Nazirlik həyətlərdən analizlər götürəcək

3-04-2015, 18:01   

Quş qripi xəstəliyinə görə monitorinqlərə start veriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən Axar.az-a verilən məlumata görə, quş qripinin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlayan nazirlik yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ölkə miqyasında ardıcıl monitorinqləri davam etdirir.

Aprelin 6-da köçəri quşların yaz miqrasiyasını nəzərə alaraq növbəti monitorinqə start veriləcək. Monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılacaq.

Nəzarət tədbirinin köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələr götürüləcək.

Ölkə ərazisində köçəri və ev quşlarına görə aparılacaq monitorinq zamanı götürüləcək qan və patoloji materiallar Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr aprelin 17-də ictimaiyyət üçün açıqlanacaq.

Qeyd edək ki, hazırda quş qripi xəstəliyinə görə respublikamızda vəziyyət sabitdir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar