Rayonun icra başçısı Etibar Hüseynovu qəbul etmək istəməyib
Milli Məclisin deputatı Etibar Hüseynov doğulduğu rayonun Icra Hakimiyyəti başçısnın fəaliyyətindən narazılığını bildidib. Modern.az-ın məlumatına görə, Etibar Hüseynov bildirib ki, icra başçısı Alimpaşa Məmmədovun başı “Bu şəhərdə”nin aktyorları üçün konsert təşkil etməyə qarışıb.
“Bir sıra hüzr məclisləriylə bağlı 3 gündür ki, Şəmkirdəyəm. Harda oturursan camaat bazar günü rayon mərkəzində keçirilən ”Bu şəhərdə"nin konsertindən danışır. Məlum olur ki, sən demə yeni icra başçısı KVN və “Bu şəhərdə”nin qatı pərəstişkarıymış. Və konserti də şəxsən özü təşkil eləyib. Çox maraqlıdır ki, gecə-gündüz reklam olunmasına baxmayaraq, kassalarda bircə bilet belə, satışa çıxarılmayıb. Bütün biletlər Alimpaşa müəllimin tərtib elədiyi siyahı əsasında büdcə təşkilatlarına paylanıb. Bəlkə də bütün bunlara əhəmiyyət verməmək də olardı. Ancaq biləndə ki, yeni başçı “Bu şəhərdə”nin konsertiylə əlaqədar (başı möhkəm qatışıq olduğuna görə) 10 gündür ki, heç kəsi qəbul eləmir... Bax bu hal təəssüf doğurur".
Alimpaşa Məmmədov vergilər naziri Fazil Məmmədova yaxın şəxsdir. Onun Şəmkirə icra başçısı təyin olunmasında da nazirin mühüm rolu olub. Bunu Etibar Hüseynov da bilməmiş deyil. Deputat həm də bilir ki, Alimpaşa Məmmədovu tənqid atəşinə tutmaqla Fazil Məmmədovu hədəfə alır və bu onun üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Lakin görünür, Alimpaşa Məmmədovun qəbuluna düşmək istəyən deputat buna nail ola bilmədiyinə, icra başçısını Rafaellə, Coşqunun konsertinə ondan daha çox əhəmiyyət verdiyinə görə isterikaya düşüb və heç nəyin fərqinə varmadan Fazil Məmmədovun adamını “topa tutub”.
Etibar Hüseynov müxalifəti söyməklə mandat sahibi olsa da, görünür, məmurlar bu adamın mahiyyətinə bələd olduqlarından onunla görüşmək belə istəmir. Yeri gəlmişkən, bir müddət əvvəl spiker Oqtay Əsədov Etibar Hüseynova məsləhət vermişdi ki, az danışsın. “Etibar Hüseynov, sizə tövsiyyəm odur ki, ümumiyyətlə mətbuata az danışasınız”, - deyə spiker bildirmişdi. Bu deputatın qaçqın və məcburi köçkünlərlə bağlı qalmaqallı açıqlamasından sonra baş vermişdi.
Güman ki, Etibar Hüseynovun Alimpaşa Məmmədovu tənqid etməsi deputatla bağlı növbəti qalmaqala səbəb olacaq.
S.Novruz