«İsraildə çoxları onun nə qədər təhlükəli adam olduğunu ağlına belə, gətirmirdi»
İsrail mətbuatında ABŞ prezidenti Barak Obamanı kəskin ittiham edən məqalə dərc olunub. «Obama İrana görə İsraili satdı» başlıqlı məqalədə müəllif Ariel Kaxana Obamanı İsraili zərbə altına qoyan siyasət yürütməkdə günahlandırıb: «Suriyada vəziyyət qarışanda İranın dərhal Əsədə dəstək verməsi heç kimi təəccübləndirmədi. İraq çökəndə çoxları düşündü ki, Obama Administrasiyası sadəcə, heç nə edə bilmədi. Tehran isə dağılmış ölkədəki boşluqdan istifadə etdi. Yəmən məsələsi gündəmə gələndə Obama bildirdi ki, pis anlaşmadansa, onu imzalamamaq daha yaxşıdır. Hamı onun bu sözünə inandı. Axı bu, ABŞ prezidentinin bəyanatı idi.
«Arzuladığı hədəfə çatdı»
Amma indi mənzərə tam aydın olub. Hakimiyyətinin sonlarına yaxın Obama arzuladığı şeyə nail
oldu. Öz beynəlxalq missiyasını müəyyən etmiş Obama birinci prezidentlik dövrünün əvvəlində Ankara və Qahirədə səsləndirdiyi fikirləri uğurla başa çatdırır. «Mən Qahirəyə gəlmişəm ki, ABŞ-ın müsəlman dünyası ilə münasibətlərində yeni səhifə açım. Amerika İslam dünyası ilə rəqib deyil. Bu qüvvələr bir-birilə savaşmağa məhkum deyillər. Bunlar eyni prinsipləri paylaşırlar. İndi - Obamanın bu çıxışından 6 il sonra demək olar ki, əgər prinsiplər olmasaydı, ABŞ və İslam dünyası Yaxın Şərqi öz aralarında bölərdilər. Bu necə baş verdi? İndi məlum olur ki, söhbət, təsadüfdən getmir. Obama özünü elə aparırdı ki, guya regiondakı olaylara passiv yanaşmasının nəticələri onu maraqlandırmır. Guya onu maraqlandıran və narahat edən ABŞ hökumətinin yeni siyasətinin nəticələridir. Obama hətta bunun nəticəsini «ödəməyə» də hazır idi. Ona zəif lider deməyə başladılar. Amma əsas o idi ki, daxilən hadisələrin inkişafından çox razı idi.
«İsrailin arxasından Tehranla gizli danışıqlar apardı»
Amerika prezidenti İranı açıq şəkildə tərpətmədi. Çünki bu, ABŞ-da hiddətə səbəb ola bilərdi. Onun addımları kifayət qədər mürəkkəb idi – İranın zəif dəstəyi, İran ekspansiyasının müqavimət göstərməməsi. Ümumi mənzərə sübut edir ki, hazırkı vəziyyət məqsədli hədəfin qanuni nəticəsidir. Obama tələbələrin 2009-cu ildə Tehrandakı etiraz dalğasına qarışmadı. İran prezidenti ABŞ liderindən dostyana məktublar aldı. Ruhani prezident olanda isə Obama onu qələbə münasibətilə tələm-tələsik təbrik etdi. İsrailin və digər ölkələrin arxasından Tehranla açıq və gizli danışıqlar getməyə başladı. Atom Enercisi üzrə Beynəlxalq Agentliklə bağlı olduqca önəmli informasiya İsraildən gizlədildi. İrana qarşı sanksiyaların sərtləşdirilməsi cəhdləri gündəmdən çıxdı. Bütün bunlar birmənalı şəkildə iranmeylli siyasətdən xəbər verir.
«ABŞ-dakı yəhudiləri yuxuya verdi»
Obama vəd verdi ki, İranın nüvə silahı olmayacaq. Amerikadakı yəhudiləri «yuxuya verirdi» ki, guya İsrailin təhlükəsizliyi ilə məşğul olur, BMT-də İsrailin müdafiəsini təşkil edir və s. Bütün bunlar düşmənin ayıq düşməsini önləmək üçün idi. Bir sözlə, hiss pərdəsi idi. Əvvəldən Obamanın planı İslamı möhkəmləndirmək idi. İndi finala çatır və yeni müddətə seçilmək məcburiyyətindən də azaddır. Həmkarları olan demokratlar prezidentin onlara qoyduğu mirasdan narahatdırlar. Artıq maskanı yırtıb atmaq olar. Sirr aşkara çıxır. Obama inanır ki, üstünlük sünnilərdə yox, şiələrdədir. O əmindir ki, ABŞ-la İranın ortaq strateci maraqları var. Bunlardan biri İranla anlaşma əldə etməkdir ki, bu hədəfə yaxınlaşmaqdadır.
«İsraili Yaxın Şərq avtobusunun təkərləri altına atır»
Baş nazir Netanyahu Obamadan onun Ağ ev gəldiyi gündən şübhələnirdi. Amma İsraildə mən də daxil olmaqla çoxları onun nə qədər təhlükəli adam olduğunu ağlına gətirmirdi. Demək olar ki, İsrailin bütün yuxarı təbəqəsi Netanyahunun İranın obyektlərinə hücum planına qarşı çıxdı. İndi - məlum olur ki, ABŞ İsraili Yaxın Şərq avtobusunun təkərləri altına atır. Hamımız kamilləşməliyik. Bizi satıblar. Tək bizi yox. Çoxları İranla anlaşmanı Çemberlenin Hitler qarşısında rüsvayçı danışıqları ilə müqayisə edir. Amma Tehranla anlaşma ondan daha təhlükəlidir. Nasistlərdən fərqli olaraq Tehran atom bombası hazırlamağa yaxındır. Ona görə də, Obama dünyanı tək üçüncü dünya müharibəsinə yox, həm də birinci atom savaşına aparır».
Gültəkin