ABŞ kəşfiyyatından Bakı və digər paytaxtlara çevriliş xəbərdarlığı

18-03-2015, 09:43   
ABŞ kəşfiyyatından Bakı və digər paytaxtlara çevriliş xəbərdarlığı

Amerika məxfi servis analitikləri hesab edir ki, Rusiya Krımda uğurla sınaqdan çıxardığı “məxməri işğal” ssenarisinin oxşar variantını “sözə baxmayan” digər həmsərhəd ölkələrə də tətbiq edə bilər; əsas hədəf GUAM üzvləri olan Ukrayna, Gürcüstan, Moldova və Azərbaycandır...
ABŞ Milli Kəşfiyyatı direktoru Ceyms R. Klepperin rəsmi saytında Birləşmiş Ştatlar təhlükəsizliyinə qlobal təhlükələr haqda hesabat dərc olunub. Kəşfiyyat birliyi tərəfindən hazırlanan sənəddə ayrıca bir fəsil Rusiyaya həsr olunub. Fəsildə söhbət Rusiyanın həm iqtisadi durumundan, həm də onun Qərb ölkələri ilə qarşılıqlı münasibətləri və hərbi doktrinasından gedir. Analitiklərin qənaətincə, Moskva dünyada hərbi təsirlərini artırmaqda davam edəcək.

“Ukrayna böhranı Rusiyanın Qərblə münasibətlərinə olduqca dərin təsirini göstərib və mütləq Rusiyanın daxili siyasəti, iqtisadi inkişafı və xarici siyasəti üçün uzunmüddətli nəticələr doğuracaq”, - deyə sənəddə qeyd edilir və ardınca Putinin öz hakimiyyəti dövründə ölkədə ən yüksək reytinqə malik olmasının səbəbinə toxunulur: “İntensiv dövlət təbliğatı rusiyalılarda belə rəy yaradıb ki, Krımı işğal eləməklə Putin tarixi ədalətsizliyi bərpa edib və superdövlət kimi Rusiyanın maraqlarını düşmən Qərblə qarşıdurmada yaxşı qoruyub”.

Analitiklərə görə, Rusiya regional inteqrasiyanı gücləndirib qonşu ölkələri Belarus və Qazaxıstan kimi Avrasiya İqtisadi Birliyinə qoşmağa çalışır. Sənəddə deyilir ki, Rusiya həmsərhəd Ukraynada hərbi və könüllü birləşmələrdən gizli şəkildə istifadəni nümayiş etdirməklə həmsərhəd digər ölkələrdə də ciddi narahatlıq yaradıb.

“Gələcəkdə Rusiya silahlı qüvvələrinin yerləşdirilməsi ehtimal ki, Rusiyanın Avropa diplomatiyası və ictimai rəyinə təsirini maksimum dərəcədə gücləndirməyə yönələcək. Rusiya hərbçiləri artıq yerləşdikləri yerlərdən uzaqlarda dəniz və hava əməliyyatlarını genişləndirmək planlarının anonsunu veriblər” - xəbərdarlıq edir hesabat müəllifləri.

Fəslin yekun hissəsində deyilir ki, Moskva nüvə və adi silahların modernləşdirilməsində, hazırlıq işləri və peşəkar vərdişlər məsələsində böyük tərəqqiyə nail olub, həmçinin öz hərbi doktrinasını bu doktrinaya müharibə aparmağın yeni-yeni metodlarını daxil eləməklə, uzaq və dəqiq zərbələr endirmək qabiliyyətini inkişaf etdirməklə modernləşdirib. “İqtisadi çətinliklərə baxmayaraq Moskva öz silahlı qüvvələrini modernləşdirməkdə davam edəcək”, - deyə məxfi servis analitikləri öz fikirlərini tamamlayıblar.


***
Amerikalı gizli servis təhlilçilərinin hazırladığı hesabat yaxın perspektiv üçün Rusiyanın nəinki Avropa, ən əvvəl həmsərhəd postsovet ölkələri üçün nə dərəcədə ciddi təhlükə və təhdid mənbəyi olduğunu bir daha təsdiqləyir. Öncəliklə Rusiyanın siyasi-hərbi təsir zonasına daxil olmaqdan israrla imtina edən Azərbaycan, Gürcüstan, Moldova (Ukraynadan sonra yerdə qalan GUAM üzvləri) kimi müstəqil dövlətlərə Rusiyanın real təhlükə yaratdığı qənaəti möhkəmlənir.

Vacib deyil ki, bu ölkələrin “ram edilməsi” Ukrayna (Krım) variantı üzrə getsin. Müdaxilənin üsulu, forması fərqli, daha təkmil ola bilər. O sırada “məxməri çevriliş” variantının Putinin qovluğunda yer alacağı istisna deyil. Ən qorxulusu odur ki, hesabatda da vurğulandığı kimi, SSRİ-nin bərpasına yönəlik bu müdaxilələri, çevrilişləri Rusiya cəmiyyəti “tarixi ədalətin bərpası” kimi qəbul edə bilər. Krımın Ukraynadan zorla qoparılması ssenarisinin postsovet ölkələrinə vəd elədiyi ən böyük təhlükə bundan ibarətdir.



Kremlin “yerli şəraitə uyğunlaşdırılmış” oxşar ssenarisinin digər həmsərhəd ölkələrə tətbiqi bu baxımdan gözardı edilə bilməz. Nəzərə alanda ki, Rusiyanın başında KQB keçmişinə və baqajına malik birisi dayanıb, o zaman nikbinliyə, uzaq Qərbin vaxtında köməyə gələcəyinə inam üçün yer qalmır. Qərb heç Ukraynanın içində ola-ola rus işğalını önləyə bilmir. Hələ harasıdır ki, ara-sıra Moskvadan qeyri-rəsmi hədlər səslənir ki, əgər ABŞ Ukraynaya ölümcül silahlar versə, o zaman Rusiya Kiyevin tutacaq.

Konkret olaraq Azərbaycandan söhbət gedirsə, Xəzərdə Rusiya hərbi gəmilərinin qısa müddətdə Bakı buxtasında peyda olması problemli görünmür. Necə ki, 2013-cü ildə Putinin Bakı səfəri zamanı şimal qonşumuzun hərbi rəhbərliyi bunu praktikada göstərmişdi də.
***
Xatırladaq ki, 1991-1992-ci illərdə Qara dənizdəki Rusiya donanmasının rəhbərlik eləmiş İqor Kasatonov ötən həftə verdiyi müsahibədə Krımı Rusiyanın necə ilhaq elədiyinin detallarını açıqlayıb. O, yarımadanın işğalında, oradakı Ukrayna hərbi bazalarının blok edilməsində, digər strateji dövlət obyektlərinin qısa zamanda ələ keçirilməsində, hətta referendumun reallaşmasında həlledici rol oynamış “yaşıl adamlar”dan (“nəzakətli adamlar”dan) danışarkən bildirib ki, onlar əslində Rusiyanın hərbi kəşfiyyat (desant) dəstələrinin üzvləri olub.



Admiralın sözlərinə görə, “yaşıl adamlar” Qara dənizdəki Rusiya bazasından hətta ABŞ kəşfiyyatının belə xəbəri olmadan Krıma gizlicə etap edilib və dərhal zəruri nöqtələrdə qərar tutublar. “Halbuki, çoxları onları guya yerli özünümüdafiə dəstələri hesab edirdi” - deyib admiral. “Uğurun əsas səbəblərindən biri qrupların toplaşması zamanı radiosəssizliyə riayət edilməsi, eləcə də Sevastopol bazası, Krıma hərbçilərin çatdırılması üçün hərbi nəqliyyat vasitələrindən düzgün istifadəsi idi” - bildirib admiral...
***
Heç şübhə yox ki, Rusiya Ukraynada sıxışdırıldıqca, yığılmış yay effektinə uyğun şəkildə postsovet məkanının başqa nahiyələrində Qərbdən revanş götürməyə çalışacaq. Həmin məkanlardan biri və birincisi şübhə yox ki, Güney Qafqazdır, Azərbaycanla Gürcüstandır. ABŞ kəşfiyyatının hesabatı da daha çox Bakı və Tiflisə Moskva sarıdan ifrat ehtiyatlı olmaq çağırışıdır, çevriliş xəbərdarlığıdır.

Siyasət şöbəsi
/musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.