Milli Şura mitinq keçirib - YENİLƏNİB, FOTOLAR

5-04-2015, 18:17   

Bu gün Milli Şura mitinq keçirir.

Mitinqin keçirilməsi üçün "Məhsul" stadionu seçilib. Aksiyada bəzi müxalif partiyaların iştirakı da ehtimal olunur.

Müsavat Partiyasının isə bu mitinqdə iştirak etmək qərarının verilməsini öz üzvlərinin öhdəsinə buraxdığı bildirilir.

Onu da qeyd edək ki, Milli Şuranın bu gün keçirəcəyi mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.

Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, mitinq iştirakçıları "Məhsul" stadionuna toplaşıblar.

Aksiyanın başlanmasından sonra çıxış üçün ilk söz AXCP sədri Əli Kərimliyə verilib.

Ə.Kərimli hökumətin iqtisadi siyasətinni tənqid edərək, bildirib ki, manatın ucuzlaşması fonunda bir sıra sosial problemlər daha çox qabarmağa başlayıb.

O, hökuməti israfçılıq etməməyə çağırıb. Ə.Kərimli sosial müdafiəyə ehtiyacı olan vətəndaşları da düşünməyə çağırıb.

Əli Kərimli daha sonra deyib: "Keçən mitinqdə Azərbaycan hakimiyyətindən məsuliyyət tələb etdik. Amma heç nə dəyişmədi. Hakimiyyət mənasız layihələrinə davam etdirir. Xalq ehtiyac içində yaşayarkən, hakimiyyət oyunlara milyardlar xərcləyir. Ölümcül xəstəliyə düçar olmuş vətəndaşlarımız müalicə üçün pul tapa bilmir. Öz ölümünü gözləyir. Hakimiyyət isə oyunlara, mənasız şeylərə milyardlar xərcləyir".

Milli Şuranın üzvü Gültəkin Hacıbəyli isə qeyd edib ki, neftin qiymətinin ucuzlaşması hakimiyyəti çətinə duruma salmaqla yanaşı, xalqın da güzəranını ağırlaşdırıb: “Neftin qiymətinin artmasına dua edən hökumətin xalqı fikirləşmək fikri yoxdur. Amma neftin qiymətinin qalxması mümkün olmayacaq. Hakimiyyət xalqı bu böhrana özü salıb. Çıxarmaq üçün isə islahatlar aparmaq əvəzinə, sadəcə, dua edir".

Daha sonra Oqtay Gülaliyev çıxış edib: "Azərbaycan dünya ölkələri arasında siyasi məhbuslara görə ilk yerlərdən birini tutur. Bu hakimiyyət bizim haqqımızı, azadlığımızı, səsimizi oğurlayır. Çünki bu hakimiyyət bilir ki, bu gün haqqına sahib çıxan, sabah dövlətinə də sahib çıxacaq. Buna görə, neçə-neçə öz haqqı tələb edənlər hazırda həbsdədirlər. Bu yaxınlarda əfv sərəncamı ilə azadlığa buraxılanların böyük hissəsi cinayət törətmiş şəxslərdir. Hakimiyyət onları azad edir, amma təmiz, dürüst insanları həbsdə saxlayır".

Mitinqdə Milli Şuranın sədri Cəmil Həsənli də çıxış edib: "Bu gün bu millətin haqqını və hüququnu qorumaq üçün bu meydana gəlmiş sizlərə eşq olsun. 20 il ərzində bu hakimiyyətin yeganə istehsalı yalandır. Bu ölkədə iqtisadiyyat yoxdur, neft var. Neftdən pul gəldikcə sağa, sola xərcləyirdilər. Elə bilirdilər ki, dövləti idarə edirlər. Amma neft ucuzlaşan kimi, hər şey ortaya çıxdı".

O, əhalinin kredit borclarından və kredit faizlərindən də danışaraq, qeyd edib ki, bu, bir asılılıqdır: “Vətəndaş bu krediti iqtisadi inkişafa, biznes qurmağa görəmi alır? Yox! Bunlara görə almır. Azərbaycan vətəndaşı düçar olduğu bəladan xilas yolu kimi, cərrahiyyə əməliyyatı keçirmək üçün kredit asılılığına düşür. Əvvəllər aldığı kreditini bağlamaq üçün yeni kredit girdablarına düçaq olur. Bu gün ölkəni bu vəziyyətə salanlar bir anlığa düşünməlidirlər ki, 25 il əvvəl ona görə müstəqil olmuşduq ki, bir qrup məmurun əsarətinə düşək? Nə qədər ki, vətəndaşlar bu siyasətə "yox" demir, öz taleyinə özü hakim olmur, belə də davam edəcək. Ona görə də, hər biriniz olduğunuz yerlərdə xalqa yardım göstərin, xalqı əsarətdən qurtarın. Bu, hamımızın vicdan borcumuzdur”.

Mitinqdə digər müxalifət təmsilçilər də çıxış ediblər.

Əməkdaşımızın verdiyi məlumata görə, mitinq əvvəlcədən də elan edildiyi kimi, 17:00-da sona çatıb.

Aksiya dinc şəraitdə keçib və mitinq zamanı hər hansı ciddi insident yaşanmayıb.

Röya RƏFİYEVA,
Məhəmməd TÜRKMƏN
Fotolar müəlliflərindir.



Milli Şura mitinq keçirib - YENİLƏNİB, FOTOLAR



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar