Bakı ilə Ankaranın regiondakı önəminə Lozanna təhlükəsi; Tehranla “altılıq” arasında tarixi anlaşma işğalçı ölkə üçün də mühüm şans pəncərəsi açır; Rusiya təhlükəsinə qarşı geosiyasi oyuna “erməni kartı”nın da qoşulma ehtimalı Azərbaycan və Türkiyəni yeni kontur-strategiya hazırlamaq zorunda qoyur; Qarabağ məsələsi ətrafında şərtlər dəyişə bilər... Tehranla “altılıq” arasında tarixi anlaşma işğalçı ölkə üçün də mühüm şans pəncərəsi açır; Rusiya təhlükəsinə qarşı geosiyasi oyuna “erməni kartı”nın da qoşulma ehtimalı Azərbaycan və Türkiyəni yeni kontur-strategiya hazırlamaq zorunda qoyur; Qarabağ məsələsi ətrafında şərtlər dəyişə bilər...
İsveçrənin Lozanna şəhərində İranla “altılıq” ölkələri (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü + Almaniya) arasında Tehranın nüvə proqramı ilə bağlı əldə olunan anlaşma gözlənildiyi kimi, dünya gündəmini dərhal zəbt etdi.
Ona görə ki, bu anlaşma böyük bir bölgənin, o cümlədən Güney Qafqazın taleyinə və burdakı üzücü münaqişələrin həll perspektivinə, regional və qlobal təhlükəsizliyə, habelə Rusiya-Qərb “soyuq savaşı”nın gedişatına əhəmiyyətli təsir göstərmək gücündədir. Ən başlıcası, çərçivə anlaşması bölgədə yeni və dağıdıcı müharibə riskini, demək olar, sıfırlamış oldu.
Anlaşma ilə sözsüz ki, İranın əl-qolu açılacaq, onun iqtisadiyyatı, milli valyutası dirçəlməyə başlayacaq, nəhəng neft-qaz ehtiyatlarının dünya bazarlarına çıxışı bərpa ediləcək. İran isə bəllidir ki, həm də Ermənistanın tərəfdaşıdır, işğalçı ölkə üçün üçüncü on ildir əsas “nəfəslik” rolunda çıxış eləməkdədir.
Təsadüfi deyil ki, Ermənistanın siyasi-ekspert dairələrində Lozanna anlaşması az qala, İrandakı qədər məmnunluqla qarşılanıb. Erməni türkoloqları, iranoloqları sevinclərini gizlətmirlər:
1. İşğalçı ölkənin İran qismində ənənəvi və mühüm müttəfiqi sanksiyalardan qurtulduğuna görə;
2. Sanksiyalardan sonra Tehranla İrəvan arasında iqtisadi və energetik əlaqələrin genişlənməsinə indiyədək mövcud olmuş əngəllər götürüldüyünə görə;
3. Müttəfiq İrana regional problemlərin, o cümlədən Qarabağ konfliktinin həllində daha böyük rol tanınacağına görə;
4. Ən əsası, İranın nəhəng təbii qaz ehtiyatlarının əlverişli marşrut kimi Avropa bazarlarına Ermənistan vasitəsilə çıxarılması imkanları açıldığına görə;
Yəni faktiki surətdə sözügedən anlaşma ilə Qərb (“altılığın” özəyini məhz Qərb dövlətləri təşkil edir) illərdir blokadada olan Ermənistan üçün həyati əhəmiyyət kəsb edən İran “nəfəsliyi”ni xeyli dərəcədə böyütmüş olur yazsaq, qətiyyən yanılmarıq. Azərbaycan və Türkiyə üçün ən təhlükəlisi isə təcavüzkar Ermənistanın tranzit qaz ölkəsi kimi böyük oyuna girməsi və Gürcüstan kimi fantastik paralar, mənfəətlər götürmə ehtimalıdır. İqtisadiyyatı “klinik ölüm” vəziyyətində olan düşmən ölkə üçün bunun nə demək olduğunu xırdalamağa yəqin ki, lüzum yoxdur.
***
Məsələ də ondadır ki, İran qazının Avropaya ən əlverişli çıxışı yolu, doğrudan da, Ermənistandır. Tehranın isə İrəvanla heç bir problemi gözlənilmir. Azərbaycanla da İran ciddi problem yaşamır. Lakin təbii qazın nəqlində hər bir ölkə ilk növbədə öz strateji və milli maraqlarından çıxış edir. İranın da məhz əlverişliliyi, rentabelliliyi əsas götürərək Ermənistan marşrutunda təkid edəcəyi realdır.
Hər halda, Türkiyə kimi İranın Ermənistan qarşısında işğalla bağlı şərti yoxdur. Diplomatik münasibətlər isə çoxdan qaydasındadır. Başqa yandan, Ermənistanın bu layihələrə qoşulması Qərbin də marağına uyğun görünür. Çünki bununla işğalçı ölkənin Rusiyadan energetik, maliyyə, ardınca isə siyasi asılılığı zəifləyə bilər ki, ABŞ və Avropa da elə çoxdandır buna çalışır.
Doğrudur, əvəzində İrəvanın Tehrandan asılılığı artacaq, ikincinin ona təsir imkanları genişlənəcək. Ancaq bir var Rusiya, bir də var İran. Şübhəsiz ki, Ermənistan üzərində söz sahibliyi olan İran Qərbə qat-qat sərfdir, nəinki ipə-sapa yatmayan, imperiyapərəst Putin Rusiyası.
Üçüncü yandan, nəhəng həcmdə İran qazının qısa yolla - Ermənistan üzərindən Avropaya çatdırılması (Azərbaycan qazı ilə birgə) Avropanın Rusiyadan qaz asılılığını (bu asılılıq 30%-40% təşkil edir) minimuma endirəcək, onun enerji təhlükəsizliyini möhkəmləndirəcək ki, bu da Qərbin Kremlin aqressiv siyasətinə qarşı daha effektli və vahid cəbhədən çıxış eləməsini asanlaşdıracaq, ABŞ-la Avropa Birliyi arasında Rusiyaya münasibətdə özünü göstərən fikir ayrılıqlarına son qoyacaq.
Paradokslardan biri də məhz elə Rusiyanın öz forpostu Ermənistanın Moskvaya qarşı böyük bir projedə İranla birgə yer ala biləcəyi ilə bağlıdır. Kreml bunu əngəlləyə, İrəvana təzyiq edib onu bu layihələrdən çəkindirə bilərmi?
Düşünmürük. Çünki söhbət strateji, iqtisadi-energetik maraqlardan gedir və belə bir cəhd erməni toplumunda anti-Rusiya ovqatını xeyli gücləndirərdi. Unutmayaq ki, Ermənistan çoxdan Azərbaycanı qabaqlamaqla Qərbə bağlanmaq üçün fürsət axtarır. Və İrəvan onun üçün açılacaq böyük bir şans pəncərəsini Rusiyaya görə qapatmayacaq, önünə atılacaq “xilas kəməri”ni dərhal götürəcək. Rusiyanı itirməyin qarşılığında özünə Qərb timsalında qlobal, İran timsalında isə regional havadar qazanmış olacaq. Azdır?
***
Əlbəttə ki, Azərbaycanla Türkiyənin bölgədəki geosiyasi və energetik rolunun azalmasına gətirə biləcək proseslərin belə inkişaf ssenarisi ilə bağlı iki qardaş ölkə ortaq kontur-strategiya hazırlamaq zorundadır. Ermənistanın İran qazının Avropaya nəql ölkəsi kimi ortaya çıxmasına və təcavüzkarın iqtisadi dirçəlişinə heç cür imkan vermək olmaz. İran qaz kəməri marşrutunun ya Türkiyə, ya da Azərbaycandan keçməsi üçün Tehrana bütün təsir rıçaqlarından istifadə olunmalıdır.
İrəvan yalnız Qarabağ məsələsində konstruktiv mövqe tutacağı, işğal altındakı əraziləri boşaltmağa başlayacağı halda ona belə şans tanına, üstəlik Türkiyə ilə sərhədlər də açıla bilər. Bunu həmçinin Dağlıq Qarabağ probleminə ABŞ və Avropanın ədalətli yanaşmasını təmin eləmək zərurəti diktə edir...
***
Əlbəttə ki, teokratik rejimli İran Qərb üçün NATO üzvü, dünyəvi Türkiyəni əvəzləmək imkanında deyil. Ancaq Türkiyə və Azərbaycanın energetik, tranzit ölkələr kimi dəyəri azalsa, bu sahədə onlara Ermənistan alternativ qismində peyda olsa, Qərbin Ankara və Bakıya qarşı manevr imkanları genişlənə bilər.
Bu imkanları, o sırada Ermənistanın nəzəri şansını təsirsiz hala gətirmək vəzifəsi iki qardaş ölkənin diplomatiyası üzərinə düşür. Siyasət mümkün olanı, geosiyasət isə mümkün olmayanı da reallaşdırmaq məharətidirsə, niyə də olmasın.
Analitik xidmə://musavat.com/