Şəmkirli iş adamından Aslan Aslanova yeni ittihamlar

16-03-2015, 09:46   
Şəmkirli iş adamından Aslan Aslanova yeni ittihamlar

Elpərəst Həsənli: “Dediklərimin üstündə dayanıram”

“Mən demişəm, dediklərimin üstündə də dayanıram. O adamların ölümündə Aslan Aslanovun əli var. Məni məhz cinayətləri haqda danışdığım üçün həbs etdirmişdi. İstəmirdi ki, iç üzü ortaya çıxsın”. Bu sözləri redaksiyamıza müraciət edən Elpərəst Həsənli deyib.

Bildirib ki, onun fikirləri “Yeni Müsavat”da dərc ediləndən sonra Aslan Aslanov hərəkətə keçib: “Gədəbəy batalyonunun komandiri olmuş Cahangir Rüstəmovun, general-mayor Fikrət Məmmədovun və başqalarının ölümü ilə bağlı dediklərimi araşdırsınlar. Böhtan atıramsa, cəzamı çəkməyə hazıram. Açsınlar Fikrət Məmmədovun qəbrini, dediklərimi yoxlasınlar. Aslan Aslanov vəzifədə idi, arxasında Səfər Əbiyev dayanmışdı. İndi ki, vəzifədə deyil, indi araşdırsınlar. Onda görəcəklər ki, Aslan Aslanovla Səfər Əbiyev vəzifədə qalmaq üçün hansı oyunlardan çıxıblar. Əgər Fikrət Məmmədov sağ qalsaydı, o, müdafiə naziri olacaqdı. Cahangir Rüstəmov da onun dediyi ilə oturub durmurdu, əsl zabit idi. Onu da aradan götürdülər. Dediyim odur ki, araşdırsınlar, görəcəklər ki, bu işlərin arxasından Aslan Aslanov çıxacaq”.

“Aslan Aslanov Quşqarada özünə güllə atdırdı ki...”


E.Həsənli A.Aslanovun hərbi qorumaya alınmaq üçün atdığı bir addımı da diqqətə çatdırdı: “Aslan Aslanov özünü ölkə rəhbərliyinə əzab çəkən biri kimi göstərmək istəyirdi. Bunun üçün min oyundan çıxırdı. Oğlunun qətlinin motivini də elə buna görə dəyişdirməyə çalışırdı. Bilirdi ki, namus məsələsi olsa, ona deyəcəklər ki, oğlunu tərbiyə edə bilmirdin? Özünü də vəzifədən çıxaracaqdılar. Aslan vəzifədə qalmaq üçün nə desən, onu edərdi. Təki vəzifədə qalsın. O vaxt Şəmkirdə başçı olanda özünə güllə atdırmağı da vəzifə hərisliyindən idi. Gəncə yolunda Quşqara kəndi ərazisində dəmiryol keçidi var, orada maşınını güllələtdirmişdi. Özü və sürücüsü maşından düşmüşdülər, maşını Səfər Əbiyevlə Bakıdan gələn hərbçi gülləboran eləmişdi. O hərbçi həmin gün səhər Səfər Əbiyevlə birgə Bakıdan gəlib Şəmkirdə yerləşmişdilər. Ona əvvəlcədən aparıb maşını güllələyəcəyi yeri də göstərmişdilər.

Maşında 19 güllə yeri vardı. Əgər Aslan və sürücüsü həmin vaxt maşında olsaydılar, nə o, nə də sürücüsü sağ qalmazdı. Bunun da qolundan özləri vurmuşdular. Güllə sümüyünə dəymədən ətindən keçmişdi. Bu tamaşanı ona görə qurmuşdu ki, ölkə rəhbərliyi buna dəyməsin. Üstəlik, Səfər Əbiyev də ona hərbçilərdən ibarət dəstə ayırsın. O tamaşadan sonra Səfər Əbiyev ona 10 hərbçidən ibarət mühafizə ayırdı. Hara gedirdisə, həmin hərbçilər Aslanın ətrafında dolaşırdı. O qədər adamın pulunu alıb yalançı vədlər vermişdi ki, küçədə gəzməyə də qorxurdu. Aslan belə işlərlə pul qazanıb”.



“Kimin adını çəkirəmsə, qaçır onun üstünə, polis qardaşını göndərir ki...”


E.Həsənli bir məsələyə də diqqət çəkdi: “Mən danışıram, kimin adını çəkirəmsə, qaçır onun üstünə, polis qardaşını göndərir ki, amanın günüdür, qoymayın, Elpərəst danışdı. Məni adlarını çəkdiyim adamların qohumlarına əsəbləri pozulmuş biri kimi təqdim edir. Mən haqqı dediyim üçün Aslan vəzifədə olduğu vaxt tutdurdu. Başımdan, qabırğamdan, ayağımdan taxta çəkiclə Bayıl türməsində vurdurub, zəhər verdirib. Baş Prokurorluqdan qrup gəlsin, araşdırsın, görsünlər ki, dediklərim həqiqətdir. Mən onun narkotiklə bağlı işlərini də açıb deyəcəyəm. Aslan elə bilməsin ki, Gürcüstanlı qubernator Mamaladze ilə nə oyunlardan çıxdığı haqda məlumatım yoxdur. O qubernator axtarışda olanda onu Aslan gizlədirdi”.

Yada salaq ki, Lamiyə Quliyevanın məhbəsdə ana olması ictimailəşəndən sonra Şəmkirdə baş vermiş və illərlə araşdırılmayan bir çox cinayətlər haqda bilgilər ortaya çıxıb. E.Həsənli illərlə dövlət orqanlarına hazırda dilə gətirdikləri haqda şikayətlər yazıb. Amma müvafiq araşdırma aparılmayıb...

E.MƏMMƏDƏLİYEV
P.S. Yazıda adı keçən hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.