Məhəmməd Talıblı: «Dövlətin 10 iri vergi ödəyicisinin 2,4 milyard manat borcu var, onlara qarşı vergi intizamı sərtləşdirilməlidir»
Akif Nəsirli: «Korrupsiya yeminə çevrilən investisiya xərclərini azaltmaq olar»
BMT Təhlükəsizlik Şurası ilə İran arasında əldə olunan razılaşma neft bazarında böyük bir çaxnaşma yaradıb. Əldə olunan razılaşmaya əsasən, İran zənginləşmiş nüvə başlıqlarını təhvil verəcək, əvəzində sanksiyalar tam aradan qaldırılacaq.
Eyni zamanda İranın Qərb ölkələrində donmuş hesabları geri qaytarılacaq. Təkcə cənub qonşumuz son aylarda neft satışından qazandığı 7,8 milyard dollar vəsaiti Qərb sanksiyaları üzündən əldə edə bilmir.
Qərb və Tehran arasındakı son sazişdən sonra neftin qiyməti bir gün ərzində 4 faiz ucuzlaşıb. "Brent" markalı neft 2 dollardan çox ucuzlaşaraq 54,9 dollara, Texas nefti isə 1 dollar ucuzlaşaraq 49,1 dollara təklif edilib. Qeyd edək ki, ilin ikinci yarısından sonra "qara qızıl"ın dəyərinin də daha da aşağı düşməsi proqnozlaşdırılır. Çünki İran dünya, Qərb bazarına neftini ixrac etməyə başlayarsa, bu, qiymətlərə ağır zərbə vuracaq. Onsuz da neftə olan təklifin tələbatı üstələməsi "qara qızıl"ın 60 dollara qədər ucuzlaşmasına səbəb olmuşdu. İranın neft ixracatına qoyulan sanksiyaların bu ilin 30 dekabrından etibarən götürüləcəyi gözlənilir. Belə olan halda, bazarda təklifçilərin sayının artacağı, neftin qiymətinin gələn il daha da aşağı həddə düşəcəyi proqnozlaşdırılır.
Deməli, qarşıdakı ildə neft ölkələrini daha ağır sınaq gözləyir. Neft ölkəsi olan Azərbaycanda da gəlirlər azalacaq. Hökumət büdcə ixtisarlarına getməyə məcbur qalacaq.
Artıq Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bununla bağlı ilkin açıqlama verib. Baş bankir bir müddət əvvəl bildirmişdi ki, 2016-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 50 dollardan hesablanacaq: "Cari il üçün maliyyə təşkilatları, investisiya şirkətləri bir barel neftin qiymətini 50-55 dollar səviyyəsində proqnozlaşdırır. Neftin hazırkı qiymətləri də uzun müddətdir ki, bu zonada hərəkət edir. Yəqin ki, gələn ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 50 dollardan hesablanacaq".
Qeyd edək ki, 2015-ci ilin dövlət büdcəsi bir barel neftin orta qiyməti 90 dollardan hesablanması öhdəliklərin yerinə yetirilməsində problemlər yaradıb. Azərbaycanın 2015-ci il dövlət büdcəsinin gəlirləri 19 mlrd. 438 mln. manat, xərcləri 21 mlrd. 100 mln. manat həcmində təsdiq edilib. Büdcə kəsiri 1 mlrd. 662 mln. manat və ya ÜDM-in 2,8 faizi səviyyəsində proqnozlaşdırılır.
Əgər hökumət 50 dollardan hesablayarsa, deməli, büdcənin indiki parametrləri kəskin dəyişəcək, gəlirlər və xərclər azaldılacaq. Belə olan halda hökumət hansı xərclərin azaldılmasına gedə bilər?
İqtisadçı-ekspert Akif Nəsirli "Bizim Yol"a bildirdi ki, əslində, gələn ilin deyil, bu ilin büdcəsinin ilin ikinci yarısından sonrakı hissəsinin müzakirəyə ciddi ehtiyacı var: "Büdcənin gəlirləri faktiki olaraq azalıb. Hazırda neftin qiymətinin 60 dollardan aşağı düşməsinə baxmayaraq, büdcə sənədində 90 dollardan hesablanıb. Anormal bir vəziyyət yaranıb. Ya Azərbaycan hökumətinin proqnozları özünü doğrultmur, ya da proqnozlaşdırma işi aparılmayıb.
Dövlət büdcəsini 35-40 faiz arasında investisiya xərcləri təşkil edir. Bu xərc maddəsinin yarısı korrupsiyaya yemidir. Bu il həmin xərclərin həcmi 7 milyard manata yaxın təşkil edir. Bu vəsaitlərin həcmini azaltmaq olar".
İqtisadçı bildirdi ki, vaxtı ilə investisiya vəsaitlərinin böyük hissəsi kənd təsərrüfatına, büdcəyə yenidən qayıda biləcək real sektora yönəldilməli idi: "Hökumət hesab edir ki, investisiya xərclərinin təmir-tikinti layihələrinə yönəldilməsinin sosial dividendi var. Dünya təcrübəsinə əsasən, bütün xərclərin səmərəsinin əmsalı ölçülür. Azərbaycanda isə bu praktika olmadığına görə, həmin dividendləri də ölçmək mümkün deyil".
A.Nəsirliyə görə, gələn il dövlət büdcəsi kəskin azalmayacaq: "Büdcədə ümumi olaraq azalmaya getməklə, Dövlət Neft Fondundan transfertləri artıra bilərlər. Bununla cari ilin büdcəsinə yaxın sənəd qəbul edə bilərlər".
A.Nəsirli sosial xərclərin azaldılacağını düşünmür: "Yaxın bir-iki ildə sosial xərclərin azaldılacağını düşünməyə dəyməz. Çünki Azərbaycanda sosial xərclər o qədər də yüksək səviyyədə deyil. Ona görə də bu istiqamətdə xərclərin azaldılması məqbul sayıla bilməz".
Digər iqtisadçı-ekspert Məhəmməd Talıblı isə bildirdi ki, 2016-cı ildə neftin qiymətinin dünya bazarında hansı səviyyədə olacağını proqnozlaşdırmaq çətindir: "Qısa müddətli dövr olsaydı, 50 dollardan hesablamağın nə dərəcədə ədalətli olub-olmadığını demək olardı. Gələn il neftin konyuktur qiymətinin necə olacağını bilmirik. Çünki "qara qızıl" bazarında baş verənlər tələb və təklif əsasında formalaşmır. Qeyri-iqtisadi amillərin neftin qiymətinə təsirləri var.
Əgər qısa dövr üçün bu qədər proqnoz xətası verilirsə, 1 il bundan sonra hansı şərtlər daxilində büdcə parametrlərinin formalaşacağından danışmaq yerində görünmür".
M.Talıblı əlavə etdi ki, 2015-ci ildə büdcə kəsirini örtmək üçün hökumət xarici borclanmaya getməyə məcbur qala bilər: "Neftin qiymətinin ucuzlaşması dövlətin gəlirlərinin azalmasına gətirib çıxaracaq. Hökumət bu il optimist ssenari ilə qiymət müəyyənləşdirmişdi. May ayında büdcəyə yenidən baxılarsa, investisiya layihələrinin bir qismi təxirə salına bilər.
Üçüncü ehtimal olunan istiqamət sosial xərcləmələrdə aparılacaq ixtisarlardır. Amma bunu "Büdcə sistemi haqqında" qanunun tələbləri qadağan edir. Bu baxımdan həmin xərc maddələri üzrə ixtisarlara gediləcəyini düşünmürəm.
Düzü, Avropa Oyunları ərəfəsində investisiya xərclərinin də ixtisar ediləcəyinə inanmıram. Ona görə də kəsiri örtmək üçün başqa maliyyə mənbələrinə üz tuta bilərlər. Burada xarici borclanmaya gedilməsi ehtimalı var".
İqtisadçı vurğuladı ki, hökumət vergi intizamının sərtləşməsi hesabına büdcə gəlirlərində gərginliyi azalda bilərlər: "Məsələn, dövlətin 10 iri vergi ödəyicisinin hazırda borcları 2,4 milyard manat səviyyəsindədir. Onlara qarşı vergi intizamı sərtləşdirilməlidir".
Vüsalə RÜSTƏMOVA