Azərbaycan naziri media rəhbərləri ilə görüşdü - MARAQLI AÇIQLAMALAR, FOTOLAR

8-04-2015, 15:33   
Azərbaycan naziri media rəhbərləri ilə görüşdü - MARAQLI AÇIQLAMALAR, FOTOLAR
Aprelin 8-də Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi ilə ölkəmizdə fəaliyyət göstərən informasiya agentliklərinin, qəzetlərin baş redaktorlarının və nüfuzlu jurnalist təşkilatlarının rəhbərlərinin birgə toplantısı keçirilib.

Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib.

Musavat.com xəbər verir ki, Xalça Muzeyində təşkil olunan toplantının gündəliyində sözügedən nazirlikdə aparılan islahatlar, yeni şöbələrin yaradılması, III Dünya Mədəniyyət Forumuna, Avropa Oyunlarına hazırlıqlar və mətbuat orqanları ilə əməkdaşlığın genişləndirilməsi yollarına dair müzakirələr aparılıb.

Görüşdə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Ədalət" qəzetinin baş redaktoru İradə Tuncay, “APA Holding”in rəhbəri Vüsalə Mahirqızı, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və medianın digər təmsilçiləri iştirak ediblər.

Mətbuat Şurasınn sədri Əflatun Amaşov giriş sözü ilə çıxış edərkən deyib ki, bu cür görüşlərin əhəmiyyəti böyükdür: "Bu cür görüşlər jurnalist-məmur münasibətlərinin daha da sıxlaşmasına, əlaqələrin intensivləşməsinə şərait yaradır. Dövlət təmsilçiləri ilə medianın açıq dialoqu müsbət haldır. Lazımi mövzuları müzakirə edərək, daha yaxşı yerlərə gələ bilərik. Bu gün burada olan media rəhbərlərinin hər biri, mətbuat üçün önəmli şəxslərdir. Ona görə də, bu görüşdən müsbət nəticələr çıxacağına əminəm".

Əflatun Amaşov I Avropa Oyunlarına hazırlıqlarla bağlı da danışıb: "Azərbaycanın idman jurnalistləri I Avropa Olimpiya Oyunlarında 20 idman növünün hamısından yaza biləcək qədər ixtisaslı deyillər. Jurnalistlərimiz ancaq öz ölkəmizdə olan idman növlərindən yaza bilirlər. Ona görə də, biz bəzi təşkilatlardan kömək istəməliyik".

Görüşdə nazir Əbülfəs Qarayev qonaqları salamlayıb və III Ümumdünya Dialoq Forumuna hazırlıq, forumun mediada işıqlandırılması ilə bağlı prioritet tövsiyələr, I Avropa Oyunları ilə əlaqədar nazirliyin vəzifələri, turizm müəssisələrində hazırlığın səviyyəsi barədə məlumat xarakterli çıxış edib.

Nazir bildirib ki, son aylar ərzində Mədəniyyət və Turizm Nazirliyi daxilində aparılan struktur dəyişiklikləri ictimaiyyət nümayəndələri və kütləvi informasiya vasitələri ilə işin daha səmərəli qurulmasına, yeni dövrün tələblərinə cavab verən layihələrin reallaşmasına xidmət edir.

Ə.Qarayev öz çıxışında maraqlı bir nüansa da diqqət çəkib: "Mən bir məqama xüsusi ilə toxunmaq istəyirəm. Uzun illərdir ki, mən nazir kimi çalışıram. Bu illər ərzində haqqımda tənqidlər də yazılıb, təriflər də... Səhvlərimiz də ola bilər. Bu, normaldır. Buna görə də, mən tənqidlərdən nəticə də çıxarıram. Mən tənqiddən qorxmuram. Əsas odur ki, yazılanlar həqiqət olsun. Əgər nazirlik haqqında yazılan məqalə həqiqəti əks etdirirsə, mən dərhal həmin qəzetin üstündə dərkənar yazıram. Tapşırıqlarımı verirəm ki, yazıya reaksiya, cavab verilsin. Çünki düşünürəm ki, bu, ictimai rəyi formalaşdırır. Sözsüz ki, böhtan xarakterli yazılar da olur. Onlara dərkənar yazmaq fikrində deyiləm. Amma bir məsələ var. Bəzən olur ki, müxtəlif qurumları tənqid edirlər. Ancaq elə məqamlar var ki, orada məmurun, sistemin, dövlətin tənqid edilməsi ümummilli prinsipləri və məqsədləri üstələməyə başlayır. Belə məsələlərə bir az həssas yanaşmaq lazımdır".

Nazirin çıxışından sonra media rəhbərləri qarşıdan gələn I Avropa Oyunları, mədəniyyət və turizm sahəsindən yazan jurnalistlərə treninqlərin keçirilməsi, müxtəlif mədəniyyət müəssisələrinə jurnalistlərin sərbəst girişinin təmin edilməsi və sair məsələlərlə bağlı öz təkliflərini və suallarını veriblər. Nazir də öz növbəsində həmin sualları cavablandırıb və təklifləri dəyərləndirib.

Məhəmməd TÜRKMƏN,
Fotolar müəllifindir



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar