Bakı ərəb sərmayəsinə yol açır - pərdəarxası...

4-04-2015, 13:51   
Bakı ərəb sərmayəsinə yol açır - pərdəarxası...
“Biz beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edirik. BMT və İslam Əməkdaşlıq Təşkilatında ölkənizin bizə göstərdiyi dəstəyə görə minnətdarıq. Azərbaycan da öz növbəsində hər zaman bütün beynəlxalq təsisatlarda ölkənizi dəstəkləyir. Ona görə də xalqlarımız arasındakı qardaşlığa əsaslanan güclü siyasi əlaqələr və fəal siyasi dialoq ikitərəfli tərəfdaşlıq üçün olduqca özəl format yaradır. Sözsüz ki, iqtisadi əməkdaşlıq və investisiya ilə əlaqədar məsələlər mühüm əhəmiyyət daşıyır”. Bu sözləri dövlət başçısı İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti şeyx Məhəmməd bin-Rəşid əl-Maktumla görüşdə deyib.

Rəsmi qaynaqlar xəbər verir ki, əl-Maktumun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan rəsmilərinin görüşündə əlaqələrin genişləndirilməsi perspektivləri, qarşılıqlı və birgə investisiyalar, turizm və digər məsələlər müzakirə olunub.

İ.Əliyev bildirib ki, BƏƏ-nin Ticarət Palatasının xaricdə ilk ofisi 3 il əvvəl Bakıda yaradılıb:“Qarşılıqlı investisiyalar birgə icrası, birgə müəssisələrin yaradılması üçün yaxşı imkanlar var, xüsusilə də turizm sahəsində. İnanıram ki, perspektivdə bu layihələr üzərində işlənəcək”. Şeyx Məhəmməd bin-Rəşid əl-Maktum söyləyib ki, bir-birimizdən öyrənəcək çox şeylər var, bu səfər əlaqələrin daha da genişləndirmək və yaxşılaşdırmaq baxımından gözəl imkandı.

Görüşdə regional təhlükəsizlik və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdən sonra Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında fövqəlada halların idarə olunması, qiymətli kağızlar və əmtəə sahəsində sənədlər imzalanıb.

İqtisadçılar Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında işbirliyinin gücləndirilməsini bir neçə yöndən şərh edir. Türkiyə təcrübəsini önə çəkənlərin açıqlamalarında bildirilir ki, ərəb dünyasından ölkəyə investisiya cəlb edilməsi iqtisadiyyata müəyyən dönəm üçün müsbət təsir edə bilər. Bəllidir ki, Türkiyə iqtisadiyyatında son bir neçə ildə davamlı gərginlik yaşanır. Rəsmi Ankara israrla iqtisadiyyatın ümumi nəticələrdə geriləmədiyini vurğulasa da milli valyutanın ucuzlaşma tendensiyasını nəzərə alaraq gerçəkliyin tam fərqli olduğunu demək mümkündür.

Türkiyə birjalarında milli valyuta və səhmlərin ucuzlaşması prosesi zamanı hökumət və dövlət rəsmilərinin ərəb dünyası, xüsusən Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər kimi zəngin ölkələrlərlə təmasları güclənir. Ekspertlər iddia edir ki, Türkiyə düşdüyü gərginlikdən ən asan çıxış yolunu ərəb sərmayəsini ölkəyə cəlb edilməsində görür, buna görə də siyasilərin təmasları daha çox iqtisadi amillər üzərində qurulur. Nəticələr isə Türkiyəni qane edir – ərəb investorlar ölkənin daşınmaz əmlak bazarına güclü sərmayə yatırır, bir sıra infrastruktur layihələrinin gerçəkləşməsinə yüklü miqdarda para ayırır. Təkcə prezident Rəcəb Tayyib Ərdoğanın martın ilk günlərində Səudiyyəyə Ərəbistanına səfəri zamanı ölkəyə 600 milyon dollar sərmayə yatırılması razılaşdırılıb.

Nə qədər qəribə olsa da Türkiyəyə son dərəcə gərgin münasibətlərdə olduğu Suriyadan da “pul axır”. Savaş başlayandan sonra ölkənin bir çox zəngin iş adamı kapitalını qorumaq üçün Türkiyədə iqtisadiyyatına külli miqdarda para yatırıb. İqtisadçılar bildirir ki, pul sabit, təhlükəsiz bölgələri “sevir”. Daxili sabitliyi olmayan, xüsusən savaş gedən ölkələrdə vəsaitləri saxlanması son dərəcə böyük riskdir. Bu səbəbdən də müxalif və iqtidara yaxın bir sıra suriyalı zənginlər ən yaxın sabit bölgə kimi Türkiyəni seçib. Onlar ən müxtəlif yollarla paralarının bir qismini Türkiyəyə transfer edə biliblər. Digər qaynayan ərəb ölkələrinin zənginləri üçün də Türkiyə bir çıxış nöqtəsidir. Ərəb dünyasından Türkiyəyə yönəldilən bu sərmayə axını sürətlə Türkiyə iqtisadiyyatının dayaqlarından birinə çevrilməkdədir. Ən müxtəlif qaynaqlar bildirir ki, təkcə Suriyadan Türkiyəyə son 4 ildə milyardlarla dollar gəlib.

Azərbaycandaın ərəb dünyası ilə yaxınlaşma meylləri göstərir ki, rəsmi Bakı bu məsələdə Ankara modelini seçib - neftin dünya bazarındakı qiymətlərinin ucuzlaşması ilə gəlirlərin azalmasını bizimkilər ərəb dünyasından yeni investorlar tapmaq hesabına kompensasiya etməyə çalışır. “Yeni Müsavat”ın əldə etdiyi informasiyalara görə, ərəb kapitalının Xəzər sahilində yeni turizm obyektlərinin salınması, otelçilik və tikinti sektoruna və digər iri layihələrə cəlb edilməsi üçün danışıqlar gedir. Böyük ehtimalla, bu layihələrə ən qısa zamanda gözlənilən investisiya yatırılacaq.

Heç şübhəsiz, ölkəyə insvestisiya cəlb edilməsi müsbət tendensiya kimi dəyərləndirilməlidir. Azərbaycan kimi inkişaf etməkdə olan bir çox ölkələrinin inkişaf proqramları məhz cəlb edilmiş sərmayələr üzərində qurulur. İndi Azərbaycanın üzərinə düşən iş ölkə iqtisadiyyatı üçün indiki gərgin dönəmdə mümkün insvestorlara əlverişli şərait yaradılmasıdır.

İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, Azərbaycan kimi ölkələr üçün ərəb dünyasından investisiya cəlb edilməsi, Qərb investorları ilə işləməkdən daha rahatdır. Səbəb yenə də demokratiya məsələsidir: “Ərəb investisiyası daha çox daşınmaz əmlaka yatırılan vəsaitdir. Türkiyə örnəyindən baxsaq görəcəyik ki, ərəb milyarderlər daha çox dünya iqtisadiyyatında və siyasətində önəmi durmadan artan İstanbula sərmayə yatırır. Ərəb sərmayəsi Qərbdəki kimi texnoloji sərmayə deyil, ona görə məhz bu tip yatırımları hədəf götürüb. Azərbaycan bu təbəqəni maraqlandıra bilsə, gələcəkdə ölkəyə iri yatırımlar ola bilər. Hətta ehtimal edirəm ki, birgə enerji layihələrinin həyata keçirilməsi də mümkündür. Üstəlik, ərəb yarımadasının investorları Birləşmiş Ştatlar, Avropa investorları kimi ölkənin iç durumu ilə uzun müddət alan detallı araşdırmalar aparmırlar. Qərb investorları üçün uzunmüddətli daxili sabitlik, mülkiyyət hüququnun qorunması, demokratik təsisatların işləməsi, xüsusən azad məhkəmələrin olub-olmaması çox ciddi mövzulardır. Onlar gələcəklərini tam qaranti altına almaq üçün bu tələblərə cavab verməyən ölkələrə adətən investisiya yatırmırlar. Ərəb investoru üçün isə belə bir problem yoxdur. Onlar üçün əsas ölkənin siyasi elitası ilə anlaşmaqdır. Siyasi elita ilə öz maraqlarına uyğun münasibət qurandan sonra ərəb şeyxləri investisiya yatırmaq üçün hər hansı başqa şərt irəli sürmür”.

Natiq Cəfərli deyir ki, Azərbaycanda siyasi problemlərin artımı fonunda Qərb investorlarının cəlb olunması perspektivləri azalır. Belə bir durumda hakimiyyət üçün ən yaxşı alternativ ərəb investorlardır: “Azərbaycan Qərbə yaxınlaşmaq yolunu tutsaydı, Beynəlxalq Ticarət Təşkilatına üzv olar, gömrük və vergi siyasətində ciddi dəyişikliklər edər, Qərb investorlarına gərəkli təminatı verərdi. Ancaq Azərbaycan hökuməti bu addımları atmaq istəmir və ərəb sərmayəçiləri kimi problemsiz investorlar axtarır. Çünki ölkənin gəlirləri azaldıqca daha çox borclanma ehtimalı yaranır ki, bu da arzuolunmaz nəticələrə gətirib çıxara bilər”.

Ərəb investorlarının Xəzər sahilində iri layihələrə maliyyə yatırımı ayırmasına gəlincə, Natiq Cəfərli deyir ki, bu projelərin gözlənilən nəticələri verməsi üçün Azərbaycanın güclü piar qurmalıdır: “ Dubaydakı analoji projelərin – konkret dənizdəki “Palma” layihəsinin cəlbedici olması üçün hökumət çox ciddi addımlar atdı, ciddi piar kampaniyası quruldu. Böyük ulduzlara həmin layihələrədə mənzillər ayrıldı. Məsələn, dünya futbolunun ulduzu Devid Bekhemə orada ev verməklə bunu böyük təbliğata çevirə bildilər. Bunun ardınca layihə bir çox dünya ulduzlarının da diqqətini çəkdi. Azərbaycan da bu tendensiyaları nəzərə alaraq hərəkət etsə, nəticələr eldə etmək mümkündür”.

Aygün Muradxanlı
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar