Leyla Yunusun səhhəti ağırdır

20-03-2015, 10:06   
Leyla Yunusun səhhəti ağırdır

Oqtay Gülalıyev: «O, dərhal həbsxana şəraitindən çıxarılmalı və ciddi müalicə olunmalıdır»

Xəbər verildiyi kimi, martın 12-də alman həkim Kristian Vitt hazırda həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun səhhətini növbəti dəfə müayinə edib. Bu barədə mətbuata açıqlama verən vəkili Elçin Qəmbərov həkimin Leyla Yunusa Almaniyada yoxlanılan qan analizinin nəticələrinin müsbət olmadığını söylədiyini bildirib.
Belə ki, analizlər göstərib ki, qanda aşkar edilən hepatit C təhlükəli xarakter alır: “Bu, birmənalı olaraq qara ciyərin dağılmasına aparır. Həkim ona bahalı dərmanlar yazıb və bunlar Azərbaycanda yoxdur. Çıxılmaz vəziyyət yaranıb. Bu vəziyyətdən çıxış yollarını axtarırıq”.
Penitensiar Xidmətdən isə şərh verməkdən imtina edərək Ədliyyə Nazirliyinin Baş Tibb Idarəsinə müraciət olunmasını tövsiyə ediblər. Lakin bu idarədən də şərh almaq mümkün olmayıb. Xatırladaq ki, həkim Vitt bundan əvvəl iki dəfə - dekabrın sonlarında və yanvarda L.Yunusun müayinəsində iştirak edib.
“Siyasi Məhbuslarsız Azərbaycan Alyansı”nın koordinatoru Oqtay Gülalıyev “Azadlıq”a açıqlamasında Leyla Yunusun səhhəti istiqamətində hökumətin hansısa bir addımının nəzərə çarpmadığını söyləyib. O, Almaniyadan olan həkimlərin L.Yunusu müayinə etdiklərini və bu təşəbbüsün də beynəlxalq təşkilatların təkid və tələbiylə baş tutduğunu bildirib:
“Həkimlər Leyla xanımı müayinə edəndə onda ciddi problemlərin olduğunu bildirmişdi. Ötən müddət ərzində Leyla Yunusun vəkili, yaxınları onun səhhətində hansısa ciddi irəliləyişlərin olmadığını, yalnız ağrıkəsici dərmanlardan istifadə etdiyini bildirib. Həbsxana şəraiti bu formada olan şəxslərin müalicəsi üçün əlverişli yer deyil. Əksinə, ora xəstəliklərin daha da şiddətlənməsinə səbəb olur. Leyla xanım qanunsuz həbs olunduğuna və səhhətində problemlər olduğu üçün dərhal həbsxana şəraitindən çıxarılmalı və ciddi şəkildə müalicə olunmalıdır. Təəssüf ki, hakimiyyət yerli hüquq-müdafiə, beynəlxalq təşkilatların və bir sıra rəsmi qurumların təkliflərinə baxmayaraq bu addımı atmır”.
Nigar
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.