Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun olduğu iddia edilən «Jalə» meyvə şirələrinin artıq qonşu İranda da satışına başlanılıb. JAM.AZ xəbər verir ki, «Jalə» meyvə şirələrinin qonşu ölkənin iki şəhərində topdansatış mərkəzləri yaradılıb.
Ərdəbil və Təbriz şəhərlərində təşkil edilmiş satış mərkəzləri vasitəsi ilə dükanlara təklif olunan «Jalə»nin qiymətində isə fərq var. Belə ki, Azərbaycanda kiçik qutularda satılan sözügedən meyvə şirələri 30-40 qəpik dəyərindədirsə, İranda bu qiymət 15-20 qəpik aralığında dəyişir.
JAM.AZ-ın araşdırmalarına görə, Kəmaləddin Heydərova məxsus olduğu deyilən şirkətlərin İranda fəaliyyət göstərməsi təkcə «Jalə» şirələri ilə yekunlaşmır. Həmçinin Azərbaycanda istehsal olunan gips örtüklər (alçipan) də artıq İran bazarına ayaq açıb. Belə ki, bu məhsullar İranın Tehran da daxil olmaqla, Ərdəbil və Təbriz şəhərlərində satışa çıxarılıb.
Qeyd edək ki, Azərbaycan məhsullarının xaricdə satılması yaxşı haldır və bu ölkəyə valyuta gətirilməsinə yardımçı olur.