Rusiya xofu Şərqi Avropanı bürüyüb, Lex Valensa da döyüşə hazırlaşır...

8-04-2015, 19:44   
Rusiya xofu Şərqi Avropanı bürüyüb, Lex Valensa da döyüşə hazırlaşır...
Rusiyanın Ukraynadan sonra Baltikyanı respublikalara, hətta Polşaya qarşı hibrid müharibə taktikasının əsas elementlərindən birini-informasiya hücumunu işə salması bu ölkələrdə ciddi xof və panika yaradıb.

Virtualaz.org saytı xarici nəşrlərə istinadən xəbər verir ki, Baltik ölkələrində əhali NATO-nun onları Rusiyadan qorya bilməyəcəyindən getdikcə daha çox narahat olur. Hətta Latviyada belə fikirlər eşidilir ki, Rusiya bu ölkəni nə qədər tez işğal etsə, o qədər yaxşıdır, ən azından əhalinin canı bu xofdan qurtarardı.

Latviyanın beynəlxalq araşdırmalar Mərkəzinin direktoru Qundo Reyre yerli mediaya müsahibəsində deyib ki, hazırda ölkədə Rusiyanın hibrid müharibə taktikasının bir çox komponentləri işə salınıb. Onun dediyinə görə, siyasi komponent açıq-aydın görünür və kifayət qədər böyükdür.

Litva Seymində və Riqa bələdiyyəsinin rəhbərliyində birbaşa Kremlə bağlı partiyalar geniş təmsil olunub. Həmçinin vətəndaş cəmiyyəti sektorunda Rusiyadan maliyyələşən xeyli təşkilatlar var.



Etnik rusların yaşadığı Latqaliya bölgəsinin yerli özünüidarə orqanlarının Rusiya kəşfiyyatı ilə işlədiyi üzə çıxıb. İkincisi informasiya müharibəsidir. Latviyanın informasiya məkanında bunun təsiri açıq görünür. Nəhayət, Latviyanın Rusiya ilə sıx iqtisadi əlaqələri mövcuddur, ondan enerji asılılığı var və hazırda hərbi xarakterli olmayan müxtəlif növ fəaliyyətlər gələcəkdə hərbi gücdən istifadəyə gətirib çıxara bilər.

Ekspertin sözlərinə görə, Baltik ölkələrində Rusiya təhlükəsinə dair çaşqınlıq hökm sürür. Məsələn, Estoniya prezidenti deyir ki, Ukrayna hadisələrinin bu ölkədə təkrarlanması mümkün deyil.

Litva prezidenti Rusiya təhlükəsinə qarşı hərbi səfərbərlik elan edir, bildirir ki, NATO köməyə gələnə qədər ən azı üç gün dözmək lazım gələcək.

Latviya prezidenti isə ölkə üçün hərbi təhdidin olmadığını deyir. Beləliklə, mövqelər ziddiyyətlidir və insanlar nə baş verdiyini dərk edib məsələyə necə yanaşmağı bilmirlər. İctimai rəyi çaşdırmaq isə hibrid müharibənin ən mühüm hücum elementlərindən biridir.

Polşada da analoji vəziyyət hökm sürür. Bu ölkədə siyasətçilər, sadə insanlar, ekspertlər Rusiyadan qaynaqlanan hərbi təhlükəni tamamilə real hesab edirlər, hətta müharibəyə hazırlaşırlar. Polşa Rusiya ilə sərhəddə 15 mərtəbəli bina hündürlüyündə müşahidə qülləsi quraşdırıb.

Almaniyanın “Ştern” jurnalının yazdığına görə, ölkədə hərbiləşdirilmiş mülki müdafiə dəstələri ruslara qarşı döyüşmək üçün intensiv təlimlər keçir.

Könüllülərdən ibarət bu dəstələr hər gün səhər saat 5-də təlimə başlayır, Polşa meşələrinə endirilən “rus desantına” qarşı döyüş taktikası öyrənir.

Gənclərin hərbiləşdirilmiş təşkilatı olan “Atıcı”nın sıralarında 10 mindən çox döyüşçü toplaşıb. Onlar Polşanın müxtəlif yerlərində hərbi hazırlıq keçir. “Atıcı” dəstəsinin başçısı istefada olan general Boquslav Patsekdir.

Polşanın Müdafiə Nazirliyi onunla sıx təmasadır, general bütün ölkəni dolaşır, gəncləri toplayır və onlara təlim keçilməsini təşkil edir.



“Mən heyrətə gəlmişəm ki, bizim gənclər ölkəni qorumağa necə motivasiya olunublar. Məhz gənclər. Başqa ölkələrdə yəqin ki, gənclərə üzərlərinə bu cür ağır yük götürməsi üçün pul ödəmək lazım gələrdi” - general deyir.

Rusiya təhlükəsi polşalıları o qədər qorxudub ki, ölkədə hər iki adamdan biri ruslara qarşı döyüşməyə hazırdır. Polşada 120-dən çox könüllü hərbi dəstələr var və onların sırasında 80 mindən çox könüllü toplaşıb. Polşanın nizami ordusunda isə 100 minə yaxın əsgər var.

Rusiya təhlükəsindən narahat olan ABŞ Polşya təlimlərdə iştirak adı altında 3 min hərbçi göndərib. Varşavada Polşa Milli Təhlükəsizlik Şurası son vaxtlar daha tez-tez toplanır, gecə yarıya qədər toplantı zalında işıqlar sönmür.

Hətta Polşanın eks-prezidenti, əfsanəvi Lex Valensa da əlinə silah alıb ruslara qarşı döyüşməyə hazırdır.

L.Valensa Ukrayna mətbuatına müsahibəsində deyib ki, Qərb Rusiyaya qətiyyətini nümayiş etdirmək üçün Polşaya nüvə raketləri yerləşdirməlidir.

Lex Valensa

“Putini qorxutmaq üçün nüvə raketlərinə qədər hər cür güclü silahlar gətirilməlidir. O, bizi “Qrad”larla qorxudur, biz də onu daha güclü, mükəmməl silahlarla qorxutmalıyıq.

Mən deyirəm: əgər rus əsgərinin çəkməsi Polşa torpağına dəysə,- baxmayaraq ki, Nobel mükafatım var,- əlimə silah alıb atəş açacağam. Əgər düşmən hücum edirsə, başqa yol yoxdur” -deyə Valensa bildirib.

F.Məmmədov

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar