Türkiyədə “Fənərbaxça” futbol klubunun futbolçularını daşıyan avtobusa silahlı basqın olub.
Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün Rizə şəhərində yerli “Rizəspor” klubu ilə səfər oyunundan dönən “Fənərbaxça” futbol klubunun avtobusu Trabzon yolunda silahlı hücuma məruz qalıb.
Avtobusun sürücüsü açılan atış nəticəsində ağır yaralanaraq xəstəxanaya aparılıb. Avtobusun şüşələri qırılıb. Komanda üzvləri digər avtobusa mindirilərək oradan uzaqlaşdırılıb.
Məlumata görə, sürücü yaralanan kimi elə sükan arxasındaca huşunu itirib. Hərəkətdə olan maşını salonda olan komanda üzvlərindən biri saxlayıb, bununla da daha böyük faciənin qarşısını almağa nail olub.
Polis kluba məxsus avtobusa hücumla bağlı araşdırmalara başlayıb. Silahlı hücumun hansı qrup və ya şəxslər tərəfindən təşkil olunduğu bəlli deyil.
Samir Cəfərli
Virtualaz.org