Belarus heç vaxt Rusiyanın bir hissəsi olmayacaq və rus rəhbərliyi heç vaxt belə bir məsələ qaldıra bilməz.
Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Blomberq agentliyinə verdiyi müsahibəsində deyib.
“Biz suveren, müstəqil ölkə olmuşuq və olacağıq da. Putin heç vaxt mənim qarşımda “Siz öz müstəqilliyinizi unudun və Rusiya Federasiyasının quberniyası olacaqsınız” kimi məsələ qaldırmayıb. O, bilir ki, mən buna necə reaksiya verəcəm. Buna görə də belə bir müzakirə heç vaxt olmayıb”, - Lukaşenko bildirib.
Onun sözlərinə görə, Rusiyada imperiya hissləri ilə yaşayan və Belarusu hansısa şimal-qərb vilayəti hesab edən siyasətçilər var: “Biz buna konkret cavab veririk: biz heç vaxt şimal-qərb vilayəti olmayacağıq. Və belə başa düşürəm ki, heç vaxt da Rusiya ilə münaqişəyə girməyəcəyik. Kim bizim üstümüzə qılıncla gəlsə, qılıncla da məhv ediləcək. Biz avropalılara, amerikalılara, ruslara və belorusların yaşamalı olduğu torpağı işğal etmək istəyən hər kəsə qarşı döyüşəcəyik”.