Sumqayıt - kazinolar şəhəri - qumarxanaların siyahısı

3-04-2015, 09:49   
Sumqayıt - kazinolar şəhəri - qumarxanaların siyahısı
Vəziyyət nəzarətdən çıxdı, “qara bazar” hər yerdə!


İnsan ömrü boyu əldə etdiklərini bir ağılsız hərəkətinə görə qumarda itirə bilir.
Bəziləri olan-qalan pulunu, qır-qızılını, maşınını, hətta evini də qumara qoyur və uduzur. Elə məhz bu səbəbdən Azərbaycanda qumar oyunları qadağan edilib. Lakin buna baxmayaraq, hələ də paytaxtda və ölkənin müxtəlif yerlərində “qara bazar” fəaliyyətdədir.

Bakıda Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tez-tez belə yerlər aşkarlanır. Bir müddət əvvəl Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən çay evində kazino tapılıb. Bundan əvvəl isə Bülbül prospektində yerləşən “Bikkers Club” çay evində “poker” kart qumar oyunları təşkil olunduğu bilinib. Məlum olub ki, gündüzlər çay evi kimi fəaliyyət göstərən məkanda gecə saat 2-dən sonra səhərə qədər qumar oyunları keçirilirmiş. Eyni hala “Çalı Quşu” və “Parpali” kafelərində də rast gəlinib.

SUMQAYIT - KAZİNOLAR ŞƏHƏRİ

Bu baxımdan Sumqayıt daha çox “inkişaf” edib. “Kazinolar şəhəri” adlandırılan Sumqayıtda demək olar hər ay qeyri-qanuni fəaliyyətdə olan totalizator yerləri aşkarlanır. Burada müxtəlif növ qumarxanaların kafe və çayxana adı altında açılan yerlərdə fəaliyyət göstərdiyi bəlli olur.

Məlum olduğu kimi, bu tip məkanlarda vətəndaşlar futbol və digər idman oyunları ərəfəsində oyunların nəticəsi ilə bağlı proqnoz verib müəyyən məbləğdə pul qoyurlar. Bəzi hallarda isə məkan sahibləri daha irəli gedərək müxtəlif kompüter proqramları vasitəsilə əsl qumar oyunları təşkil edirlər.

Bəzən bu cür qanunsuz əməllər açıq-aşkar həyata keçirilir. Məsələn, Sumqayıtın 18-ci mikrorayon ərazisində, Koroğlu prospektində yerləşən “Samovar” çay evinin reklam plakatlarından məhz bu fəaliyyət növü ilə məşğul olduğu açıq görünür. Bu “çay evi”nin reklam lövhəsinin üzərində əlavə olaraq ““Çelsi” idman klubu” sözlərinin yazılması burada qeyri-qanuni futbol totalizatorunun fəaliyyət göstərməsinə işarə edir. Eyni hal Sumqayıtdakı “Dəniz” kafesində də təkrarlanır.

Belə əməllərə görə saxlanılan sahibkarlar, bağlanılan müəssisələr də az deyil. Sumqayıtda "Klub-555"-də kazino-qumarxana, “Napoli”, “Milan” və “Beşiktaş” çay evlərində kazino tipli uduşlu (“çərxi-fələk” - “russkaya ruletka”, loto) və qumar oyunlarının keçirildiyi müəyyən olunub. Bəzən belə yerlər şəxsi mənzillərdə də qurulur. Məsələn, Sumqayıtın 3-cü mikrorayonunda yerləşən mənzildə də (ev 19 “B”) şəhər sakini Səbuhi Nəsirovun “Mançester” adlı idman və “on-line” sistemi ilə qumar oyunları təşkil etməsi müəyyən edilib. Amma təəssüf ki, belə yerlər qapadıldıqca, yerinə yeniləri ortaya çıxır.

ƏN ÇOX GƏNCLƏR TORA DÜŞÜR

Özü də belə totalizator mərkəzləri təkcə Bakı və Sumqayıtla məhdudlaşmır. Mütəmadi olaraq bölgələrdə də belə yerlər aşkarlanır. Xüsusilə də bu cür qumarxanalarda yaş məhdudiyyəti olmadığından onlar azyaşlıları və gəncləri də asanlıqla tora sala bilirlər. Bu hal olduqca böyük narahatlıq doğurur. Gənclərin təsir altına düşərək qumara qurşanması onları tədrisdən yayındırır. Çox vaxt işbazlar belə yerləri məktəb və ya universitetlərə yaxın yerlərdə yaradırlar ki, gənc uşaqları da oyuna sala bilsinlər. Səslənən iddialara görə, bir çox tələbələr evdən təhsil haqlarını götürüb qumara qoyurlar. Uşaqlar isə evdən pul oğurlayır, dərsdən yayınırlar.

Qeyri qanuni fəaliyyət göstərən bu qumarxanalarda maksimum uduşlara limitlər qoyulmaması faktı da insanları şirnikləndirərək onların daha çox uduzmasına səbəb olur. Eyni zamanda qanunsuz fəaliyyət və uduşlara dövlət təminatının olmaması onlara uduşların verilməməsinə də imkan yaradır.

Ümumilikdə ekspertlərin rəyi belədir ki, bu sahədə qadağaları artırmaqdansa, nəzarət mexanizmini gücləndirməyə ehtiyac var.Yalnız bu vasitə ilə insanların “qara bazar”ın və fırıldaqçıların toruna düşməsinin qarşısını almaq olar.

Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.