“Mitinqlər davamlı olacaq”

3-04-2015, 00:15   
“Mitinqlər davamlı olacaq”
“Əhali ictimai müqavimətlə özünü hakimiyyətin yarıtmaz siyasətindən müdafiə etməlidir”

Cəmil Həsənli: “Manat ona görə qiymətdən düşdü ki, Azərbaycanda iqtisadiyyat yoxdur, neft var”

Milli Şuranın sədri Cəmil Həsənli “Amerikanın səsi” radiosunda “Sərbəst kürsü” canlı forumunun qonağı olub. Forumun mövzusu isə Milli Şuranın 5 aprel mitinqi seçilib.

Rüfət Qasımov (İstanbul): Cəmil bəy, son prezident seçkilərində göstərdiyiniz şücaətə görə sizə təşəkkür edirəm. Amma siz o zaman mitinq etmədiniz ki, xalqın ümidini itirmək olmaz. Bəs indi nə üçün mitinq eləyirsiniz. Xalqın ümidini itərəcəyindən qorxmursuz? Xalq bu aksiyalara hazırdırmı?

- Rüfət bəy, biz 2013-cü ilin sentyabr və oktyabr aylarında, yəni seçki ərəfəsində çox uğurlu mitinqlər keçirdik. Seçki başa çatandan sonra noyabr ayında da seçkinin nəticələrinə etiraz mitinqlərimiz oldu. Mən bilmirəm siz nəyə əsasən deyirsiniz ki, biz 2013-də mitinq keçirməmişik. Bizim o zaman keçirdiyimiz mitinqlərin video materialı hələ indi də sosial şəbəkələrdə var. İndiyə gəldikdə, deməliyəm ki, mitinq vətəndaşın konstitusion hüququdur və fövqəladə vəziyyət istisna olmaqla həmin aksiya hər zaman keçirilə bilər.

Rasim (Bakı): Parlament seçkilərindən gözləntiniz nədir? Namizəd olmağı düşünürsünüzmü?

- Biz Milli Şura olaraq parlament seçkilərinə qədər seçkiqabağı mühitin demokratikləşdirilməsini, seçki komissiyalarının hakimiyyətin nəzarətindən çıxarılması və tərəflərin etimad göstərdiyi komissiyaların yaradılması, Venetsiya komissiyasının təkliflərinin nəzərə alınmasını vacib hesab edirik. İndiki mərhələdə biz bunu vacib hesab edirik. Çünki konstitusiya üzrə Azərbaycan xalqı hakimiyyəti formalaşdırmaq hüququndan uzaqlaşdırılıb. ATƏT-in seçki müşahidəsinə mandatı olan Varşava Bürosunun yekun sənədlərinə görə Azərbaycanda 2008-ci ilin prezident seçkilərində saxtalaşdırmanın səviyyəsi 23 faiz, 2010-cu ilin parlament seçkilərində 32 faiz, 2013-cü ilin prezident seçkilərində isə 58 faiz olub. Göründüyü kimi, hakimiyyət xalqın etimadını itirdikcə seçki saxtakarlığının faizi də yüksəlir. Xalqın öz hakimiyyətini formalaşdırmaq haqqı özünə qaytarılmalıdır. İndi vacib olanı budur. Namizədlik məsələsinə sonrakı vəziyyətə uyğun olaraq baxacağıq.

Kənan: Mitinqin şüarı nə olacaq? Yenə həm də siyasi şüarlar səsləndiriləcək, yoxsa yalnız ictimai etiraz olacaq?

- Bu mitinq "Talana son" mitinqinin davamıdır və bu şüar əsas şüar kimi qalacaq. Amma bununla belə digər şüarlar da səsləndiriləcək. Xüsusilə siyasi məhbuslarla bağlı, şəhid ailələrinin kompensasiyalarının verilməməsi, yoxsulluğun və qiymətlərin artması əleyhinə şüarlar səsləndiriləcək. Siyasi məhbusların portretləri qaldırılacaq. Avrointeqrasiyaya tərəfdar olduğumuzu ifadə edəcəyik və sair.

Hüseyn (Moskva): Hazırki geosiyasi vəziyyətdə Azərbaycana nə qədər demokratiya lazımdır? Ölkənin surevenliyi daha vacibdir, məncə.

- Hər hansı vəziyyətdən asılı olmayaraq demokratiya hər bir ölkəyə lazımdır. Demokratiya ölkənin suverenliyinə təhlükə törətmir, əksinə onu təminatlı edir. Hər bir hakimiyyət xalqın dəstəyinə söykənəndə daha güclü olur. Xalqın dəstəyi isə demokratik təsisatlar vasitəsi ilə, demokratik seçki vasitəsi ola bilər. Avtoritar və totalitar idarəçilik suverenlik anlayışlarını həmişə risk altına alır. Dünyada ən güclü suverenliyi olan ölkələr geniş demokratik dəyərlərə söykənən ölkələrdi. Əks təqdirdə, demokratiyadan yayınmaq üçün geosiyasi vəziyyətdə nə isə çatışmayacaq.

Gunay: Cəmil bəy, sizcə dollar yenə bahalaşacaq? Olmazdı ki, manatı güclü saxlasınlar? Sizcə bunu niyə etdilər?

- Dolların bahalaşması bilavasitə neftin qiymətindən asılıdır. Manat ona görə qiymətdən düşdü ki, Azərbaycanda iqtisadiyyat yoxdur, neft var. Ölkə neftdən asılı vəziyyətdədir. İndiyə qədər qeyri-neft sektoru yaradılmadı. Neftdən asılı olan ölkələr bir qayda olaraq xarici amildən asılı olurlar. Manatın araxasında iqtisadi güc yoxdur. İndiyə qədər manatı neft pullarını bazara atmaqla saxlayırdılar. İndi bu pullar yoxdur. Digər tərəfdən büdcə təhlükə qarşısındadır. Əvvəl nefti 50 dollara satanda büdcəyə 38 manat daxil olurdu. İndi 50 dollara satanda 53 manat daxil olur. Halbuki, İlham Əliyev maliyyə böhranından 3 həftə əvvəl dünya maliyyə qurumlarını öz vəsaitlərini manatla saxlamağa çağırmışdı və bəyan etmişdi ki, manat ən etibarlı valyutadır. Nəticədə gördünüz də nə baş verdi? Lakin bu hələ son deyil. Yeni kursla da pul dəyişmə məntəqələri işləmir. Çünki, dövlətin müəyyən etdiyi qiymət yenə sünidir. İqtisadi amillərlə bağlı deyil. Yaxın gələcəkdə ikinci devalvasiya dalğası gözlənilir.

Kəmalə (Bakı): Belə mitinqlərin davamlı olacağını düşünürsünüz? Yəni hər 2-3 həftədən bir təşkil etmək mümkün olarmı?

- Mitinqlər davamlı olacaq. Lakin indi dəqiq vaxt qoymaq istəmirik. Xüsusilə, qarşıdan seçkilər gəlir və mitinqlərin keçirilməsi seçki kampaniyasının çox vacib bir hissəsidir. Mitinqlərin keçirilməsi bilavasitə konstitusiya ilə vətəndaşa verilmiş hüquqdur və xalqın bu hüququnu reallaşdırmasında heç bir narahat məqam yoxdur. Mitinqlər dinc xarakter daşıyır və adamlar, xüsusilə gənclər məsələn, siyasi mülahizələrlə 100-dən artıq ləyaqətli insanın həbs edilməsinə öz etirazını bildirir.

Sevinc (Amerika): Cəmil müəllimə hər zaman mənim prezidentim deyə müraciət etmişəm, edəcəm də. Hörmetli Cəmil müəllim, sualım belədir: Azərbaycanın hazırki vəziyyətində bu saxta hakimiyyət nə qədər öz yalan, uydurma siyasəti ilə iqtidarda qala bilər?

- Sevinc xanım, səmimi sözlərinizə görə təşəkkür edirəm. Xalqın seçim haqqı özünə qaytarılmalıdır. Bu hakimiyyət xalqın səsi və etimadı ilə deyil, Mərkəzi Seçki Komissiyasının qərarı ilə formalaşıb. Ötən seçkilərdə iştirak edən dairə (bu, təxminən seçicilərin 20 faizi ətrafında idi) bizə səs versə də, səsini fəal şəkildə qorumağa və müdafiə etməyə hazır deyildi. Xalqn iradəsi ortada olmalıdır. Normal seçkidə bu hakimiyyətin şansı yoxdur.

Camal (Berlin): Cəmil bəy, indiki iqtidara mitinqlə nəyi isə qəbul etdirmək mümkündür? Milli Şura ölkənin regionlarında da kütləvi aksiyalar keçirmək planlaşdırırmı? Bakıdan kənara nə vaxt səfərlər edib aksiyalar keçirəcəksiniz? Ölkədə hətta manatın devalvasiyasının 34 faiz olduğu halda mitinqlərə gələn narazı elektoratın sayı 34 faiz artmır. Buna səbəb nədir?

- Bəli, mitinqlərlə nə isə etmək olar. Məhz mitinqin xofu altında hakimiyyət bir neçə gün ərzində fantastik artım sürəti almış qiymətləri aşağı salmaq məcburiyyətində qaldı. Düzdür bu inzibati yollarla edilir, amma xalqın qəzəbindən qorxan hakimiyyət bunu etmək məcburiyyətində qaldı. Bu gün elan edildi ki, kreditlərin qaytarılma müddəti uzadılsın və kredit faizləri aşağı salınsın. Bunların heç biri elə-belə olmur. İctimai müqavimət olmalıdır və bu müqavimət yolu ilə əhali özünü hakimiyyətin yarıtmaz siyasətindən müdafiə etməlidir. Xalqın 34 faizinin mitinqə çıxmasına ehtiyac yoxdur. 4 faiz çıxsa yetərlidir və bu dörd faizlə xalq öz iradəsini hökumətə diqtə edə bilər. Regionlarda mitinqlərin keçirilməsinə ehtiyac var və bu istiqamətdə müzakirələr aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.