“Mən Nizami Musayevi yaxşı və təmiz işçi kimi tanıyıram. O, Azərbaycanda Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin yaradılması üçün çox iş görüb”.
Bu sözləri virtualaz.org saytına açıqlamasında sabiq daxili işlər naziri İsgəndər Həmidov “bandotdel”in sabiq rəisinin həbs olunması xəbərinə münasibət bildirərkən deyib.
İ.Həmidovun sözlərinə görə, 1995-ci ildə N.Musayevə qarşı xüsusilə külli miqdarda dövlət və ictimai əmlakı mənimsəmə maddəsi ilə ittiham irəli sürülmüşdü: “Amma Nizami Musayev heç nə mənimsəməmişdi. Musayev o zamankı prezident Əbülfəz Elçibəyin tapşırığına əsasən Çeçenistana ezamiyyətə göndərilmiş və Qroznıda Cövhər Dudayevə 200 min dollar nağd pul vermişdi. Görünür, Musayevi yenə bu məsələyə görə saxlayıblar. Halbuki o vaxt həbs etməmişdilər. Yəqin Rusiya tərəfi Musayevi həbs etmək məsələsini rəsmi Bakının qarşısında bir daha qaldırıb. Musayevin nəsə ciddi bir qanun pozuntusuna yol verdiyini düşünmürəm”.
* * *10:44
Bir vaxtlar məşhur kinorejissor və aktyor olan Nizami Musayev həbs edilib.
Virtualaz.org saytı vesti.az-a istinadən xəbər verir ki, N.Musayev Səbayel Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Bakıda həbs olunub.
N.Musayev 1992-ci ildə AXC-Müsavat hakimiyyəti dövründə DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (“bandotdel”) rəisi postunu tutub. O, 1995-ci ildən axtarışda idi.
N.Musayevə qarşı CM-in iki maddəsi (2000-ci ilədək qüvvədə olan redaksiyada) ilə ittiham irəli sürülüb. O, xüsusilə böyük məbləğdə dövlət əmlakını mənimsəməkdə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur.
Qeyd edək ki, N.Musayev aktyor, rejissor, ssenarist, həmçinin tryuklar ustasıdır (idmançı olduğu üçün filmlərdə bir çox tryukları da özü yerinə yetirib). 1981-ci ildən filmlərdə çəkilən N.Musayevin özünün çəkdiyi ən məşhur ekran əsəri “Lətifə” filmidir. O, “Yaramaz”, “Bəyin oğurlanması”, “Alman klinikasına səfər”, “Cin mikrorayonda”, “Dənizdən işarə gözləyin” və s. filmlərin çəkilişində də aktyor və ssenari müəllifi kimi iştirak edib.
Virtualaz.org