Leyla Yunusun məsələsi Ollandla müzakirə oluna bilər

28-03-2015, 09:44   
Leyla Yunusun məsələsi Ollandla müzakirə oluna bilər
SDİ rəhbərinin azadlığa buraxılması Ollandla müzakirə oluna bilər
Sülh və Demokratiya İnstitutunun (SDİ) rəhbəri Leyla Yunusun həbsindən 8 ay ötür. Keçən bu müddət ərzində demək olar ki, hüquq müdafiəçisinin istintaqı aparılmır. Son olaraq, ötən ayın 19-da L.Yunusun həbs müddəti daha 5 ay uzadıldı. Bu o deməkdir ki, SDİ rəhbərinin məhkəməsi həbsinin 1 illiyində başlaya bilər. İndiyə qədər hüquq müdafiəçisinin həbsi ilə bağlı dünyanın bir sıra tanınmış təşkilatları narahatlıqlarını bildirərək, onun azadlığa buraxılmasını tələb ediblər.

Hətta bu məsələ dövlət başçıları səviyyəsində müzakirə olunur. Sonuncu dəfə Fransa prezidenti Fransua Ollandın ölkə başçısı İlham Əliyevlə görüşü zamanı L.Yunus məsələsini qaldırdığı deyilir. SDİ rəhbərinin Fransanın “Legion” ordeninin kavaleri olduğunu nəzərə alsaq, bu xəbərə inanmaq mümkündür.

Leyla Yunusun vəkili Elçin Qəmbərov deyib ki, Fransa prezidentinin Azərbaycan səfəri zamanı belə bir müzakirənin olacağına ümid edirlər. Vəkil diplomatik missiyaların Leyla Yunusla dəfələrlə görüşə cəhd etdiklərini də bildirib: “Görüş üçün cəhdlər çox olub. Amma cəmi bir dəfə Nils Mujnieks onunla görüşə bilib. Ancaq digər rəsmi şəxslərə bildirilib ki, istintaq gedir və görüşə icazə verilmir. Sonuncu dəfə Avropa İttifaqının İnsan Haqları üzrə komissarı görüş istəmişdi. Ona da icazə verilməmişdi. Xarici qurumlar var ki, dərmanla, digər məsələlərdə köməklik edirlər. Ancaq biz xarici qurumlara aptek gözü ilə baxmırıq”.

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev aprelin sonlarında Fransa prezidentinin Azərbaycana səfəri çərçivəsində L.Yunus probleminin müzakirə olunacağı ehtimallarının yüksək olduğunu söylədi: “Leyla Yunusun azadlığa buraxılması tələbi qarşıdakı zamanlarda gözlənilir. Çünki Azərbaycan tərəfi bu məsələni daha çox alver predmetinə çevirib. Onun həbsinin ilk beş ayında heç bir istintaq hərəkəti aparılmayıb. İndinin özündə də belədir. Demək Leyla Yunus orada girov kimi saxlanılır. Bu onu göstərir ki, Azərbaycan tərəfi Fransa ilə Leyla Yunus məsələsində danışıqlar aparır. Öz məqsədləri üçün bu amildən istifadə olunur. Başqa bir səbəb görmürəm. Aprelin sonunda Fransa prezidentinin Azərbaycana səfəri gözlənilir. Hazırda Leyla Yunusun səhhəti ciddi şəkildə pisləşib. Xarici həkimlər də bunu təsdiqləyir. Hətta onun üçün lazım olan dərmanlar Azərbaycanda yoxdur. Bu onu göstərir ki, Azərbaycan tərəfi Fransa prezidenti Bakıda olarkən məsələni həll etməyə hazır olacaq”.



Mehman Əliyev hüquq müdafiəçisinin həbs müddətinin 5 ay uzadılmasından da danışdı: “Bunun Olimpiya Oyunları ilə əlaqəsi yoxdur. May ayında Azərbaycan Avropa Birliyi ilə modernləşmə ilə bağlı saziş imzalayacaq. Noyabrda Antalyada 20 nəhəng dövlətin sırasında İlham Əliyev təmsil olunacaq. Bunun üçün hazırlıqlar gedir. ABŞ-la ikitərəfli əlaqələrin yaradılması istiqamətində işlər aparılır. Qarşıda Olimpiya Oyunları və parlament seçkiləri var. Ölkədə krizis gedir. Bütün bu məsələləri ortaya gətirəndə Azərbaycan mövcud problemləri həll etməyə məcburdur”.

Xatırladaq ki, Leyla Yunus Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 178 (dələduzluq), 192 (qanunsuz sahibkarlıq) və 223 (vergidən yayınma) maddələri ilə ittiham olunur.

Cavanşir ABBASLI//musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.