Əliyevin Səudiyyə səfərinin arxasında nə dayanır?

7-04-2015, 09:36   
Əliyevin Səudiyyə səfərinin arxasında nə dayanır?

Dövlət başçısının qəfil səfərinin əsasən iqtisadi səbəblər üzündən reallaşdığı düşünülür

Azərbaycanın dövlət başçısı Ilham Əliyev Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə gedib. Rəsmi saytlar xəbər verir ki, Ilham Əliyevin Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əl-Səudun ilə görüşü olub. Qeyd edək ki, I.Əliyevin Səudiyyə Ərəbistanına bu səfəri tamamilə gözlənilməz olub. Çünki dövlət başçısının bu ölkəyə səfərə gedəcəyi haqda rəsmi mətbuatda əvvəlcədən hər hansı məlumat verilməmişdi.
Bu səfərin müxtəlif məqsədlərlə reallaşdırıldığı düşünülür. Bu istiqamətdə iki məqsəd vurğulanır.

Siyasi məqsədlər

Birinci məqsəd siyasi yönümlüdür. Belə ki, hazırda Qərblə münasibətləri gərgin olan Azərbaycanın Səudiyyə Ərəbistanı vasitəsilə ABŞ-la münasibətləri yoluna qoymağa çalışa bilər. Çünki demokratik prinsiplərin kobud pozulması, insan haqlarının tapdanması, siyasi məhbus probleminin mövcudluğu Azərbaycanı Qərbin tənqid hədəfinə tuş edib.

Səudiyyədən investisiyanın cəlbi

Iqtisadi səbəbə gəlincə isə, bildirilir ki, I.Əliyev aprelin 5-də Ər-Riyadda bu ölkənin maliyyə naziri Ibrahim Əl Assafla görüşüb. Rəsmi məlumata görə, görüşdə iqtisadiyyat, infrastruktur və digər sahələrdə müxtəlif layihələrin həyata keçirilməsi üçün yaxşı imkanlar olduğu bildirilib. Sosial sahədə, irriqasiya, kənd təsərrüfatı və digər sahələrdə müxtəlif layihələrin həyata keçirilməsi müzakirə olunub.
Elə həmin gün Əliyev Səudiyyə Ərəbistanının neft və mineral resurslar naziri Əli Əl Nuaymla görüşüb. Dünya bazarında neft qiymətləri haqqında fikir mübadiləsi aparılıb. Səudiyyə Ərəbistanı şirkətlərinin Azərbaycanda həm kontraktor, həm də investor kimi fəaliyyəti üçün yaxşı imkanlar olduğu qeyd edilib.
Xüsusən, Səudiyyə tərəfinə Cənub Qaz Dəhlizi layihəsi haqqında məlumat verilib.

Səudiyyənin Irana qarşı planlarında Azərbaycanın rolu

Səfərlə bağlı Iran üzrə səudiyyəli araşdırmaçı Muhammed əl-Salyami “əl-Ərəbiyyə” kanalına maraqlı şərh verib. O bildirib ki, ər-Riyadın məqsədi Iranla həmsərhəd Mərkəzi Asiya respublikaları ilə iqtisadi, siyasi və mədəni əlaqələri möhkəmləndirmək yolu ilə Tehranı regiona dair siyasi mövqeyinə yenidən baxmağa məcbur etmək istəyir.
Səudiyyəli ekspertin fikirləri diqqət çəkir. Məsələ burasındadır ki, səfər həm Azərbaycan, həm də Səudiyyə Ərəbistanı üçün kritik geosiyasi proseslərin getdiyi, geniş Yaxın Şərq bölgəsində kimin söz sahibi olmasını müəyyənləşdirmək üçün mübarizənin kəskin xarakter aldığı bir vaxtda baş verir.



Fuad Qəhrəmanlı: “Səudiyyə Azərbaycanla ABŞ arasında vasitəçi ola bilməz”

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, I.Əliyevin Səudiyyə Ərəbistanına səfərinin daha çox iqtisadi tərəfi var. F.Qəhrəmanlının sözlərinə görə, bu səfər təkcə dövlətlərarası münasibətlərin inkişafına, iqtisadi əlaqələrin genişlənməsinə deyil, eyni zamanda qarşılıqlı, özəl iqtisadi maraqlar baxımından da mühüm rol oynayır: “Bundan əvvəl də Səudiyyə krallığının nümayəndəsi Azərbaycana səfər etmişdi. Görünür, artıq bu səfərin nəticəsi olaraq hər iki tərəf üçün hansısa ortaq biznes maraqları önəm daşıyır. Və bu istiqamətdə ən yüksək səviyyədə təşəbbüslərin göstərilməsi gündəmə gəlib”.
F.Qəhrəmanlının fikrincə, bu səfər siyasi baxımdan önəmli sayıla bilməz. Çünki Səudiyyə Ərəbistanının Amerika siyasətinə təsiri o dərəcədə deyil. Ona görə krallıq Azərbaycanla ABŞ arasında vasitəçilik edə bilməz: “Sədiyyənin ABŞ siyasətində rolu məhz Orta Şərqdə Vaşinqtonun bir çox maraqlarının icraçısı funksiyasını həyata keçirməsindədir. Əgər Azərbaycanla ABŞ arasında hər hansı vasitəçilikdən söhbət gedərsə, bu rola daha çox Türkiyə uyğun olardı”.
ABŞ-Azərbaycan münasibətlərində yaranan problemin kökünün iqtidarın vətəndaş cəmiyyətinə reallaşdırdığı hücumlar, repressiyalarla bağlı olduğunu deyən F.Qəhrəmanlı bildirdi ki, ABŞ-la Azərbaycan arasında dialoq imkanı hələ tam tükənməyib: “ABŞ-la Azərbaycan arasında dialoq imkanı əgər varsa, deməli, Azərbaycanın Amerika ilə münasibətləri yoluna qoymaq istəyini də Vaşinqtona çatdırmaq yolu mövcuddur. Bundan ötrü də şərtlər bəllidir. Dəfələrlə münasibətlərin normallaşması üçün Azərbaycanın hansı addımlar atmalı olduğu gündəmə gətirilib. Bunun üçün Azərbaycan insan hüquqları, demokratik proseslərlə bağlı müəyyən addımlar atmalıdır. Məhz bu addımların atılmaması münasibətlərdə soyuqlaşmanı doğurub”.



Nemət Əliyev: “Məqsəd investorların cəlb olunmasıdırsa, o zaman ölkədə əlverişli biznes mühiti yaratmalıdır”

Iqtisadçı Nemət Əliyev isə hesab edir ki, səfərin məqsədi ərəb investorlarının Azərbaycana cəlb edilməsidir. N.Əliyevin sözlərinə görə, əgər məqsəd budursa, ortaya sual çıxır, Azərbaycan yeni investorları ölkəsinə necə cəlb edəcək: “Bir zamanlar ərəb investorlar Tütün Kombinatına yatırım etmişdilər. Amma sonradan Azərbaycanda elə şərait yarandı ki, onlar ölkədən qaçmağa üstünlük verdilər. Yəqin ki, ərəb şeyxləri bunu unutmayıblar. Ona görə ərəb investorların Azərbaycana hansı adla dəvət olunacağı məndə sual doğurur. Digər tərəfdən nəzərə almaq lazımdır ki, pullu adamlar, biznesmenlər yatırım edəcəyi ölkənin makroiqtisadi göstəricilərini nəzərdən keçirirlər. Eyni zamanda beynəlxalq reytinq təşkilatlarının Azərbaycanda biznes mühitini qiymətləndirməsinə nəzər yetirəcəklər. Bir müddət bundan əvvəl isə Azərbaycanın reytinq göstəricisi neqativə enmişdi. Bu isə biznesmenlərin diqqətini cəlb edəcək”.
N.Əliyevin sözlərinə görə, neftin qiymətlərinin enməsinin fonunda Azərbaycanda biznes mühitinin pisləşməsi, korrupsiyanın geniş vüsət alması da diqqətdən kənarda deyil. “Haqsız rəqabət, inhisarçılıq Azərbaycana maraq göstərmək istəyən hər bir kəsin diqqətini cəlb edir. Ona görə əgər bu səfərlər ölkəyə investorların cəlb olunması məqsədilə həyata keçirilərsə, o zaman hökumət ölkədə əlverişli biznes mühiti yaratmalıdır”, deyə N.Əliyev vurğuladı.
Xəyal
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar