Səfər Əbiyevin alay komandiri Cahangir Rüstəmova qarşı qisasının pərdəarxası - Sensasional iddialar

6-04-2015, 09:04   
Səfər Əbiyevin alay komandiri Cahangir Rüstəmova qarşı qisasının pərdəarxası - Sensasional iddialar
Əfsanəvi komandirə sui-qəsdin yeni təfərrüatları; Faiq Rüstəmov atasının ölümünün araşdırılmasını tələb edir...
1994-cü il martın 28-də Gədəbəyin Şınıx bölgəsində mina partlayışı zamanı həlak olan əfsanəvi komandir Cahangir Rüstəmovun oğlu Faiq Rüstəmovun “Yeni Müsavat”a geniş müsahibəsini təqdim etmişdik. F.Rüstəmov atasının məhz sui-qəsdlə aradan götürüldüyünü demişdi. Sui-qəsdin sifarişçi kimi şübhələndiyi şəxsin adını da çəkmişdi - keçmiş müdafiə naziri Səfər Əbiyev.

F.Rüstəmov fikrini çox mübhəm və istintaqla araşdırılmalı olan faktlarla davam etdirmişdi. Əvvəlki məqalədə (http://musavat.com/news/olke/atamin-oldurulmesinde-sefer-ebiyevden-shubhelenirem-shok-iddia_257215.html - bu keçiddə həmin məqalə ilə tanış ola bilərsiz) əfsanəvi polkovnikin oğlunun bir çox fikirlərini bölüşmüşdük, bu sayımızda F.Rüstəmovun həmin günlərlə bağlı söylədiklərini təqdim edirik.

Yazmışdıq ki, Cahangir Rüstəmov 1991-ci ildə Şəmkirin Dəllər qəsəbəsindəki hərbi aerodromda 35 il xidmət keçəndən sonra polkovnik rütbəsində, batalyon komandiri vəzifəsində təqaüdə çıxıb. Rus ordusunun ali ordeni olan “Qırmızı Ulduz” nişanı ilə təltif edilmiş C.Rüstəmovun rahat təqaüdçü həyatı 1 il çəkib. 1992-ci ildə erməni qoşunları Gədəbəy, Tovuz, Qazax zonasına hucumlara başlayanda C.Rüstəmov vətənin peşəkar zabitlərə ehtiyacının olduğunu görüb və yenidən ordu sıralarına qayıdıb. O dövrdə Azərbaycan Milli Ordusunun yaranmasında yaxından iştirak edib. Onun rəhbərliyi ilə sonradan briqadaya çevrilən Gədəbəy özünümüdafiə batalyonu, Şəmkir batalyonu, Daşkəsən batalyonu birləşdirilib, alay yaradılıb. Həmin illərdə rus qoşunları Azərbaycandan çıxarılırdı deyə silah-sursat, hərbi texnikalar da ölkədən xaricə daşınırdı. Daşına bilməyən hərbi ləvazimatlar, obyektlər isə yararsız vəziyyətə salınırdı.

Belə bir vaxtda C.Rüstəmov 35 il qulluq etdiyi hərbi aerodroma 6 yük təyyarəsinin endiyini eşidir. Öyrənir ki, həmin yük təyyarələri Moskvadan aerodromdakı hərbi bazanın ələ gələn bütün silah-sursatının, ləvazimatlarının yüklənərək xaricə daşınması məqsədi ilə göndərilib. C.Rüstəmov aerodromu hücumla götürmək qərarını verir. C.Rüstəmovun rəhbərliyi ilə aerodromun uçuş zolağına yük maşınları ilə daş-kəsək, torpaq gətirilərək tökülür və yük təyyarələrinin oradan qalxması əngəllənir. Bu əməliyyat o qədər peşəkarlıqla hazırlanır ki, ruslar aerodrom ələ keçirilənə qədər nə baş verdiyini anlamırlar. Nəhayətdə Gəncədə dislokasiya olunmuş rus desantı aerodroma cəlb edilir. Gürcüstanın Vaziani rayonundakı rus hərbi bazasından qırıcı təyyarələr qalxaraq Şəmkirdəki aerodromun üzərində, bir neçə yüz metrliyə enməklə uçuş manevrləri etməklə C.Rüstəmovun rəhbərlik etdiyi hərbçiləri qorxudub ərazidən çıxmağa məcbur etmək istəyirlər. 10 gün aerodromun qərargahında C.Rüstəmovla danışıqlar aparılır.



Ruslar Cahangir Rüstəmovun şərtlərini qəbul edirlər

Sonda vəziyyətin çıxılmazlığını görüb C.Rüstəmovun şərtlərini qəbul edirlər: 6 yük təyyarəsindən üçü, aerodromdakı 11 ədəd Su-24 bombardımançı təyyarəsi, 27 ədəd MİQ-25 kəşfiyyatçı-qırıcı təyyarəsi, 1 ədəd Mi -8 vertolyotu, külli miqdarda silah-sursat, o cümlədən hərbi bazanın bütün avtomobil texnikası Azərbaycan Müdafiə Nazirliyinin sərəncamına keçir. Aerodromun dağıdılmasına imkan verilmir. Yük təyyarələrindən birində Kürdəmirdəki hərbi bazadan doldurulmuş və Rusiyaya aparılması nəzərdə tutulan silah-sursat boşaldılır. Sonradan həmin silah-sursatla, avtomobil texnikası ilə C.Rüstəmovun briqadası, Tovuz və Qazax hərbi hissələri təmin olunub. Aerodrom Azərbaycan Müdafiə Nazirliyinin balansına keçəndən 1 gün sonra Şəmkirdəki aerodromdan 2 bombardımançı təyyarə qalxıb, Qarabağ uğrunda gedən döyüşlərdə düşmən mövqelərini bombalayıb...

Aslan Aslanov Cahangir Rüstəmovun yanına niyə gedib?

Ötən saylarımızda yazmışdıq ki, şəmkirli iş adamı Elpərəst Həsənli Cahangir Rüstəmova Aslan Aslanovun bir təklifi haqda danışıb. E.Həsənli qəzetimizə açıqlamasında demişdi ki, Gədəbəydə müharibə getdiyi bir vaxtda A.Aslanov komandir C.Rüstəmovla görüşüb və ona 2 saatlıq da olsa qoşunu Gədəbəydən çıxarmasını təklif edib.

F.Rüstəmov da belə bir məsələ haqda eşitdiyini söylədi: “Biz də bu söhbəti eşitmişdik. Mən hərbçi olmuşam, daim öz bölüyümlə məşğul olmuşam. Amma belə söhbətlərin olmasını eşitmişəm. Bu faktı tamamilə təsdiq edə bilmirəm. Çünki mən o söhbətin şahidi olmamışam”.



E.Həsənli C.Rüstəmovun A.Aslanov tərəfindən zəhərləndiyini də demişdi. Bildirmişdi ki, bundan əvvəl ona çox ehtiyatlı olmağı tövsiyə edib. F.Rüstəmov atasının zəhərləndiyini təsdiqləyir. Deyir ki, o zəhərlənmə hadisəsindən sonra C.Rüstəmov daha ehtiyatlı olub: “Buna qədər onun yanında 2 əsgər olurdu. Belə deyək ki, həmin əsgərlər cangüdən idilər. Həmişə yanında olurdular. Onu zəhərləyəndən sonra döyüş bölgəsinə gedəndə cangüdən əsgərləri özü ilə götürmürdü. Heç mənim də onunla getməyimə razılaşmırdı. Hərbi hissədə qulluq edirdim deyə o, cəbhə bölgəsinə gedəndə avtomatı götürüb maşına minirdim, onunla gedib postları yoxlayıb qayıdırdıq. Zəhərlənməyə qədər bir xasiyyəti vardı ki, döyüş bölgəsinə gedəndə ”UAZ"-la (komandir maşını) rayon mərkəzindən piyada kəndlərə gedən sakinləri də maşına götürüb qapısına aparırdı. Zəhərlənmədən sonra isə yolda heç kimi götürmürdü..."
F.Rüstəmov nazir S.Əbiyevin ona qarşı daim qərəzli olduğunu da açıqlayıb.

Deyib ki, nazir həmişə ona qarşı qeyri-adekvat addımlar atıb: “Atama sui-qəsddən 1 il sonra qulluq etdiyim hərbi hissənin qərargah rəisi Nurəddin Abdullayev dedi ki, kadrların rəisi Hüşyar Quliyev keçirilmiş əməliyyata görə sənə ”Azərbaycan bayrağı" ordeni verilməsi üçün təqdimat hazırlayıb. Briqada komandiri Etibar Məmmədov üstünü imzalayıb və təsdiqlənməsi üçün Müdafiə Nazirliyinə göndərib. Həmin təqdimat bu gün də məndədir. 1995-də Səfər Əbiyev həmin təqdimatı təsdiqləmədi. Demişdi ki, guya sənəd gec gəlib. Halbuki bu gün də 41-45-də döyüşmüş şəxslər göstərdikləri şücaətə görə orden və medallarla təltif olunur və yaxınlarına təqdim edilir. Sonradan hərbi komissarlıq sistemində çalışdığım zamanlarda da o mənim irəliləməyimə mane olurdu. Məni hərbi komissar əvəzi təyin etdilər. Bir neçə saat sonra Respublika hərbi komissarı Ramiz Məmmədov zəng elədi. Dedi ki, “Safar Abiyev prikazal tebya za dva çasa uvolit, za çeqo ne znayu”. 30 il bu dövlətə qulluq etmişəm. Mən mayor rütbəsində təqaüdə çıxmışam. Rütbəni mənə məhkəməyə müraciət edəcəyimi deyəndən sonra veriblər. Prezident əmr verdi ki, 20 il qulluq edənlərə ev verilsin. Səfər Əbiyev 20 il qulluq edənlərə ev verdi, mənə vermədi. Cahangir Rüstəmovun oğluyam, ona görə vermədi. Mənə orden, rütbə, ev verilməməsi Səfər Əbiyevlikdir. Hərbi qulluqçu rütbə almaqdan ötrü qulluq edir. 2 il hərbi komissar vəzifəsini icra etdim. Qoymadı ki, təsdiqlənim. Müharibə başlasa gedib əsgər kimi döyüşməyə də hazıram".



F.Rüstəmli atasının həyatına olan sui-qəsdin araşdırılmasını tələb edir.

Yada salaq ki, Şəmkirin tanınmış iş adamlarından biri Elpərəst Həsənlinin Şəmkirin sabiq icra başçısı, sonradan kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanova ittihamları haqda yazmışdıq. E.Həsənli A.Aslanovu 6 sui-qəsddə ittiham etmişdi. Həmin ittihamlardan biri əfsanəvi polkovnik Cahangir Rüstəmovla bağlı idi. E.Həsənli iddia edirdi ki, C.Rüstəmov Aslan Aslanovun əli ilə zəhərlənib, sonradan isə maşınına mina qoyularaq öldürülüb.

E.MƏMMƏDƏLİYEV
P.S. Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.