Ekspertin araşdırmaları nəticəsində ilginc faktlar üzə çıxıb
Azərbaycana idxal olunan bəzi məhsullar ölkədə 4-5 dəfə baha qiymətə satılır. Bu kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmovun apardığı araşdırmalar nəticəsində üzə çıxıb. Vahid Məhərrəmov bu barədə Facebook səhifəsində məlumat yayıb. Ekspertin üzə çıxardığı faktları təqdim edirik:
“2014-cü ildə Azərbaycana 7578,6 min ABŞ dolları dəyərində 124488,7 ton kartof idxal olunub. Apardığımız hesablamalar göstərir ki, ölkəyə gətirilən kartofun 1 kiloqramının idxal dəyəri 6 sent, yəni manatın köhnə məzənnəsi ilə 4,7 qəpik olduğu halda Azərbaycan bazarlarında bu məhsul idxal dəyərindən 15-20 dəfə baha qiymətə, 0,70 -1 manata satılır.
Azərbaycana 2014-cü ildə 4654,8 min ABŞ dolları dəyərində 6300474 ədəd diri ev toyuqları idxal olunub. Apardığımız hesablamalar göstərir ki, ölkəyə gətirilən ev toyuqlarının hər birinin idxal dəyəri 74 sent, yəni manatın köhnə məzənnəsi ilə 58 qəpik olub. Onu da qeyd edim ki, Azərbaycandan 117,5 min dollar dəyərində 20800 ədəd diri ev toyuqları ixrac edilib. Ölkəmizdən çıxarılan ev toyuqlarının hər biri 5,65 manata dəyərləndirilib.
Ölkəmizə 2014-cü ildə 7642,5 min ABŞ dolları dəyərində 7945,7 ton “digər pendirlər” idxal olunub. Apardığımız hesablamalar göstərir ki, ölkəyə gətiriliən “digər pendirlər”in 1 kiloqramının idxal dəyəri 96 sent, yəni manatın köhnə məzənnəsi ilə 75 qəpik olduğu halda Azərbaycan bazarlarında bu məhsul idxal dəyərindən 5-6 dəfə baha qiymətə satılır. DSK-nın məlumatında Malın kodu: 040690, Malın adı: Digər pendirlər - kimi verilir.
Azərbaycana 2014-cü ildə 450,7 min ABŞ dolları dəyərində 1122 ton təzə və qurudulmuş üzüm idxal olunub. Apardığımız hesablamalar göstərir ki, ölkəyə gətirilən təzə və qurudulmuş üzümün 1 kiloqramının idxal dəyəri 40 sent, yəni manatın köhnə məzənnəsi ilə 32 qəpik olduğu halda Azərbaycan bazarlarında bu məhsul idxal dəyərindən 10-15 dəfə baha qiymətə satılır.
Azərbaycana 2014-cü ildə 1190,5 min ABŞ dolları dəyərində 18994,2 ton təzə və ya soyudulmuş şalğamaoxşar soğan, soğan-şalot, soğan-kəvər, sarımsaq və digər soğanaqlı tərəvəzlər idxal olunub. Apardığımız hesablamalar göstərir ki, ölkəyə gətiriliən təzə və ya soyudulmuş şalğamaoxşar soğan, soğan-şalot, soğan-kəvər, sarımsaq və digər soğanaqlı tərəvəzlərin 1 kiloqramının idxal dəyəri 5 qəpik olduğu halda Azərbaycan bazarlarında bu məhsul idxal dəyərindən ən azı 15-20 dəfə baha qiymətə satılır".