Ukrayna nə Donbasa, nə də Krıma 1 qrivna da verməyəcək; Ukrayna hökumət aparatını “sıxır”; Sergey Lavrov ATƏT-in müşahidə missiyasının fasiləsiz nəzarətini tələb edir
Latviyanın xarici işlər naziri deyir ki, Kremli ikinci və üçüncü Reyxin taleyi gözləyir
Ukrayna hökumət aparatında ciddi ixtisarlara başlayıb. Baş prokurorun müavini David Sakverelidze bildirib ki, belə şişirdilmiş idarəçilik aparatına heç bir ehtiyac yoxdur. Unian. net yazır ki, aprelin 25-dək təkcə prokurorluq orqanlarından 3,5 min nəfərin ixtisar ediləcəyi gözlənilir. Strukturdakı məmur sıxlığının aradan qaldırılması digər nazirlik və komitələrdə də gözlənilir.
Yada salaq ki, dövlət və hökumət aparatında struktur yenilənmələri və ixtisarlar Ukraynaya beynəlxalq yardım ayrılmasının şərtlərindən biridir. ABŞ, Avropa ölkələri, eləcə də beynəlxalq maliyyə institutları Ukraynaya 40 milyarda yaxın yardım və krediti idarəetmə strukturunda ciddi ixtisarlar aparılması şərti ilə verib.
İxtisar ediləcək şəxslərə artıq bu haqda rəsmi bildiriş verilib. Baş prokurorun müavini deyib ki, ixtisara düşməyən işçilərin üzərinə də ciddi məsuliyyət düşür. Artıq buna qədər olduğu kimi iş yerində “vaxt öldürmə” imkanı olmayacaq.
Ukrayna-Rusiya cəbhəsində bir müddət davam edən nisbi sakitlik yenidən pozulmaqdadır. Müdafiə Nazirliyinin sözçüsü Andrey Lısenkonun mediaya verdiyi açıqlamaya görə, aprelin 6-na keçən gecə cəbhə xəttində atəşkəs 23 dəfə pozulub, 6 Ukrayna hərbçisi həlak olub: “Onlardan ikisi Mariupol yaxınlığında minaya düşüb. Əldə etdiyimiz informasiyaya görə, Rusiya nəzarət etdiyi bölgələrə yaxın ərazilərin bir çoxunu minalamaqla məşğuldur. Bunun üçün Ukraynaya ölkəyə mütəxəssislər gətirilib”.
Rusiyanın işğalçı davranışlarına görə dövlət büdcəsini “qənaət rejimi”nə keçirən Ukrayna Donbas və Krıma yönəlik bütün tədbirləri dayandırıb. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası sədrinin müavini Aleksandr Turçinov deyib ki, Kiyev bu ərazilərlə heç bir maliyyə ayırmayacaq: “Heç şübhəsiz həmin ərazilər Ukrayna əraziləridir. Ancaq bu gün Rusiya həmin yerləri işğal etdiyinə görə büdcə maliyyələşdirilməsindən söhbət gedə bilməz. Çünki bu, Ukraynanın öz xalqına qarşı terrorçuları maliyyələşdirməsi deməkdir”.
Rusiya qaynaqları isə bu xəbərlə spekulyasiya etməkdədirlər. Bir neçə xəbər saytı yazır ki, Ukrayna prezidenti Petro Poroşenko Rusiya prezidenti Vladimir Putinə Donbasın maliyyələşdirilməsini üzərinə götürməyi təklif edib. Turçinov deyir ki, bu sadəcə Rusiya mediasının uydurmasıdır: “Bizə bəllidir ki, Putin bir neçə həftə öncə Rusiyalı iş adamları ilə görüşərək, Donbasla bağlı layihələrə maliyyə yatırmalarını istəyib. Bu faktın özü Rusiyanın işğalçı siyasətini davam etdirdiyini göstərir. Bizim öz torpağımızdan kimlərəsə hədiyyə vermək fikrimi yoxdur. Donbas da, Krım da Ukraynanın ayrılmaz hissəsidir və biz ərazi bütövlüyümüz təmin edilənə qədər mübarizəmizi davam etdirəcəyik”.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə iddia edir ki, Ukrayna hərbçiləri cəbhə bölgəsində provokasiyalar yaradaraq döyüş əməliyyatlarını intensivləşdirir. Nazir bunun qarşısını almaq üçün ATƏT-in döyüş bölgəsindəki müşahidə missiyasının gücləndirilməsini təklif edib: “Münaqişənin nizamlanması ilə bağlı bir sıra addımlar atılıb. Ağır texnikanın ərazidən çıxarılması prosesi davam edir, atəşkəs rejiminin saxlanması üçün tədbirlər görülür. Ancaq Ukrayna Minsk danışıqlarında üzərinə götürdüyü öhdəliklərin hamısını yerinə yetirmir. Hesab edirəm ki, ATƏT qaynaq nöqtələrdə müşahidə missiyasını gücləndirməlidir. Bu haqda prezident Putin və prezident Poroşenko arasında da razılaşma var. Hesab edirik ki, bunun üçün ATƏT Ukraynadakı əməkdaşlarının sayını 500-dən 1000-ə çatdırmalıdır. Biz israr edirik ki, ATƏT təmsilçiləri atəşkəsin daha çox pozulduğu bölgələrdə fasiləsiz monitorinqlər aparsınlar, eyni zamanda tərəflərin ərazilərdəki qərargahları ilə davamlı informasiya mübadiləsində olsunlar”.
“Rusiyanın indiki davranışı onu I və II dünya Savaşlarından sonra Almaniyanın düşdüyü duruma salacaq”. Bu sözləri Latviyanın xarici işlər naziri Edqar Rinkeviçs Twitter hesabında yazıb. Nazir deyib ki, Kremlin hərəkətləri Almaniyanın həmin dönəmlərdəki davranışlarına çox bənzəyir: “Çağdaş Rusiyanı izlədikcə belə bir nəticəyə gəlirəm ki, bu addımların sonu hər iki dünya savaşından sonra Almaniya reyxlərinin taleyinə aparır. Onda artıq gec olacaq... Bilirik ki, Almaniya İmperiyası, yəni İkinci Reyx 1918-ci ildə I Dünya savaşı başa çatandan sonra məhv olmuşdu. Versal Müqaviləsinə əsasən hərbi əməliyyatlar zamanı vurulan bütün ziyanın məsuliyyəti Almaniyanın üzərinə qoyulmuş, imperator II Vilhelm hərbi cinayətkar elan edilmişdi. 1933-45-ci illərdəki Üçüncü Reyx də müttəfiqlərin zərbəsi ilə məhv edildi, rəhbərlər həbs olundu, bir neçə ölkə Almaniyanı işğal etdi”.
Aygün Muradxanlı, musavat.com