Yəhudi dövləti Lozanna razılaşmasını niyə sabotaj edir? Təl-Əvivin bu məsələdə çox ciddi tərəfdaşları var...
İranın “altılıq” (BMT TŞ 5 daimi üzvü + Almaniya) ölkələri ilə nüvə sahəsində anlaşma əldə etməsindən ən çox narazı qalan ölkə İsrail oldu. Baş nazir Benyamin Netanyahu saziş xəbəri gələn gün hökumət kabinetinin təcili toplantısını keçirdi və bəyan etdi ki, Qərbdən fərqli olaraq İsrail İranın nüvə proqramı ilə bağlı sazişə etimad bəsləmir.
Amerikanın ABC telekanalına müsahibəsində isə Netanyahu İranın öhdəliklərə sadiq olmayacağını iddia edib. İranı müzakirələrə Qərbin ağır embarqolarının məcbur etdiyini deyən baş nazir deyib ki, “daha yaxşı nəticələrə nail olmaq üçün” İrana qarşı sanksiyalar sərtləşdirilməli idi. Netanyahu həmçinin, əldə olunan razılaşmanın Tehranın nüvə fəaliyyətlərini tam olaraq ləğv etmədiyi üçün “pis” adlandırıb.
Eyni zamanda sözügedən anlaşmanın İsrailin təhlükəsizliyi üçün problemləri daha da artırdığını, regionun “sünni əhali çoxluq təşkil edən ölkələrinin” bu hadisədən sonra silahlanma yarışına girəcəyini bildirib.
Əlbəttə, Netanyahunun vurğunu məhz bu ifadənin üzərinə salması səbəbsiz deyil. Çünki bir qədər əvvəl Səudiyyə ərəbistanı hökuməti ABŞ-a xəbərdarlıq edib ki, onlar da nüvə silahlı əldə edilməsi çalışmalarına başlaya bilərlər. Təbii ki, ABŞ-ın regionda əsas müttəfiqi olan iki ölkənin İran məsələsində birdən-birə Vaşinqtona qarşı çıxmasının arxasında ciddi səbəblər dayanır.
Bunlardan birincisi, danışıqların ilkin nəticələridir. Yəni Lozanna anlaşmasına əsasən İran mövcud nüvə mərkəzlərinin fəaliyyətini davam etdirəcək, sadəcə anlaşmada qeyd olunan müddəalara əsasən 10-15 il ərzində nüvə təsisatları dinc məqsədli nüvə enerjisi istehsal edəcək və ya tədqiqat mərkəzi kimi fəaliyyətini davam etdirəcək. Bunun qarşılığında isə İran son dərəcədə ağır embarqo və sanksiyalardan azad olacaq. Bu isə Tehranın bölgədə siyasətinin nəinki yumşaldacaq, əksinə həbsdə olan pullarını geri alan və yenidən beynəlxalq enerji bazarına daxil olan İran daha rahat şəkildə Fələstində, Livanda İsrailə qarşı savaşan qruplaşmaları dəstəkləyəcək. Yəni İsrail Qərbin İrana qarşı siyasətinin faktiki olaraq nəticəsiz qalması prosesi ilə üz-üzədir.
Əlbəttə, bu vəziyyətə qarşı İsrailin əl ata biləcəyi vasitə bu sazişin qüvvəyə minməməsi və ya tezliklə pozulmasıdır. Çünki hər iki tərəf bəyan edib ki, sazişdə nəzərdə tutulan maddələrdən birinə əməl edilməyəcəyi təqdirdə ondan imtina edəcəklər. Bunun üçünsə İsrail bir sıra imkanlara malikdir. Bu - ilk növbədə ABŞ-da yəhudi lobbisi və Obamanın müxalifləri, yəni respublikaçılardır. Məlum olduğu kimi, ABŞ respublikaçıları hələ əvvəldən bu sazişə qarşı olub və bu məqsədlə Ağ Evə təzyiq göstərməyə çalışıb. Respublikaçı senator və konqresmenlərin İran əleyhinə çağırışları hələ də davam edir - baxmayaraq ki, son razılaşmadan sonra onlar bir qədər sakitləşiblər. Hazırda Konqresdə çoxluğu ələ keçirmiş respublikaçıların qarşıdakı seçkilərdə İranla anlaşmanı pozacaq qərarlara səbəb olması mümkündür.
Bundan əlavə, İsrailin İran məsələsində ən yaxın müttəfiqi Səudiyyə Ərəbistanı və digər region ölkələridir. Çünki İsrail kimi onlar da İranın güclənməsini istəmirlər. Hazırda məhz Yəmən mövzusuna görə İran və ərəb dövlətləri arasında gərginlik mövcuddur. Ancaq sadalanan ölkələrlə yanaşı, uzaq perspektivdə İranın Rusiya və Çin kimi ənənəvi müttəfiqləri də nüvə anlaşmasından narazılar siyahısındadır. Çünki bu anlaşmanın əldə olunması ilə Rusiya və Çin İranın “vazkeçilməz müttəfiqi” statusunu itirir. Rusiya isə əlavə olaraq İran kimi atom enerjisi tikintisi müştərisindən məhrum olur. Bu mənada qarşıdakı dövrdə İranla ABŞ arasında münasibətlərin pozulmasında Rusiya da maraqlı ola bilər.
İrana qarşı embarqo zamanı “qara bazar”da enerji satışından böyük miqdarda pullar qazanan BƏƏ, Türkiyə kimi ölkələr, o cümlədən müəyyən qədər Azərbaycan da İran-ABŞ anlaşmasından “zərərçəkən” ölkələr kateqoriyasına aiddir. Təbii ki, bu prosesdən zərər görən ölkələrin İran-ABŞ yaxınlaşmasında da maraqları olmayacaq.
Və nəhayət İsrailin daha bir “ümid yeri” İran daxilindəki mühafizəkarlardır. İranda mühafizəkar qanad bu anlaşmanın İslam Respublikasının Yaxın Şərqdəki fəal siyasətinə mənfi təsir edəcəyini güman edir, eyni zamanda bu anlaşma islahatçıların mövqeyini gücəndirdiyi üçün narazıdırlar. Təbii ki, indiki mərhələdə anlaşmaya açıq etiraz etməyən mühafizəkarların sabah regional siyasətdə hökumətin mövqe dəyişikliyi ilə rastlaşdıqları zaman sərt təpki verəcəkləri aydındır. Bu üzdən də İsrailin ABŞ-İran yaxınlaşmasına mane olmaq üçün bir sıra gözləntiləri var.
Belə bir prosesi tezləşdirmək üçün İsrail Fələstində və ya Livanda yeni müharibə başlada, yaxud İrana hava zərbələri endirə bilər. Çünki hər iki halda Qərb istənilən anlaşmaya baxmayaraq İsrailin yanında yer alacaq. Bunu Təl-Əvivdə də yaxşı bilirlər. Lozanna anlaşmasından dərhal sonra İsrail baş nazirinin İrana təkbaşına zərbə endirəcəkləri ilə bağlı təhdidinin arxasında məhz belə bir istək dayana bilər.
Kənan Rövşənoğlu