Gül bayramına hazırlıq başlayıb: Parka giriş qadağan edilib - FOTOLAR

7-04-2015, 17:13   
Gül bayramına hazırlıq başlayıb: Parka giriş qadağan edilib - FOTOLAR
Bakıda keçiriləcək ənənəvi Gül bayramı üçün xərclənəcək maliyyə vəsaitinin məbləği məlum deyil

Hazırda Bakıda mərhum prezident Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı Gül bayramına hazırlıq gedir. Gül bayramı ilə bağlı Heydər Əliyev Sarayının qarşısındakı yolun yarısı qapadılıb və nəqliyyatın hərəkətinə qadağa qoyulub.

Bakıda hər il keçirilən və artıq ənənəvi xarakter daşıyan Gül bayramına hazırlıqlar sürətli şəkildə davam edir. Bunu Heydər Əliyev Sarayının qarşısındakı parkı müşahidə edərkən də gördük. Artıq parkın dörd bir yanı lentlərlə qapadılıb və parka giriş qadağan edilib.

Lentlər parkın kənarındakı yolun da bir hissəsini qapadır. Sanki parkın dəmir hasarlarına belə, “toxunmaq olmaz” mesajı verirdilər. Parkın bütün girişləri bağlı idi. Bu səbəbdən də işçilərlə yalnız dəmir hasarın digər tərəfindən danışa bildik. Məlumat verməkdən birmənalı şəkildə imtina edən bu şəxslər nə kimliklərini, nə də neçə gün əvvəldən çalışdıqlarını demədilər.

Özünü işçilərin üzərindəki nəzarətçi kimi təqdim edən və adını açıqlamayan şəxs jurnalistlərə may ayının 1-nə kimi parkda çəkiliş aparmağın qadağan edildiyini bildirdi. O, hətta bu barədə bu gün səhər saatlarında rəhbərlikdən tapşırıq belə, aldığını söylədi.

Ona görə də, parka daxil ola bilmədik. Kənardan apardığımız müşahidələrə əsasən deyə bilərik ki, artıq Gül bayramı üçün lazım olan əşyalar parka yavaş-yavaş gətirilirdi. Güllərin düzüləcəyi xüsusi lövhələr, parkda olan işıq dirəkləri bayram üçün hazırlanırdı. Parkda yerləşən Heydər Əliyevin heykəlinin ətrafına xüsusi konstruksiyalar quraşdırılırdı.

Güllər hələlik gətirilməsə də, çiçəklərin formaya salınması üçün lazım olan taxta və dəmir konstruksiyaların quraşdırılmasına artıq başlanılıb. Hazırlıqların görülməsi üçün parkda və sarayın önündə xüsusi çadırlar da quraşdırılıb.

Heydər Əliyev Sarayının qarşısındakı yolun yarı hissəsi qapadıldığı üçün oraya yaxın ərazilərdə tıxaclar əmələ gəlir. Çünki Heydər Əliyev Sarayının önündəki yol Bülbül prospektidir və şəhərin ən əsas yollarından biridir.

Onu da qeyd edək ki, ötən illərdən fərqli olaraq, bu il təkcə Heydər Əliyev Sarayının qarşısındakı park deyil, həmçinin “Qış bulvarı” da bəzədiləcək. Bayramla bağlı Bakıya Hollandiya, İtaliya, Fransa, Almaniya və digər ölkələrdən müxtəlif növdə güllər gətiriləcək. Heydər Əliyev Sarayının qarşısındakı parkda yerli dizaynerlərlə yanaşı, xarici ölkələrdən gələn dizaynerlərin də çalışacağı deyilir.

Bütün bunlar üçün xərclənəcək pulların miqdarı isə məlum deyil. Dəqiq olan budur ki, məbləğ minimum 6 rəqəmdən ibarət olacaq.

Məhəmməd TÜRKMƏN,
Fotolar müəllifindir.













Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar