Mehman Əliyev: «Ərəb investisiyası gəldikdən sonra onun ardınca Azərbaycanda bu dövlətin maraqları da ortaya çıxacaq»
«Azərbaycan hakimiyyəti daha çox özünə bənzər rejimlərdən dəstək almağa çalışır, çünki onlar demokratiya tələb etmir»
Azərbaycanın dövlət başçısı Ilham Əliyevin Səudiyyə Ərəbistanına səfərinin sırf iqtisadi maraqlara xidmət etdiyi səfər zamanı səslənən bəyanatlardan hiss olunur. Dövlət başçısı açıq tekstlə ərəb investorlarını Azərbaycana sərmaye qoymağa dəvət edir.
Amma onu da qeyd etmək yerinə düşər ki, ərəb kapitalı ilə yanaşı ölkəmizə bu dövlətin rəhbər tutduğu sələfi təriqətinin də daha intensiv şəkildə ixrac ediləcəyi gözlənilir. Çünki uzun müddətdir Azərbaycanda fəaliyyət göstərən bu təriqətin təmsilçiləri maliyyə baxımından da dayanıqlıdırlar. Ölkədəki bəzi biznes sahələri məhz bu təriqət təmsilçilərinin nəzarəti altındadır.
Xarici kapitalın axını ilə həmin ölkəyə bu dövlətə məxsus dini cəryanların da gəldiyi Azərbaycan təcrübəsində də öz təsdiqi tapıb. Buna misal olaraq türk kapitalını göstərmək olar. Türk kapitalının Azərbaycana gəlişi bir müddət sonra ölkəmizdə Gülən tərəfdarlarının peyda olması ilə nəticələndi. Türkiyədə baş verən proseslər zamanı isə məlum oldu ki, Gülənin Azərbaycanda da iqtisadi dayaqları mövcuddur.
Belə olan təqdirdə Azərbaycan üçün milli təhlükəsizlik sahəsində ciddi təhdidlər yaranır. Nəticədə ərəb kapitalının gəlişi ölkəmizdəki bəzi dini təriqətlərin mövqelərini möhkəmləndirə bilər. Bu isə təriqətlərin meydan sulaması ucbatından ciddi çətinliklər yaşayan Azərbaycan üçün yaxşı heç nə vəd etmir.
“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev bildirdi ki, ərəb investorlarına dəvət bir zamanlar Heydər Əliyevin hakimiyyəti illərində də səslənmişdi. Həmin dövrdə bir sıra ərəb fondlarının Azərbaycanda fəaliyyətə başladığını deyən M.Əliyev vurğuladı ki, problemlər yaranandan sonra həmin fondlar Azərbaycandan uzaqlaşdırıldılar: “Ona görə də xarici kapitalın, elə ərəblərin özlərinin ölkəmizdə problem yaratmasıyla bağlı presedent mövcuddur. 1994-cü ildə Heydər Əliyev Səudiyyə Ərəbistanında səfərdə olarkən o da ərəb investorlarını ölkəmizə dəvət etmişdi. Hətta o, belə söyləmişdi ki, ”mənim yanıma gəlin və mənimlə işləyin". O zaman bu dəvət qəbul olundu. Ərəblər qaçqın düşərgələrini himayəyə götürdülər. Üstündən iyirmi il keçəndən sonra biz ərəb fondlarının yetişdirdiyi insanların cəmiyyətdə çoxaldığını gördük".
M.Əliyevin sözlərinə görə, ərəb kapitalı ilə yanaşı bu ölkədəki təriqətlərin də Azərbaycana gəlmə təhlükəsi, başağrısı var: “Ilham Əliyevin ərəb investorlarına etdiyi dəvət ikinci dalğadır. Hazırda Azərbaycanda artıq qaçqın düşərgələri yoxdur, əvəzində bütün ölkə qaçqın durumundadır. Amma onu da nəzərə almaq lazımdır ki, xarici investisiya gəldikdən sonra onun ardınca bu dövlətin maraqları da ortaya çıxır. Azərbaycan hakimiyyətinin daha çox Şərq ölkələrinə tərəf istiqamət tutması təsadüfi deyil. Çünki ölkədə vəsait çatışmır, neftin qiymətinin düşməsi iqtisadiyyata böyük ziyan vurdu. Ölkənin daxili resursları isə kifayət qədər azdır”.
M.Əliyevin fikrincə, hakimiyyətin investisiya yatırılması üçün məhz Şərq ölkələrini seçməsi, bunun heç bir öhdəlik vəd etməməsiylə bağlıdır: “Şərq ölkələri Azərbaycandan demokratiya tələb etməyəcək. Qərb kapitalının isə ardınca demokratiya tələbləri gəlir. Azərbaycan hakimiyyəti ona görə daha çox özünə bənzər rejimlərdən dəstək almağa çalışır”.
Xəyal