Azərbaycan iqtidarının “ərəb açılımı”

7-04-2015, 09:21   
Azərbaycan iqtidarının “ərəb açılımı”Prezident Əliyevin Ərəbistana səfərinin pərdəarxası; Hakimiyyət sakit görünsə, müxalifətin mitinqlərini görməzdən gəlsə də, yeni bir böhranla üzləşməmək üçün təcili önləmlər almaqdadır; Səudiyyə Ərəbistanına səfər mümkündür ki, Moskva və Tehranda qısqanclıqla qarşılansın; amma daha bir sensasion versiya da var...
Azərbaycan prezidenti İlham Əliyevin aprelin 5-də Səudiyyə Ərəbistanına gözlənilməz səfəri medianın ən çox diqqət yetirdiyi mövzulardan birinə çevrilib. Bu səfərin Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun Bakıya səfərindən dərhal sonra gerçəkləşməsi Azərbaycanın ərəb dünyasının iki lider dövləti ilə münasibətlərinin yeni mərhələsi kimi izah edilir.

Əsas iddialar bu yöndədir ki, neftin qiymətinin düşməsindən sonra Azərbaycan iqtidarı ərəb dünyasından ölkəmizə investisiya cəlb edilməsi yönündə ciddi fəaliyyətə başlayıb. Prezidentin səfər proqramında kral Salman bin Əbdüləziz əl-Səudun da daxil olmaqla, görüşdüyü şəxslərin siyahısına diqqət edək: krallığın Ticarət Palataları Şurasının sədri, neft və minerallar naziri, maliyyə naziri, İslam İnkişaf Bankı Qrupunun prezidenti... Bütün bu görüşlərdə də müzakirə edilən əsas məsələ iqtisadiyyat, infrastruktur və digər sahələrdə müxtəlif layihələrin həyata keçirilməsi olub.


* * *

Türkiyə hökumətinin yaxın illərdə sınaqdan keçirdiyi bu strategiya uğur qazandığından indi Azərbaycan hakimiyyəti də Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Qətər kimi zəngin ölkələrlə təmasları sürətləndirib. Üstəlik, Tehranın hərbi nüvə proqramından imtinası regionda İran kimi nəhəng enerji oyunçusunun illərdir tıxanmış yollarını da açacaq ki, bunun da Azərbaycana təsiri qaçılmazdır. Azərbaycan iqtidarının planlarındakı çox iri layihələr, xüsusən Bakının baş planının gerçəkləşməsi neftin qiymətinin enməsi ilə risk altına düşür. Yəni yaxın illərdə xarici kapitala, böyük investisiyalara ciddi ehtiyac duyulacaq ki, bu pulları Azərbaycanın aid olduğu regional qurşağından - Avropadan istəməyin yeri yoxdur.



Əvvəla, ona görə ki, Azərbaycan Avropa Birliyinə üzv deyil və qurumla əməkdaşlıqda ehtiyatlı ikitərəfli əlaqələrə üstünlük verir. İkinci bir tərəfdən, investisiyalar yatırımında qoyulan şərtlər ya çox ağırdır (Yunanıstanın düşdüyü vəziyyəti xatırlayın), ya da demokratik institutların yaradılması, şəffaflıq və korrupsiya ilə mübarizə kimi tələblər Azərbaycan hakimiyyəti üçün sərfəli deyil. Bu baxımdan, ərəb dünyasından təcili investisiya cəlb edilməsi iqtisadiyyatımız üçün uzun müddətli “şok terapiyası” hesab oluna bilər.

Artıq hökumət rəsmiləri də ehtiyatla olsa da, manatın ikinci devalvasiyasından danışmağa başlayıblar. İqtidar sakit görünməyə çalışsa da, Bakıda müxalifətin mitinqlərini görməzdən gəlsə də, yeni bir böhranla üzləşməmək üçün təcili önləmlər almaqdadır.

* * *



Azərbaycan hakimiyyətinin ərəb şeyxləri ilə bu cür fövqəladə təmaslara start verməsinin dünyada baş verən proseslər fonunda o qədər də uyğun zamana dəng gəlmədiyini də vurğulamaq lazımdır. Səudiyyə Ərəbistanı indi dünyanın ən çox diqqətdə olan ölkələrindən biri, bəlkə də birincisidir. Yəməndə şiə husilərin qanuni hakimiyyəti devirməsindən sonra Səudiyyə Ərəbistanı sərhədlərində yerləşən bu ölkəyə hərbi müdaxilə edib. Bu müdaxilə BMT-nin sanksiyası olmadan gerçəkləşib və ilk növbədə Azərbaycanın qonşusu olduğu iki ölkədə ciddi narahatlıq doğurub. Söhbət Rusiyadan və İrandan gedir.



Rusiya ABŞ-ın Fars körfəzində ən sadiq müttəfiqi olan Səudiyyə Ərəbistanının Yəmənə hərbi müdaxiləsini pisləyir və BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan belə bir əməliyyatların başlanmasını neçə gündür dayandırmağa çalışır. Rusiya əlbəttə ki, Yəməndə bombardmandan ölən vətəndaşları deyil, özünün mənafeyini düşünür.

Çünki ABŞ-ın dəstəyi ilə Yəmənə bu cür müdaxilə sabah BMT sanksiyası olmadan Ukraynaya da Amerika qoşunu yeridilməsini mümkün edə bilər. Səudiyyə Ərəbistanı ilə Rusiyanın münasibətləri həm də Suriya məsələsində toqquşub. Səudiyyə Ərəbistanı Kremlə Bəşər Əsədə dəstəkdən çəkinmək üçün hətta astronomik rəqəmdə silah müqaviləsi təklif etmişdi. Amma Kreml Əsəd rejiminin arxasında dayandı və Rusiya sanksiyalara məruz qaldıqdan sonra varlı ərəb ölkələri ondan üz çevirdi. Rusiya məcbur olub Çinə, Amerika ilə düşmən olan iqtisadiyyatı dağılmış Latın Amerikası ölkələrinə (məsələn, Qvatemala və Venesuelaya) üz tutdu.



İran da Yəməndə hakimiyyətə gəlmələri üçün dəstək verdiyi şiə huşilərə müharibə elan edən əzəli düşməni Səudiyyə Ərəbistanını şiddətlə qınayır. Belə bir vəziyyətdə Azərbaycanın dövlət rəhbərinin Səudiyyə Ərəbistanına səfəri mümkündür ki, ölkəmizə heç də xoş münasibəti olmayan iki odioz qonşunun paytaxtlarında - Moskva və Tehranda qısqanclıqla qarşılansın.

* * *
Bu məqama diqqət çəkən ekspertlərdən biri “Azərbaycan hakimiyyəti investisiyalar məsələsində nə qədər tələssə də, ola bilməz ki, regiondakı vəziyyəti nəzərə almasın” deyə, “Yeni Müsavat”a fikir bildirib. Ekspert hətta bu cür qəfil səfər barədə sensasion iddia da irəli sürüb. “Rəsmi Bakı indi hətta Yəmən məsələsində Rusiya-İran- Səudiyyə Ərəbistanı arasında vasitəçi ola da bilər və bu versiyanı mümkün hesab edirəm” deyə, bildirib.

Xəbər xidməti
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.