Qardaş Türkiyəni qarışdıran xain əllər kimindir – adlar çəkilir...

2-04-2015, 08:06   
Qardaş Türkiyəni qarışdıran xain əllər kimindir – adlar çəkilir...
İki gündə 3 silahlı terror, bir texnogen qəza baş verdi; Azərbaycanın sabiq baş naziri “narahatıq”, dedi, PKK-nı hədəf göstərdi; Türkiyə ekspertləri, iqtidar və müxalifəti isə...
İki gün öncə bütün Türkiyə ərazisində elektrikin kəsilməsi, daha sonra ard-arda baş verən üç terror olayı ölkənin milli təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar yaradıb. Martın 31-də səhər saatlarında Van istisna olmaqla, Türkiyənin bütün ərazisində elektrik olmayıb. Problemin çözümü 10 saatdan çox zaman aparıb. Gündüz saatlarında isə İstanbul Çağlayan Ədalət Sarayında “Gəzi Parkı” olaylarının qurbanı Berkin Əlvanın işini aparan prokuror Mehmet Selim Kiraz girov götürülüb və təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatda həlak olub. Aprelin 1-də isə AKP-nin Kartal bölməsinin ofisinə silahlı hücum olub. Polislər terrorçuları tərk-silah edib və prokurorluğa aparıblar.

Dünən Bakı vaxtı ilə saat 20 radələrində Türkiyə daha bir terrorla üzləşib. Vatan Caddəsində yerləşən İstanbul Əmniyyət Müdürlüyündə atışma olub. İlkin informasiyaya görə, 2 terrorçu Əmniyyət Müdürlüyünün binasını atəşə tutub. Musavat.com qardaş ölkə mediasına əsasən xəbər verir ki, onlardan biri qadın olub. Həmin qadın “canlı bomba” adlanan, intihar terrorçusu olub. Olaya dərhal müdaxilə edən polislər onlardan birini zərərsizləşdirib. Aldığı güllə yarasından terrorçu olay yerində ölüb. Atışmada 2 polis yaralanıb.

Binaya aparan yollar bağlanıb. Qaça bilən terrorçu 40 dəqiqə sonra həbs olunub.
Bütün bu olaylar Türkiyədə ictimai sabitliyi pozub, artıq Azərbaycanda da hər kəs qardaş ölkə üçün narahatdır. Türkiyənin bir sıra ekspertləri iddia edirlər ki, seçkilər öncəsi böyük güclər “düyməyə” basıblar və ölkəni qarışdırmaq istəyirlər.



***
Prokuror M.S.Kiraz dünən Cağlayan Ədalət Sarayındakı törəndən sonra torpağa tapşırılıb. Türkiyə mediası prokuroru son mənzilə 10 minlərlə məsləkdaşının və şəhər sakininin yola saldığını yazır. Eks-prezident Abdulla Gül də təziyəyə gələnlər arasında olub. Bu arada bəlli olub ki, hökumət Çağlayan Ədalət Sarayına terrorun qurbanı Kirazın adını verməyə hazırlaşır.
İndi Türkiyəni ən çox məşğul edən sual ölkədə sabitliyin pozulmasına yönələn bu hücumların arxasında hansı gücün dayanmasıdır.



“Biz sonuna qədər terrora qarşı mübarizə aparacaq, dirənəcəyik”. Bu sözlər prezident Rəcəb Tayyib Ərdoğan Rumıniya səfəri zamanı Türkiyədəki terror olaylarına münasibət bildirərkən deyib. O deyib ki, Ədalət Sarayına hücumun da, AKP ofisinə basqının da arxasında PKK dayanır. Ərdoğan deyib ki, bütün bunlar “çözüm sürəci”nin dayandırılması üçün qəsdən atılan addımlardır: “Bəs bunlar deyirdi, biz silahı qoyub siyasətlə məşğul olacağıq? Onlar bugünə qədər heç dürüst olmadılar. Ümid edirəm ki, bu olay bu yola həvəsli olanlar üçün ciddi dərs olacaq”.

Ölkəsində baş verən olaylara görə Ərdoğan Rumıniya səfərini yarımçıq qoyaraq Ankaraya dönüb. Uçaqda mediaya açıqlama verən prezident qısa zamanda prezident yanında Təhlükəsizlik Şurasının toplantısının keçiriləcəyini deyib.



Müxalifət düşərgəsi isə baş verənlər üçün əsas məsuliyyəti AKP iqtidarının daşıdığını bildirir.
MHP sədri Dövlət Baxçalı ölkədə bir-birinin ardınca yaşanan gərginliklərlə bağlı yazılı açıqlama yayıb: “Türkiyənin başına bəla olan ”lampa" (AKP-nin simvolu nəzərdə tutulur) sadəcə partlamayıb, elektriki də kəsib. Türk milləti bir yanda elektrik problemi ilə çarpışırkən digər yanda İstanbul Ədalət Sarayında terror hadisəsinə kilidlənib. Şəhid prokurorumuza görə üzüntümüz çox böyükdür. Bu xain hücum sadəcə bir prokurorumuza qarşı yönəlməyib. Onunla birlikdə Türkiyə vurulub, türk ədalətinin qanı axıdılıb, 78 milyon hədəf alınıb, Berkin Elvan bir daha öldürülüb. Anlaşılan odur ki, İstanbuldakı terror bilərəkdən Çağlayanda həyata keçirilib. Türkiyənin siyasi basqı yaşadığı, dartışmaların yeni, təhlükəli mərhələyə keçdiyi dönəmdə DHKP-C adlı terror qrupu ortaya çıxıb.

Türkiyə bir ucunda AKP, o biri ucunda qanlı qruplaşmaların yer aldığı kirli bir əməliyyatın tam göbəyindədir. Türkiyə son dərəcə şübhəli münasibətlərin içərisinə itələnib. Bu ölkədə milli təhlükəsizlik idarələri nə işlə məşğuldurlar. Ərdoğana yorulduğunu söyləyən, Məclisə girmək üçün çalışan, prezidentin razılığını almadığı üçün yenidən kürsüsündə əyləşən sirr küpü Hakan Fidan haralarda gəzməkdədir? Terror qruplaşmasının planlarını deşifrə edə bilməyən, ədliyyə koridorlarına qədər gələn terrorçuları, onların silahlarını görməyən, tapmayan istihbarat kimə xidmət edir, kimin üçün işləyir?"

Baş nazir Əhməd Davudoğlu olayla bağlı çıxışında yaşananlardan böyük təəssüf hissi keçirdiyini deyib. O, vətəndaşları terrorla mübarizədə birliyə çağırıb. MHP lideri baş nazirin bu mövqeyini də tənqid edib: “Davudoğlu ”gün terrora qarşı bir olma, terrora qarşı çiyin-çiyinə vermək günüdür" deməklə sanki günah çıxarmış olur. Onun heç şübhəsi olmasın ki, türk milləti terrorla mübarizə üçün hər zaman birlik göstərib və göstərir. Ancaq terrora qarşı bir olmaq yerinə terrorla birlikdə olan, terrorçularla qol-qola yürüyən baş nazir və onun hökumətidir.

Bugünə qədər terrora kimi dəstək verdiyi, kimlərin bölücülük taqımında canilərlə eyni səfdə durduğunu hər kəs bilir. PKK-ya yardım edənlərin terrorla mücadilə üçün birlik çağırışları siçanın pişik ovuna çıxması, aslanın safariyə həvəslənməsi qədər abtallıqdır. Türk milləti terrorun yedəyinə çevrilən, terrorçulara xilasedici kəmər uzadan AKP-ni heç zaman bağışlamayacaq və 7 iyun parlament seçkisində ona gərəkli cavabı verəcək".



“Bu gün bir neçə qonşu ölkə Türkiyədə sabitliyin pozulması üçün ciddi projelər üzərində işləyir. Son günlər yaşananlar bu planın bir hissəsidir”. Bunu isə “Yeni Müsavat”a açıqlamasında Türkiyənin Bakı böyükelçiliyinin keçmiş mətbuat attaşesi Turqut Ər deyib. Onun sözlərinə görə, bütün cəhdlər Türkiyənin milli təhlükəsizliyini ciddi təhlükə altına almaq üçündür: “Türkiyə içərisində fəaliyyət göstərən PKK-nın da, DHKP-C-nin də Avropa ölkələrində uzantıları var. Çağlayan ədliyyəsində prokuror Kirazı öldürən qrupun üzvləri bir neçə il öncə Sabançı ailəsinin üzvünü qətlə yetirmişdi, həmin terrorçuları Brüssel hələ də Türkiyəyə təhvil verməyib. Buna görə də son dərəcə ehtiyatlı olmaq lazımdır. Bu məsələdə Türkiyə iqtidarının da zəif nöqtələri var təbii. Ancaq mən şübhə etmirəm ki, Türkiyənin təhlükəsizliyinə yönələn bütün cəhdlərin qarşısı alınacaq”.

T.Ər bildirir ki, hökumət üzvlərinin bir sıra məqamları inkar etməsinə baxmayaraq, xalq içərisində bu terror olaylarının eyni mərkəzdən idarə olunması ilə bağlı tərəddüdlər var: “Vətəndaşlar çox tədirgindirlər. Təhlükəsizliklə bağlı ciddi problemlərin olduğu göz qabağındadır. Deməli, dövlətin görməli olduğu çox ciddi işlər var. Həmin qruplaşmaları böyük güclər müdafiə etsə də mən bu cür cəhdlərin Türkiyəni yıpradacağını, sabitliyi poza biləcəyini gözləmirəm. Türk milləti bu cəhdlərin qarşısını almaq üçün özündə güc tapacaq. İllərdir ölkəyə uzanan əllər bir şəkildə kəsilib, bu dəfə də kəsiləcək. Türkiyə dövlət strukturları ilə, ordusu ilə, vətəndaşı ilə güclü bir sistemdir. Onu terrorlar çökdürmək istəyən heç bir qüvvə başarılı ola bilməz”.



Azərbaycanın sabiq baş naziri, AXP sədri Pənah Hüseyn deyir ki, bu hadisələr bizi də narahat edir və baş verənləri üzüntülü həssaslıqla izləyirik: “Türkiyədəki sabitlik türk-islam arealında olan sabitliyin əsasıdır. Konspirolojiyə qapılmadan, narahatlıqla bildiririk ki, bu olayların dalbadal baş verməsi, həm texnogen qəzanın, həm 24 saatda 3 silahlı terror eyləmi təsadüf olmaya bilər. Bizim diqqətimiz PKK üzərinə yönəlib. Bir neçə gün əvvəl bu terror təşkilatı bəyanatlarla çıxış edərək, Türkiyəni, onun istiqrarını təhdid etmişdi. Səbəb də budur ki, ”çözüm sürəci" deyilən mövzuda iqtidarla anlaşa bilmirlər... Bizi üzən bir detal da Türkiyənin bu tipli böyük hadisələrə hazır olmamasıdır. Doğrudur, elektriklə bağlı texnogen qəzalar ABŞ, Kanada da baş verib. Lakin Türkiyənin xüsusi xidmət orqanları hər zaman hazır və tətikdə olmalıdırlar. Biz başımıza gələcək hər hansı bir qlobal fəlakətdə Türkiyəyə güvənirik. Onu zəif görəndə biz də sarsılırıq".

Aygün MURADXANLI
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar