PKK terror təşkilatının lideri Abdulla Öcalanı Keniyadan Türkiyəyə gətirmiş qrupun üzvlərindən biri, Türkiyə xüsusi təyinatlı hərbi qüvvələrinin keçmiş komandanı, Türkiyənin Bakıdakı keçmiş hərbi attaşesi, istefada olan general-polkovnik Engin Alan “Benim adım Engin Alan: bölünmeye çeyrek kala” adlı kitab yazıb.
Virtualaz.org saytı xəbər verir ki, hazırda Milliyyətçi Hərəkat Partiyasından İstanbul millət vəkili olan E.Alan 275 səhifəlik kitabında Türkiyənin yaşadığı problemlərdən bəhs edib və PKK məsələsinin həlli ilə bağlı fikirlərini bölüşüb.
Generalın diqqətçəkən fikirlərindən bir hissəsi də Azərbaycanda çalışdığı dönəmlə bağlıdır. E.Alan Türkiyənin Bakıdakı hərbi attaşesi olduğu dönəmdə mərhum prezident Heydər Əliyevlə birgə çalışması haqda yazıb. Türk general Heydər Əliyevə qarşı sui-qəsdlərin canlı şahidi olduğunu vurğulayıb.
E.Alan attaşe olduğu illərdə vaxtının çoxunu Qarabağda keçirdiyini yazıb: “1994-1996-cı illərdə Bakıda hərbi attaşe vəzifəsini icra etdim. Bu 2 il ərzində Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin böyük dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələrini yenidən qurduq. Zamanımın çoxu Qarabağ cəbhəsində keçdi. Heydər Əliyevə və onun iqtidarına qarşı sui-qəsdləri, məkrli planları üz-üzə yaşadım. Azərbaycanda yaşadıqlarımı yazsam, bir neçə cildlik kitab çıxar”.
İlkin Muradov
Virtualaz.org