradılıb. Azxeber.com saytının xəbərinə görə, bakuescortgirls saytı “.com” domen zonasında yaradılıb. Saytda ön səhifədə “xanımlar” tərif edilir: “...Bizim gözəl xanımlarımız öz gənclikləri, zərifliyi, həssaslığı ilə sizi heyran edəcək və siz əlbəttə ki, onların xidmətlərindən razı qalacaqsınız. Siz özünüz də əmin ola biləcəksiniz ki, biz ən yüksək standartlara sadiqik və ən gözəl qızlarla əməkdaşlıq edirik”.

İnternetdə apardığımız axtarış nəticəsində məlum oldu ki, bu sayt Kristina Novikova adlı şəxs tərəfindən yaradılıb, saytın sahibinin ünvanı Bakının Mirzəağa Əliyev küçəsində yerləşir.
Saytda 7 qızın fotoşəkli yerləşdirilib və onlar aşağıdakı adlarla çıxış edirlər: Kristi, Olqa, Lətifa, Feyza, Uliana, Culiya və Xədicə.

Həmçinin saytda eskort-xidmətlərin qiymətləri də göstərilib. Belə ki, qızlardan biri ilə görüşün 1 saatının qiyməti 300 manatdır. 2 saatın qiyməti 450, 4 saatın qiyməti isə 600 manat təşkil edir. Qızlardan biri ilə gecə keçirmək 1000 manata, qızı 24 saatlıq məşğul etmək isə 1500 manata başa gələcək. Bundan başqa, saytda qiymət endiriminin mümkün olmadığı göstərilir, necə deyərlər, “aşağı yeri yoxdur”.

Saytın “Haqqımızda” bölməsində isə aşağıdakılar yazılıb:

“Baku Escort” şirkəti dünya səviyyəli eskort şirkətidir, öz müştərilərinə zərif qızları təklif edir. Biz biznes, təkbətək görüş, rəqs, yaxud kamın qarşısında şərab qədəhi ilə müşayiət olunacaq privat gecə üçün eskort xidmətləri təqdim edirik. Bütün əməkdaşlarımız əvvəlcədən yoxlanılır və ən gözəl xarici görünüş, yaş, danışmaq və istənilən şəxsin həyatını bəzəmək qabiliyyətləri üzrə seçilirlər. Biz müştərilərimiz üçün ən yaxşı xidmətləri təmin etmək və onların istənilən kaprizləri, fantaziyalarını ödəyə bilmək imkanımızla fəxr edirik. Bir neçə saatlıq əylənmək istəyirsiniz? Siz gözəl qızın eskort xidmətlərini birbaşa hotelinizə sifariş verə bilərsiniz. O, sizinlə istədiyiniz qədər qalacaq və sizə unudulmaz birgə istirahət bəxş edəcək".

Qeyd edək ki, Vikipediyanın yazdığına görə, eskort-xidmətlər müştərinin müvafiq imicinin formalaşdırılması üçün onun görüşlərdə, istirahətlərdə müşayiət olunması deməkdir. Əksər hallarda eskort-xidmətlər adı altında gizli fahişəliklə məşğul olurlar...

Bu, Azərbaycanda ilk olsa da, saytın saxta olduğu elə ilk saatlarda ifşa olundu. Məhz bu səbəbdən günün sonuna qədər saytın fəaliyyəti dayandırıldı. Saytın saxta olması isə orda reklam edilən qadınların kimliyi ilə bağlı idi. Belə ki, məşhur amerikalı aktrisa, rejissor və prodüsser Yeva Lonqoriyanı sayt “fahişə Lətifə” kimi təqdim etmişdi. Halbuki Y.Lonqoriya bu günə qədər çoxlu sayda filmdə və “Ümidsiz Ev Qadınları” adlı məşhur serialda çəkilib. Bundan başqa, saytda qeyd edilən telefon nömrəsinə zəng vurmaq mümkün olmayıb, zəngə cavab verilməyib. Y.Lonqoriyadan başqa saytda azərbaycanlı fahişə qadınlar kimi təqdim edilən şəxslər rusiyalı və ukraynalı modellər olub.

“Təmiz Dünya” təşkilatının sədri Mehriban Zeynalova “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əslində bu durumu insan alveri kimi qiymətləndirmək olmaz. Çünki insan alverində bir şəxsin istismarından söhbət gedir: “İnsan alverində bir şəxsin istismarı digəri tərəfindən olur və bundan gəlir götürülür. Amma bu sayt məsələsində şəxs müstəqildir. Bunun adı fahişəlikdir. Cinayət Məcəlləsində isə fahişəlik cinayət sayılmır. İnzibati Xətalar Məcəlləsinə görə, bununla bağlı hansısa cəza nəzərdə tutula bilər. Amma ”bu sayt fahişəliyin leqallaşdırılması üçün ilkin addımdır" deyənlər var. Bununla yanaşı, belə saytların bütün dünyada olması ilə bağlı fikirlər də geniş yayılıb. Bir şeyi unutmamalıyıq ki, bu cür saytların yaranması Azərbaycan kimi cəmiyyətlərdə qıcıq doğurur. Bizə elə gəlir ki, problemi görmürük. Amma açıq şəkildə xidmətlər təklif edilir. Bu cür detallar milli-mənəvi məqamlarda özünü kəskin şəkildə göstərir. Ümumiyyətlə isə belə saytlar qadınların istismar olunması, onların aşağılanmasıdır. Son nəticədə istismara gətirib çıxarır. İş yerinə gedən qadının xarici görkəminə görə qiymətləndirilməsi istismardır".

M.Zeynalovanın sözlərinə görə, fahişəlik tarixin bütün dönəmlərində olub və olacaq. Müsahibimiz dedi ki, qadının, onun əməyinin, beyninin iqtisadi cəhətdən qiymətləndirilməsi öz yerini tapmadığına görə fahişəlik də geniş yayılır: “Amma bəzi ölkələrdə fahişəliyi bu cür leqallaşdıran şəxslər, bu formada evlər açanlar avtomatik vergi ödəyicisinə çevrilir. Bu gün bu sayt açılırsa, vergi ilə məşğul olan qurumlar onunla maraqlanmalıdır. Saytda bunun elan edilməsi bu fəaliyyətin rəsmən təsdiqlənməsi anlamına gəlir. Bütün fəaliyyətlər üzrə vergi yığılırsa, seks işçilərindən də vergi yığılmalıdır”.

Müsahibimiz saytda intim xidmət üçün təklif olunan qiymətlər barədə də danışdı. Dedi ki, bu sahədə çalışanların təklif etdiyi xidmət və qiymətlər hər zaman fərqli olub. M.Zeynalovanın sözlərinə görə, küçədə, barda, saunada, evdə fəaliyyət göstərənlərlə yanaşı, çox yüksək imkanlı şəxslərə xidmət edib, astronomik məbləğ alanlar da var.

Sevinc TELMANQIZI
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar