Dövlət başçısı qiymətləri artıranların cəzalanacağını desə də, monopolistlərə «gözün üstə qaşın var» deyən yoxdu
Yadınızdadırsa, dövlət başçısı Ilham Əliyev Mingəçevirə səfəri zamanı ölkədə qiymətləri süni şəkildə qaldırmağa cəhd edən şəxslər barəsində çox ciddi tədbirlərin görüləcəyini bəyan etmişdi. Dövlət başçısı süni qiymət artımına yol verilməməsi üçün bütün qurumlara göstərişlər verildiyini, əsas ərzaq məhsullarının qiymətində heç bir bahalaşmanın olmayacağını demişdi. Ilham Əliyev bildirmişdi ki, monitorinqlər keçirilir və kim qiymətləri süni şəkildə artırırsa, dövlət tərəfindən öz cəzasını alacaq.
Lakin bölgə və paytaxtda bir neçə marketdə monitorinqlər aparılıb, mağaza sahibləri cərimələnəndən sonra iş bitmiş sayıldı. Qiymətlər isə son bir neçə ay ərzində bir neçə dəfə bahalaşdırılıb. Ölkə əhalisi tədricən bu prosesə alışdırılaraq, onun nəzərində qiymətlərin sanki elə öncəki tempdə qalması təəssüratı yaradılıb. Görəsən, bu qədər bahalığın fonunda, qiymətləri süni şəkildə artıranlar nədən kütləvi şəkildə cəzalandırılmadı?
Iqtisadçı-ekspert Oqtay Haqverdiyev bu haqda danışarkən ilk növbədə yada salır ki, ölkənin istehlak bazarı tamamilə monopoliyadadır, hər məhsulun özünün sahibi var: “Qiymətləri də onlar diqtə edir və formalaşdırır. Dövlət başçısı da öz çıxışlarında ölkədə inhisarçılığın olduğunu etiraf edir. Lakin onun qarşısını almaq üçün maraq olmalıdır. Burada təkcə siyasi iradənin olması azdır. Maraq da olmalıdır ki, problem həllini tapsın. Monopoliya ilə mübarizə aparmaq, qiymət artımının qarşısını almaq barədə olan şüarlar, çıxışlar, bəyanatlardansa, əməli addımlar atılmalıdır. Yadınıza salım, 2008-ci ildəki böhran vaxtı da qiymətləri süni surətdə artıranların cəzalanacağı bəyan edilmişdi. Üstündən altı il keçəndən sonra qiymətlər neçə dəfə artırılıb. Indi də həmin prosesdir. Bir müddət monitorinq aparandan sonra bunu da dayandıracaqlar”.
Ekspert idxal olunan ərzaq və minlərlə çeşiddə qeyri-ərzaq məhsullarının qiymətlərinin artdığını vurğulayır. Azərbaycanda inhisarçılığın çox böyük problem olduğunu diqqətə çatdıran təəssüflə qeyd edir ki, bunun qarşısını almaq üçün lazımi addımlar atılmır.
Nigar