“Facebook”da yeni era başlayır (FOTO)

27-03-2015, 21:45   


“Facebook” süni intellekt texnologiyalarının və bir sıra yeniliklərin tətbiqinə başlayır.

Bununla bağlı təqdimatlar martın 25-26-da San-Fransiskoda keçirilən “F8” “Facebook” İnkişaf Konfransında təqdim olunub. Bir milyard yarıma yaxın insanı cəlb edən “Facebook” artıq yeni eraya qədəm qoyur və görünür, əsas məqsəd bütün dünyanı bu virtual məkanda cəmləməkdir. Şirkətin təqdim etdiyi yeniliklər də bunu deməyə əsas verir.

“Facebook”un pilotsuz uçan aparatı

“Facebook” və onun rəhbəri Mark Zukerberqin rəsmi səhifələrində yerləşdirilən məlumatlara görə, şirkətin süni intellekt sahəsində çalışan mütəxəssisləri “Yaddaş şəbəkəsi” adlı proqram hazırlayıblar. Bu sistem ən çətin suallara cavab verə biləcək. Sistemin məqsədi barədə ətraflı məlumat verilməsə də, belə düşünmək olar ki, proqram istifadəçiləri bilikləndirməyə, onlara maraqlı olan sualları cavablandırmağa yönəlib.

Bundan əlavə, şirkətin yaxın gələcəkdə tətbiq etmək istədiyi süni intellekt vasitəsilə video və şəkillərdəki təsvirləri izah etmək mümkün olacaq. Yəni istifadəçi videoda nəyin təsvir olunduğunu yazılı formada ekranda görəcək. “Facebook” mütəxəssisləri konfransda bu sistemi də təqdim ediblər. Təqdimatda nümunə kimi göstərilən videoda qeyri-adi idman növləri müəyyən olunaraq adları ekrana çıxarılıb.

“Facebook” həm də özünün pilotsuz uçan aparatını təqdim edib. Mark Zukerberq profilində yazıb ki, dünyanın hər yerində, xüsusən də ucqar ərazilərdə interneti yaymaq üçün reallaşdırılan internet.org layihəsi çərçivəsində pilotsuz uçan aparat hazırlanıb. Onun vasitəsilə insanlara interneti havadan təqdim etmək mümkün olacaq. Aparatın sınaqları artıq Böyük Britaniyada uğurla həyata keçirilib. Şirkət rəhbərinin yazdığına görə, aparatın ölçüləri “Boeing 737” təyyarəsi böyüklükdə, çəkisi isə ondan az olacaq. Günəş batareyaları ilə işləyən aparat 18 kilometr hündürlükdə uçmaqla bir dəfəyə havada bir neçə ay qala biləcək. M.Zukerberqin planına əsasən, dünyanın internet infrastrukturu olmayan ucqar nöqtələrini də bu yolla qlobal şəbəkəyə qoşmaq mümkün olacaq.

“Facebook” niyə süni intellektlə maraqlanır?

“Facebook”un Süni İntellekt Laboratoriyasının direktoru Yan Lekun müsahibələrinin birində süni intellektin əsasında duran laylı neyron şəbəkəsi texnologiyasını “dünyanı təsvir etməyi öyrənən maşınlar” kimi izah etmişdi. Onun sözlərinə görə, mürəkkəb laylı təhlil sisteminə əsaslanan bu texnologiya foto və videolardakı təsvirlərin izahını verə bilir. Yəni, deyək ki, siz tanımadığınız bir heyvan fotosunu görürsünüzsə, sistem sizə onun adını, hansı ərazilərdə yaşadığını, necə qidalandığı və s. haqqında məlumatlar çatdıracaq. Bu özəlliyinə görə onu həm də “dərindən öyrənmə” sistemi də adlandırırlar.

Əgər “Facebook” bu sistemi öz şəbəkəsində tətbiq edəcəksə, burada qeydiyyatdan keçən istənilən şəxsin fotosunu görüb onun haqqında məlumat almaq mümkün olacaq. “Facebook”un yaradıcıları süni intellekt texnologiyalarının tətbiqinin insanlar arasında kommunikasiyanı daha asan etmək üçün nəzərdə tutulduğunu vurğulayırlar. Bu sistem vasitəsilə istifadəçinin yazdığı şərhlər, paylaşdığı foto və videolar təhlil edilir, maraq dairəsi müəyyənləşdirilir və sonra onun səhifəsində həmin maraqlara uyğun xəbərlər, foto və videolar görünməyə başlanır.

Müşahidəçilər isə bəşəriyyətin getdikcə süni intellektdən asılılığına doğru getməsindən danışmağa başlayıblar. Hətta fantastik fərziyyələr də səslənir ki, bir gün məşhur “Terminator” filmindəki kimi, robotlar Yer kürəsini zəbt edəcək. Xüsusən də bunun getdikcə genişlənməkdə olan “Facebook”da tətbiqi yarızarafat-yarıgerçək bədbin rəylərə səbəb olub. Proqnozlar nə qədər qorxunc olsa da, sadəcə dəqiq olan odur ki, Zukerberq “Facebook”u həyatın istənilən sahəsini əks etdirən virtual məkana çevirmək niyyətindədir.

“Facebook” videoportal kimi...

Yaxın gələcəkdə tətbiq ediləcək yenilikləri açıqlamaqla “Facebook” bir çox sahələri öz platformasında cəmləmək istəyini ortaya qoydu. Yeniliklər videolardan tutmuş onlayn alış-verişə qədər internetdə populyar olan bir sıra sahələrin bu sosial şəbəkədə toplanacağını deməyə əsas verir. Məsələn, yaxın bir neçə ayda istifadəçilər onlayn alış-verişi birbaşa mesencer vasitəsilə edə biləcəklər. Yəni müxtəlif saytlara girmək, elektron poçtdan istifadə kimi prosedurlara ehtiyac qalmayacaq. Onlayn alış-veriş şirkətləri ilə razılıq əsasında bütün proseslər mesencer vasitəsilə aparılacaq.

Digər məsələ videolarla bağlıdır. Son vaxtlar internetdə videoların populyar kontentə çevrilməsi hamıya bəllidir. “Facebook” bu tendensiyanı tamamilə özünə tərəf yönəltmək niyyətindədir. Yeni funksiyaya görə, bir müddətdən sonra “Facebook”un videolarını istənilən saytda yerləşdirmək olacaq. Üstəlik həmin videolarda reklam da yaymaq imkanı yaradılacaq. Hazırda bu sosial şəbəkədə yerləşdirilən videoya yalnız orada baxmaq olur. Amma yeniliyə əsasən, saytlar “Facebook”dakı videoları xüsusi kodla (Embed-kod) öz səhifələrində paylaşa biləcəklər. Bu funksiyadan “YouTube”da çoxdan istifadə olunur. Görünür, Mark Zukerberq artıq ən böyük videoportala da meydan oxumağa başlayıb. “Facebook”un rəhbəri konfransda çıxışı zamanı bununla bağlı maraqlı bir təqdimat da edib. Onun fikrincə, növbəti bir neçə ildə adi videolarla yanaşı, “sferik videolar” yayılmağa başlanacaq. Bu videolar insanlara virtual olaraq özünü həmin məkanda hiss etmək imkanı yaradacaq. İstifadəçi belə videolarda baxış bucağını 360 dərəcə dəyişə də biləcək.

Xəbər yayımı necə olacaq?

M.Zukerberq insanları “Facebook”a bağlayan əsas amillərdən biri olan xəbərləri də ələ keçirmək istəyir. Media qurumları xəbərlərini link vasitəsilə “Facebook”da paylaşaraq saytlarına trafik cəlb edirlər. Bu, artıq xəbər portalları arasında bir rəqabət də yaradıb. Hər kəs xəbərlərini orijinal formada təqdim etməklə sayta girişi təmin etməyə çalışır. Bununla media həm oxucu, həm də reklam cəlb edir. Amma son məlumatlara görə, “Facebook” xəbər yayımını özü həyata keçirməyi planlaşdırır. Düzdür, bu məsələ ilə bağlı konfransda heç bir açıqlama olmasa da, “New York Times”ın yazdığına görə, “Facebook” bir sıra nəhəng media qurumları ilə həmin mövzu ətrafında gizli danışıqlar aparır. Əgər xəbər doğru olarsa, media qurumlarının hansı vəziyyətə düşəcəyini proqnozlaşdırmaq çətin olmayacaq. Artıq ekspertlər reklam və abunə əsasında dolanan medianın acınacaqlı halını göz önünə gətirirlər. Əlbəttə, “Facebook” saytlara öz platformasında link yerləşdirməyi qadağan etməyəcək. Amma onun şərtləri ilə razılaşan media tərəfdaşlarından fərqli olaraq digərlərinin saytlarına keçid sürəti zəif olacaq və bu da əvvəl-axır istifadəçinin həmin xəbər mənbəyindən imtina etməsinə gətirib çıxaracaq.

Ümumilikdə, hazırda “Facebook” istifadəçilərinin özləri də xəbərləri, video və fotonu profillərindən ayrılmadan, xarici linkə keçid etmədən izləmək istəyirlər. Bunun səbəblərindən biri də istifadəçilərin çoxunun “Facebook”a mobil telefon vasitəsilə daxil olmasıdır. Bu da ümumi istifadəçilərin 86 faizini təşkil edir. Yəni hər ay 1,19 milyard insan “Facebook”a mobil telefondan daxil olur. Bütün bunlar insanlara bir sıra məsələləri vahid platformadan həll etmək imkanı verəcək. Amma suallar da az deyil: hər şeyin bir platformadan asılı olması, bir saytda cəmlənməsi nə qədər etibarlı ola bilər? Əgər bir gün səhər ayılıb görsək ki, “Facebook” açılmır, onda necə olacaq?..





Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.